İbrahimbəyov Bundestaqda görüş keçirdi

Milli Şuranın sədri Bakıya Tbilisidən gələcək

Milli Şuranın prezident seçkilərində vahid namizədi Rüstəm İbrahimbəyov Berlində səfərdədir. O, Almaniyada yaşayan azərbaycanlılarla görüşüb, “Zenith” jurnalına və  “Die Tageszeitung” qəzetinə müsahibələr verib. İbrahimbəyov həmçinin, Bundestaqda görüş keçirib.

Meydan TV-yə müsahibəsində isə İbrahimbəyov Bakıya qayıdacağı halda həbs ediləcəyi ilə bağlı yayılmış qeyri-rəsmi məlumata münasibət bildirib: “Həbs olunmaq üçün səbəblər göstərilməlidir. Belə bir səbəblər yoxdur. Cinayət işi açılanda bununla bağlı məlumat verilir. Mənə belə bir məlumat verilməyib. Belə bir xəbərin yayılmasının məqsədi məni qorxutmaqdır. Amma məqsədlərinə çatmayacaqlar”.

Almaniyada yaşayan və İbrahimbəyovla təmasda olan azərbaycanlı fəal Həbib Müntəzir isə Facebook səhifəsində Milli Şura sədrinin Bakıya iyulun 31-də qayıdacağını yazıb. Onun məlumatına görə, İbrahimbəyov Tbilisi-Bakı reysi ilə qayıdacaq. Məlumatı Milli Şuradakı mənbələr “Amerikanın səsi”nə təsdiqləyib. Rüstəm İbrahimbəyov Berlindən Brüsselə gələcək, orada görüşlər keçirdikdən sonra Moskvaya qayıdacaq. İyulun 30-da İbrahimbəyov Tbilisidə bir tədbirə qatılacaq və iyulun 31-də Bakıya dönəcək.