Elşad Abdullayevin qayınatası məhkəmədə dindirildi

Hüseyn Əhmədov: “Elşad bununla bağlı mənə vaxtında məlumat vermiş olsaydı tədbir görərdim”

Bakı Ağır Cinayətlər Məhkəməsində fəaliyyəti dayandırılan Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayevə qarşı dələduzluqda təqsirləndirilən iş adamı Arzu Kazımovun məhkəməsi dünən davam etdirilib. Arzu Kazımov Elşad Abdulayyevin 2003-cü ildə itkin düşmüş qardaşı Mahir Abdullayevin tapılmasına yardımçı olmaq adı ilə sabiq rektordan külli miqdarda pul almaqda təqsirləndirilir. Elşad Abdullayevin iddiasına görə, bu məbləğ 3 milyon dollardır. İş materiallarında isə məbləğ 1 milyon 500 min dollar göstərilib.
Hakim Əlövsət Abbasovun sədrlik etdiyi məhkəmə prosesində dünən şahid Hüseyn Səfərovun nümayəndəsi Nazim İsmayılov dindirilib. O bildirib ki, Hüseyn Səfərov ailə məsələlərilə bağlı məhkəmə iclasında iştirak etmir. Nümayəndə şahidin məhkəməyə göndərdiyi arayışı elan edib. Şahid arayışında qeyd edib ki, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiqləyir: “Arzu Kazımov bacım oğludur. Elşad Abdullayevlə Arzu Kazımovun əlaqəsi olub. Amma Elşad Abdullayev Arzu Kazımovu şantaj edir”.
Daha sonra arayışda qeyd olunur ki, Elşad Abdullayev itkin düşən qardaşı Mahir Abdullayevlə maraqlanmayıb: “Elşad Abdullayev yaxşı oyunçudur. Bu gün də yaxşı oynaya bilir. Elşad Abdullayev belə oyunları ilə öz cinayət əməllərini ört-basdır etməyə çalışıb və bunu da bacarıb. Elşad Abdullayevin oyunlarının tələsinə də hüquq-mühafizə orqanları düşüb”.
Arayış elan olunduqdan sonra hakim tərəflərin mövqeyini öyrənib. Tərəflər şahidin məhkəməyə gəlməməsinə etiraz etməyiblər.
Elşad Abdullayevin qayınatası, akademik Hüseyn Əhmədov da dünən şahid qismində ifadə verib. Bildirib ki, Arzu Kazımovu tanımır və onunla əlaqəsi olmayıb: “Arzu Kazımovla Elşad Abdullayevin arasında torpaq sövdələşməsi olub. Həmin torpağı da Elşad Abdullayev mənim adıma rəsmiləşdirib. Arzu Kazımovu heç vaxt görməmişəm”.
Şahid qeyd edib ki, oğurlanan Mahir Abdullayevin qaytarılması üçün Elşad Abdullayevə köməklik edib: “Mahirin geri qaytarılması üçün Elşad Abdullayevə 500 min dollar vermişəm. Həmin pulun da Arzu Kazımova aidiyyəti yoxdur”.
Hüseyn Əhmədov əlavə edib ki, sonradan Arzu Kazımov həmin torpağı Elşad Abdullayevdən aldığı pul müqabilində girov qoyub: “Bunu mən vaxtında bilməmişəm, Elşad Abdullayev də bununla bağlı mənə heç bir söz deməyib. Bütün bunları Elşad Abdullayev video yayandan sonra bilmişəm. Mahirin geri qaytarılması üçün Elşad Abdullayev pul verdiyini də mənə vaxtında deməyib. Buna görə də təəssüflənirəm. Çünki Elşad bu barədə mənə vaxtında məlumat versəydi, tədbir görərdim, ona məsləhətlər verərdim”.
Dünənki məhkəmə iclasında Elşad Abdullayevin sürücüsü olmuş Şamil Hüseynov da ifadə verib. Onun sözlərinə görə, Arzu Kazımovla Elşad Abdullayev bir-birinin iş yerlərində dəfələrlə görüşüblər. Onların görüşləri Mahir Abdullayevin geri qaytarılmasıyla bağlı olub. Elşad Abdullayevin oğurlanan qardaşının qaytarılması üçün Arzu Kazımova pul verdiyini mətbuatdan oxuduğunu deyən şahid bildirib ki, onların görüşlərində iştirak etməyib. Şahid həmçinin Elşad Abdullayevin Arzu Kazımova 1 milyon manatı 30 faizlə borc verməsindən də xəbərsiz olduğunu deyib. Onun sözlərinə görə, Elşad Abdullayevlə Arzu Kazımovun görüşlərində daxili işlər nazirinin sabiq müavini Zahid Dünyamalıyev iştirak etməyib: “Mənim Zahid Dünyamalıyevin bu görüşlərdə iştirakından  xəbərim olmayıb. Əgər görüşsəydilər, bilərdim. Çünki Zahid Dünyamalıyev vəzifəli şəxs olub, onun da xidməti maşını olub. Həmin maşını görüş yerləri olan ünvanlarda görmüş olardım”.
Şamil Hüseynov bildirib ki, Daxili İşlər Nazirliyinin Bilgəh qəsəbəsində yerləşən sanatoriyasında Elşad Abdullayev və Zahid Dünyamalıyevin görüşdükləri barədə də onda hər hansı məlumat yoxdur.
Ağalar Əliyev və İsa Cəfərov da şahid qismində ifadə verəndən sonra məhkəmə prosesi avqustun 7-nə kimi təxirə salınıb.