Onlar Prezident Administrasiyası qarşısında aksiya keçirdi
Paytaxtın Xətai rayonu, Ərzurum qəsəbəsində plana düşən evlərin söküntüsü davam edir. Ötən gün səhər saatlarında Xətai rayon Icra Hakimiyyətinin nümayəndələri əvvəlcədən müəyyənləşdirdikləri 20 evin söküntüsünə başladı.
Buna görə də sakinlər yaşadıqları ünvana yaxın magistral yolu bağlamağa cəhd etdilər. Ancaq rayon Polis Idarəsinin əməkdaşları vəziyyətə müdaxilə edərək, onlara qəsəbəyə dönmələri barədə xəbərdarlıq etdi.
Zərəçəkənlər yolu bağlaya bilməsələr də, Prezident Administrasiyasına (PA) yürüş etdilər. Təxminən 100-ə yaxın qəsəbə sakini bir neçə avtobusla metronun “Içərişhər” stansiyası qarşısına getdi. Daha sonra vətəndaşlar əllərində şüarlar yazılmış plakatlarla PA-ya doğru yürüş etməyə başladılar. Səbail polisi sakinlərin aksiyasından xəbərdar olduğundan Xətai sakinlərinin qarşısı bir neçə dəfə kəsildi, plakatlar onlardan alındı. Ancaq buna baxmayaraq, vətəndaşlar PA-nın qarşısındakı parka toplaşa bildilər. Burda da polis aksiya iştirakçılarına müdaxilə etdi, onları bağdan uzaqlaşdırmaq istəyirdilər, di gəl cəhdlər səmərə vermirdi.
Sakinlərin tələbləri PA-nın məsul şəxslərindən kiminsə qəbuluna düşmək idi. Sonda bu istəklərinə də nail oldular. Onlardan birini PA-nın Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov qəbul etdi. Görüşdən çıxan “Qara şəhər” sakini administrasiyada onlara sadəcə vəd verildiyini söylədi.
“Xətai Rayon Icra Hakimiyyəti başçısının bizi aldatdığını, dövlət tərəfindən ayrılan kompensasiyanın yarısını mənimsədiklərini Fuad Ələsgərova çatdırdım. Şöbə müdiri lazımı tədbirlərin görüləcəyini deyərək quru vəd verdi”.
Onlar ötən gün üç fərqli yerdə – Xətai rayonu, Bakı şəhəri icra hakimiyyətlərinin və PA-nın binaları qarşısında oturaq aksiya keçirəcəklərini söylədilər. Qeyd edək ki, sahəsi 221 hektar olan “Ağ şəhər” layihəsi üzrə yaşayış, iş, istirahət və əyləncə üçün ən yaxşı şərait təqdim edəcək şəhər tipli 10 universal kvartalın yaradılması nəzərdə tutulub. Bakının müasir mərkəzi həm də şəhər nəqliyyatının yeni şəbəkəsinin yaradılması sayəsində universal olacaq. Belə ki, “Ağ şəhər”in mərkəzi meydanına çıxışı olan metro stansiyasının inşa olunması, avtobus nəqliyyatı şəbəkəsinin inkişaf etdirilməsi nəzərdə tutulub. Bütün sahil boyu tramvay xəttinin çəkilməsi də planlaşdırılır. Həmçinin su nəqliyyatından istifadə edilməsi üçün bulvar xətti boyu dəniz yolunun salınması da nəzərdə tutulub.
Artıq “Ağ şəhər” layihəsinin infrastruktur kommunikasiyalarının işçi layihələri işlənib hazırlanıb. O planlar layihənin həyata keçirilməsi prosesinə cəlb edilmiş “Azəryolservis”, “Azərenerji”, “Azəriqaz”, “Aztelekom” və bu kimi müvafiq dövlət təşkilatları ilə razılaşdırılıb. Layihə üzərində işləmək üçün azərbaycanlı mütəxəssislərlə yanaşı, mühəndis dizaynı sahəsində ixtisaslaşan “Atkins” (Böyük Britaniya), “Foster+Rartners” və “F+A Architects” kimi məşhur memarlıq şirkətləri də prosesə cəlb edilib.
Sökülən evlərə görə kompensasiya hər kvadrat metr üçün 1000, kənar tikililər üçün isə hər kvadrat metrinə görə isə 750 manat veriləcəyi deyilib. Sakinlər isə bu pulla razı deyillər. Onlar bazar qiymətlərinə uyğun kompensasiya tələb edirlər. Dediklərinə görə, verilən pulla şəhərdə mənzil ala bilməzlər.
DEKO


