aslanismayilov-enyeni

Bizim bəlamız

“Sumqayıt – SSRI-nin süqutunun başlanğıcı” kitabını oxuyanlar bilirlər ki, həmin kitabda Azərbaycan SSR-in sonra isə Respublikasının rəhbərliyində 1987-1993-cü illər təmsil olunanları o dövrlərdə baş verənlər barədə memuar yazmadıqlarına görə ittiham etmişdim. Əsaslandırmam da onunla bağlı idi ki, həmin şəxslər vəzifədə olarkən yaşadıqları Vətəni düşünməklə deyil, tutacaqları vəzifə üçün çarpışmaqla, intriqabazlıqla məşğul olduqlarından gələcək nəslə deyəcəkləri sözləri yoxdur. Həmin dövrdə Ermənistan və digər respublikalara başçılıq edənlər qalaq-qalaq xatirələr yazmışdılar. Bu gün onların balaları, nəvələri həmin xatirələrdən Vətənləri üçün bolluca istifadə edirlər. Adı çəkilən kitabla bağlı arxiv araşdırmalarımda bir daha bunun şahidi olmuşdum. Bu gün də o fikirdəyəm. Xüsusilə, bu günlərdə üzünü heç vaxt görmədiyim, ancaq geniş yayılmış ictimai fikrə görə içimdə az qala nifrət etdiyim, o dövr rəhbər vəzifələr tutmuş keçmiş Azərbaycan DTK-sının rəhbəri Vaqif Hüseynovun rus dilində nəşr edilmiş “Bir ömürdən daha artıq” 2 cildlik kitabını oxuduqdan sonra bu tip xatirələrin nə qədər gərəkli olduğuna bir daha əmin oldum.

Kitab məhz mənim ehtiyac duyduğum şəkildə yazılıb. Kitabı oxuduqca o dövrü yaşamış insanlar, xüsusən 1988-1993-cü illər Vətənimizə faciələr gətirmiş hadisələri göz önündə canlandırmaya bilməzlər. Azərbaycana gəldiyim 3 aprel 1989-cu ildən Respublika Prokurorluğunda işləyə-işləyə bütün mitinqlərə getdiyimdən, 1990-91-ci illərdə Azərbaycan DIN və DTK-sının Qarabağ bölgəsində erməni separatçılarından təmizləmə əməliyyatları aparmasının Respublika Prokurorluğunun əməkdaşı olaraq həmin bölgələrdə canlı şahidi olduğumdan (sonralar Daxili Işlər Naziri olmuş Abdulla Allahverdiyev, bu gün Konstitusiya Məhkəməsinin üzvü olan Mahir Muradov, Bakı şəhər prokuroru işləyən Əziz Seyidov və digəriləri ilə) kitabı oxuduqca müəllifin hadisələri maksimum obyektiv canlandırmasını görmək mümkündür. Təbii ki, daha dəqiq qiyməti gələcək nəsillər digər materiallarla tanış olduqdan sonra verəcəklər.

Xüsusilə diqqəti çəkən məqamlardan biri də odur ki, müəllif o dövrlər ölkəyə rəhbərlik etmiş rəhmətlik Heydər Əliyevlə düşmən münasibəti olmasına baxmayaraq onun birinci rəhbərliyi dövrü respublika üçün gördüyü müsbət işləri kitabın birinci hissəsində obyektiv təsvir edir. SSRI-yə münasibətdə daban-dabana zidd fikirlərdə olmağımıza baxmayaraq müəllifin savadı, dünyagörüşü, intellekti, Vətənə sevgisi rəğbət doğurmaya bilməz. Məhz bu fikirlərə olan tənqidi hücumların miqyasını görsəm də hadisələri real qiymətləndirən bir azərbaycanlı balasının Vətəni üçün hansı əzablardan keçdiyini, başına gələn müsibətlərdən sonra belə Azərbaycanı Vətən kimi sevdiyini qeyd etməmək başqaları kimi siyasi konyukturaya qulluq etmək olardı. Ən əsası isə kitab gələcək nəsillərə itirdiklərimizin nədən baş verdiyini bilmək üçün qiymətsiz bir hədiyyədir. Kitabı oxuduqca insan bəzən buraxdığımız səhvlərin bəsitliyindən, ən böyük düşmənimizin özümüz olduğundan, ambisiyalarımızın bacarıqlarımızdan qat-qat üstün olmasından, paxıllığımızdan, başqasının uğuruna sevinmək əvəzinə, ona badalaq vurmaqda olan fərasətimizdən, intriqabazlıqdan birinci növbədə elə özümüzün hər birimizə və sonda Vətənə vurduğumuz sağalmaz yaraları gördükcə, hündürdən ağlamaq və çığırmaq istəyir:

Dayanın! Ayılın! Biz hamımız bir Vətənin övladlarıyıq! Bizim ən böyük bəlamız bir-birimizə olan münasibətimizdir?! Bu tip kitabları o dövr baş verən hadisələrin episentrində olan, daim diqqət mərkəzində olmaq istəyən, baş verənlərdə bilavasitə iştirakçı olan, ağızdolusu Vətəndən, Xalqdan danışan Həsən Həsənovdan, Ramiz Mehdiyevdən, Fuad Musayevdən, Cahangir Müslümzadədən və bu gün ölkədə qarışıqlıq düşən an xalq aşiqi kimi meydana atılacaq bir çoxlarından gözləyirik. Ancaq bu xatirələr Sizləri yaşada bilər, gələcək nəsilləri isə Sizlərin buraxdığınız səhvlərdən sığortalaya bilər. Bu kitabla tanışlıq hamı üçün, xüsusilə siyasətdə olanlara və ələlxüsus bu il prezident seçkisi öncəsi bir-birimizi qırmağa hazırlıq gördüyümüz zaman daha faydalıdır. 

Aslan İsmayılov