Ölkədəki proseslər xalqı vətəndaş müharibəsinə doğru aparır
Bu işdə korrupsionerin, avtoritar rejimin də rolu az deyil
Rusiyada vətəndaş müharibəsi üçün şərait yaranmaqdadır. Bir çox rusiyalı ekspertlər məhz bu fikirdədir. Onlar ölkədə korrupsiyalaşmış rejimin, kasıb əhalinin olduğunu, müxalifətin isə alternativ inkişaf layihəsinin olmadığını əsas gətirərək bu qənaətə gəlib. “Svobodnaya pressa” nəşrinin şərhində hətta Suriyada baş verən olayların təkrarlanması da istisna edilmir.
Çünki Rusiyada hazırkı durum inqilabdan əvvəlki Suriyaya çox bənzəyir. Uzun müddətdir hakimiyyətdə eyni adamdır. O, milli rifahın yüksəlməsindən danışır, gələcəkdə xoş həyat vəd edir, göydələnlər və stadionlar tikir. Ancaq əhalinin böyük hissəsinin durumu ürəkaçan deyil, gənclər perspektiv görmür. Siyasi səhnə “təmizlənib” və hamı anlayır ki, seçkilərlə situasiyanı dəyişmək mümkün olmayacaq.
Misirdə, Liviyada, Suriyada inqilab belə başlayıb. Çoxminli etirazçıları hakimiyyət görməməyə çalışırdı. Hakimiyyətinin son günlərində hazırda məhkəməsi davam edən Hüsnü Mübarək digər dövlətlərin ölkəsinə qarşı plan cızdığını deyirdi, mitinqlərin dağıdılmasında xüsusi fərqlənən polislərə mənzil paylayırdı. Etirazçıların sayı isə getdikcə artırdı. Bir qayda olaraq etirazlarda öndə gedən lider yox idi. Heç ölkənin dəyişdirilməsi üçün aydın plan da mövcud deyildi. Yalnız bir şüar vardı: “Rədd olsun diktator!”. Hökumət kabinetlərində isə bunu kiçik insident sayıb əhəmiyyət vermirdilər. Tripoli və Dəməşqdə heç nə olmamış kimi dəbdəbəli ticarət mərkəzləri işləyir, insanlar kinoteatrlar və kafelərdə dincəlirdi.
Kimsə deyə bilər ki, Rusiya Yaxın Şərq deyil. Şübhəsiz ki, fərqlər çoxdur. Ancaq təsadüfi liderləri ilə “Bolotnı” meydanı da Rusiyanın “Təhrir”inə çevrildi. Rusiyada da 2012-ci ilin mayın 6-də “Bolotnı” meydanında dayanmış OMON əməkdaşlarına mənzil hədiyyə edildi.
Ancaq ən əsası odur ki, ölkədə öz həyatından və hüquq mühafizə orqanlarından narazıların sayı artır. Şimali Qafqazda sosial qeyri-bərabərlik yüksəkdir, hakimiyyət faktiki olaraq klanlara məxsusdur. Yerli hakimiyyətin sərt reaksiyasına görə faktiki olaraq etiraz aksiyaları keçirilmir, əvəzində seçkilərdə “hakimiyyət partiyası”nın nümayəndələri fenomenal dəstək aldı. Özünün anladığı ədalətə görə döyüşməyə gedən gənclərin sayı da az deyil.
Nəyə görəsə ölkənin mərkəzində bir çoxları Şimali Qafqazdakı situasiyanı görməməyə çalışır. Ölkə Kazanda universiada keçirir, Soçidə Olimpiadaya hazırlaşır. Bu arada isə aşkar mənbələrdən verilən məlumata görə, təkcə ötən il Şimali Qafqazda 700 nəfər öldürülüb, 525 nəfər yaralanıb. Öldürülənlərdən 404 nəfəri gizli terror təşkilatlarının üzvü, 87-i isə dinc əhalidir.
Yeri gəlmişkən, Şimali Qafqazdakı terrorçuların ideologiyası Liviyada, Suriyada döyüşən yaraqlıların ideologiyasına çox oxşayır. FTX-nin məlumatına görə, hazırda 200-dən artıq Rusiya vətəndaşı, özü də bunlar təkcə Şimali Qafqazdan deyil, onların arasında Tatarıstan və Başkiriyadan olanlar da var, Suriyada müxalifət qüvvələrinin tərəfində döyüşür. Heç kim bilmir ki, onlar döyüş təcrübəsi ilə vətənə qaydandan sonra nə edəcək.
Ölkədə dəyişikliklərlər üçün perspektiv görməyənlərin sayı olduqca çoxdur. Daim yeni, hələ ki, dinc konfliktlər baş qaldırır.
Suriyada məhz sosial problemlərin həllini tapmaması və iki ildən artıq müddətdir müxalifətlə dialoqun olmaması indiki situasiyaya gətirib çızarıb. Yaraqlılar qalib gələ bilsə də, münaqişədən dərhal sonra normal həyatın bərpa olunması vaxt aparacaq. Heç kimin şübhəsi yoxdur ki, Rusiya əhalisi də vətəndaş müharibəsi şəraitində yaşamaq istəməz. O cümlədən Şimali Qafqazda “xəlifət” ideyası o qədər də cəlbedici deyil. Çünki yaşamaq nə qədər çətin olsa da, bu, ölüb-öldürməkdən yaxşıdır. Keçmiş yaraqlılar da normal həyata qayıtmaq arzusundadır.
Ancaq korrupsiyanın yüksək olması ciddi problemlər yaratmaqdadır. Doğrudur, Rusiyanın digər yerlərində də korrupsiyanın səviyyəsi yüksəkdir. Sadəcə böyük şəhərlərdə insanlar daha dözümlüdür. Kiçik şəhər isə partlayışa hazırdır.
Fizzə


