“Azadlıq” sahibkarlara çağırış etdi

“Azadlıq” qəzetinin “Binə” Ticarət Mərkəzinin rəhbəri Kəbirə Məmmədovanın iddiası əsasında 32 min manat cərimələndiyini və bugünlərdə Ali Məhkəmənin də bu qərarı qüvvədə saxladığını yazmışdıq. “Azadlıq”ı bu məhkəmə çəkişməsinə cəlb edən səbəb qəzetin “Eurovision” ərəfəsi “Binə”də hüququ pozulan sahibkarların problemlərini işıqlandırması olub.

Həmin vaxt bəzi sahibkarlar qəzetimizə müraciət edərək  sözügedən musiqi yarışmasına görə “Binə” rəhbərliyinin onlardan qanunsuz olaraq pul yığdığını, buna əməl etməyənlərin isə təzyiqlərə məruz qaldığını bildirmişdi. “Azadlıq” da ənənəsinə sadiq qalaraq haqqı pozulan vətəndaşlarının yanında olmuş, onların problemlərini işıqlandırmağı özünə borc bilmişdi. Təəssüf ki, Ticarət Mərkəzinin rəhbəri məqalədə qeyd olunan problemi həll etmək əvəzinə, qəzetimizi məhkəməyə verərək nə az, nə çox – düz 32 min manat cərimələtmişdi. Sonradan yuxarı instansiya məhkəmələri də bu qərarı heç bir araşdırma aparmadan qüvvədə saxlamışdılar. Halbuki bu ilin əvvəllərində “Binə”də kütləvi etirazların keçirilməsi “Azadlıq”da gedən məlumatların doğru olduğunu və sahibkarların hüquqlarının ticarət mərkəzinin rəhbərliyi tərəfindən pozulduğunu təsdiqləyirdi.

Ali Məhkəmənin 32 min manatlıq cərimə ilə bağlı yekun qərarı yaxın vaxtlarda “Azadlıq” qəzetinin hesabına növbəti həbsin qoyulacağını göstərir. Bu isə onsuz da, ağır cərimələrdən və davamlı təzyiqlərdən əziyyət çəkən, ciddi maliyyə problemləri olan qəzetin çökdürülməsinə bərabərdir. 

Artıq “Binə” sahibkarlarının bir neçəsi qəzetimizlə əlaqə saxlayaraq Ali Məhkəmənin bu qərarının sifarişli olduğunu və qəzetə qarşı bu qanunsuzluqlardan hiddətləndiklərini bildiriblər. Həmçinin cərimənin ödənməsi üçün “Azadlıq”a bacardıqları qədər dəstək olacaqlarını bildiriblər. 

Qəzetimizin probleminə olan bu həssaslığı nəzərə alaraq “Binə”dəki bütün sahibkarlara müraciət edirik. Bu çətin günlərdə “Azadlıq”a dəstək olmaq istəyən, 32 min manatlıq cəriməni ödəmək üçün öz yardımını əsirgəməyən hər bir sahibkara öncədən minnətdarlıq edirik. “Azadlıq” qəzetinin ikinci səhifəsində gündəlik olaraq qəzetimizin bank hesabı dərc olunur. O hesaba köçürəcəyiniz kiçik məbləğ belə, “Azadlıq”ın bu cəriməni ödəyə bilməsi, vətəndaşlarının, eləcə də “Binə”dəki sahibkarların pozulan hüquqlarını bundan sonra da işıqlandıra bilməsi üçün böyük töfhə olacaq. 

Gəlin, birlikdə azad sözün carçısını boğulmağa qoymayaq, onun var olub haqqı pozulanın yanında olmasına bacardığımız qədər dəstək olaq!