Samir Əliyev: «Faizlərin çox olmasının səbəbi ölkə iqtisadiyyatında risklərin həddən artıq yüksək olmasıdır»
İlham Hüseynli: «Neft Fondunda müxtəlif valyutalarda saxlanan və cüzi gəlir gətirən vəsaitlər kredit şəklində vətəndaşlara verilməlidir»
Azərbaycan banklarında kredit faizlərinin dərəcələrinin yüksək olması hər zaman müzakirə predmeti olub. Ancaq yüksək faizlə kredit verən banklar əmanətləri xeyli aşağı faizlə qəbul edir. Bu fərq ən azı iki dəfədir. Əgər bankdan kredit almaq istəyən şəxs illik 20, 30, bəzən 35 faiz ödəməli olursa, banka əmanət yerləşdirənlərin illik gəliri 10-15 faizdən artıq olmur.
Ekspertlər fərqin bu qədər çox olmasını normal saymır. Lakin vəziyyətin bu həddə çatmasında ölkədəki iqtisadi durumun da rolu az deyil.
Iqtisadçı-ekspert Samir Əliyev bankların kredit faizlərinə əmanətlərin faizlərinin təsir göstərdiyini deyir. Bu da onunla bağlıdır ki, bankların kredit portfelinin təxminən yarısı əmanətlərin hesabına formalaşır. Banklar əmanətləri insanlardan alır, onu kredit şəklində verir. Xüsusilə kiçik banklarda bu göstərici kifayət qədər yüksəkdir. Bu baxımdan kiçik banklar əmanətlərdən çox asılıdır. Ona görə də bu yaxınlarda əmanətlərin sığortalanması faizi 12 faizdən 10 faizə salındı. Bu da kreditlərin faiz dərəsinə təsir göstərəcək.
Ekspert kreditlərlə əmanətlərin faiz dərəcələrindəki fərqi bankların xərclərinin həddən artıq çox olması ilə də izah edir. Banklar daha çox istehlak kreditlərinə üstünlük verir. Faizlərin yüksək olmasının səbəbi isə ölkə iqtisadiyyatında risklərin həddən artıq yüksək olmasıdır. Bankdan kredit alan sahibkarın biznesdə uğur qazanması ehtimalı çox aşağıdır. Buna səbəb mülkiyyət hüququnun qorunmaması, müstəqil məhkəmə sistemininin olmamasıdır. Banklar sahibkarlara böyük həcmdə kredit verib həmin vəsaiti itirməkdən qorxur. Ona görə də biznes kreditindən çox istehlak kreditlərinə üstünlük verilir. Çünki bu halda kreditlərin 95 faizinin qaytarılma ehtimalı yüksəkdir. Qaytarılmayan kreditlərin yeri isə qaytarılan kreditlərin yüksək faizləri hesabına doldurulur. Bu da kreditlərinin faizlərinin yüksəlməsinə gətirib çıxarır.
Ekspert istehlak kreditlərinin xərclərinin də çox olduğunu deyir. Bu səbəbdən də yüksək faizlə kredit verib kiçik faizlə əmanət qəbul edən bankların qazancı da o qədər də çox olmur.

Iqtisadçı-ekspert Ilham Hüseynli Azərbaycanda bankların kreditlərinin faiz dərəcəsinin kifayət qədər yüksək olmasını normal saymır. Çünki inkişaf etmiş ölkələrdə bu göstərici 5-6 faiz olduğu halda Azərbaycanda 30-35 faizidr. Bu da vətəndaşlara problemlər yaradır.
Ekspert çıxış yolu kimi Neft Fondunda müxtəlif valyutalarda saxlanan və cüzi gəlir gətirən vəsaitlərin kredit şəklində vətəndaşlar verilməsində görür.
Fizzə


