«İqtidarı seçki yolu ilə təhvil verməsələr, ərəb ölkələrindəki kimi vəziyyətlə üzləşə bilərlər»
Vidadi Mirkamal: «Hakimiyyət Rüstəm İbrahimbəyovu qeydə almaya bilməz, bu baş verərsə, ölkədə tamamilə başqa situasiya, siyasi mənzərə yaranacaq»
Dövlət başçısı Ilham Əliyev keçirdiyi son müşavirədə yenə bir sıra maraqlı bəyanatlarla çıxış edib. O bildirib ki, Azərbaycan cəmiyyətinin 70 faizi ölkədə rüşvət və korrupsiyaya qarşı ciddi mübarizə aparıldığını düşünür. Müsahibimiz ədliyyə generalı, Milli Şuranın üzvü, Hüqüq Komissiyasının sədri Vidadi Mirkamaldır. V.Mirkamal ilə müsahibəmizə dövlət başçısının bu bəyanatına münasibət bildirməklə başladıq.
“Bu hakimiyyət rüşvət üzərində qurulub”
– Bu ağ yalandır. Çünki bu hakimiyyət rüşvət üzərində qurulub. Biz hakimiyyətin bu mahiyyətini hər addımda hiss edirik. Digər tərəfdən, bu bəyanatı verməmişdən əvvəl cəmiyyətə nəzər yetirmək, onunla dialoq qurmaq lazımdır. Bir müddət əvvəl hakimiyyət bütün dövlət strukturlarına göstəriş verdi ki, rüşvət alınmamalıdır və bu, bir müddət davam etdi. Baş verən hadisə bir daha sübut etdi ki, Azərbaycanda rüşvət idarə olunur. Digər tərəfdən, dövlət orqanlarında çalışan xeyli şəxs iş yerini tərk etmək istəyirdi. Çünki əmək haqqı az, rüşvətin alınmasına isə qadağa qoyulmuşdu. Rüşvət hakimiyyətin mayasına çevrilib. Situasiyanı belə görə hakimiyyət yenidən göstəriş verdi ki, yenidən rüşvət alın. Bu o deməkdir ki, rüşvət bir neçə nəfərin işi deyil. Azərbaycanda rüşvət böyük bir sistemdir. Ona görə də Ilham Əliyev belə bir çıxış etməmişdən əvvəl rəhbərlik etdiyi hakimiyyətin addımlarına, özünün və ailəsinin xaricdəki hesablarına nəzər salmalı idi. Ilham Əliyev məhz bundan sonra danışa bilər ki, cəmiyyətdə rüşvətə qarşı mübarizənin aparıldığına dair inam var, yoxsa yox. Bütün bu bəyanatlar prezident seçkisi ərəfəsində təbliğata hesablanmış addımlardır. Bu açıqlamaların heç biri real faktlara söykənmir.
“Artıq ”kürü diplomatiyası” işə yaramır”
– Bu müşavirədə Ilham Əliyev Brüsselə son səfərindən razı qaldığını bildirsə də, bununla belə Avropa Birliyini və bir sıra Avropa strukturlarını da tənqid atəşinə tutdu. Ilham Əliyev son zamanlar Qərbdən səslənən sərt mövqeyə əhəmiyyət verməməyə çağırdı. Bu, hakimiyyət komandasını sakitləşdirməyə yönəlik açıqlama ola bilərmi?
– Dünya əvvəlki dünya deyil və beynəlxalq ictimaiyyət bu hakimiyyətin nəyə qadir olduğunu gözəl bilir. Beynəxalq təşkilatlar öz hesabatlarında dəfələrlə vurğulayıblar ki, Azərbaycan avtoritarizmə yuvarlanmış, rüşvət və korrupsiyanın tüğyan etdiyi ölkədir. Avropa ailəsinə daxil olmaq niyyətində olan bir dövlətdə bu cür hadisələrin baş verməsinə xarici dövlətlər göz yuma bilməzlər. Digər tərəfdən, əlbəttə, bunlar “kürü diplomatiyası”ndan istifadə etməklə müəyyən güc mərkəzlərinə təzyiq etməyə çalışırlar. Amma Ilham Əliyevin bu çıxışı onu göstərir ki, artıq “kürü diplomatiyası” işə yaramır. Beynəlxalq təşkilatların seçki öncəsi təzyiqləri hakimiyyəti narahat edir. Ona görə Ilham Əliyev seçki öncəsi öz elektoratına onun mesajını verməyə çalışır ki, baş verənlərdən qətiyyən narahat olmasınlar. Amma bütün dünya bilir ki, nüfuzlu beynəlxalq təşkilatların təkidli tövsiyyələrini nəzərə almayan dövlətlərin aqibəti, sonu bir o qədər də yaxşı olmur. Bu baxımdan Ilham Əliyevin beynəlxalq təzyiqlərə belə əsəbi reaksiya verməsi onu göstərir ki, hakimiyyət bundan sonra hazırkı formada dövləti idarə etməyi bacarmayacağını bilir. Ona görə hakimiyyət onun mesajını verməyə çalışır ki, beynəlxalq təzyiqlər qarşısında duruş gətirə biləcək.
– ABŞ Konqressinin Helsinki Komissiyasında Azərbaycanla bağlı keçirilən dinləmələri necə dəyərləndirirsiniz? Müzakirələrdə ABŞ rəsmiləri tərəfindən birmənalı şəkildə vurğulandı ki, Azərbaycan demokratiya ilə korrupsiyanın yol ayrıcındadır?
– Azərbaycan həqiqətən də iki yol ayrıcındadır. Ya demokratiya, ya da avtoritarizmdir. Artıq dünya Azərbaycanın bu formada idarə olunmasına, Avropaya inteqrasiyasının dayandırılmasına göz yummaq fikrində deyil. Azərbaycanın Milli Şurada birləşmiş demokratik qüvvələri də onun fikrindədir ki, ölkədə demokratiyaya keçid xalqın iradəsinə uyğun olaraq, dinc yolla həyata keçirilməlidir. Bunun əsas vasitəsi seçkilərdir. Yox, seçkilər saxtalaşdırılacaqsa, düşünmürəm ki, bu hakimiyyət ölkəni idarə etməyə qadir olacaq. Ona görə hesab edirəm ki, hakimiyyət zamanında ayılaraq özündə ölkədə normal seçkilər keçirməyə iradə tapmalıdır. Hakimiyyət siyasi iqtidarı seçki yolu ilə təhvil verməsə, onu da ərəb ölkələrində baş verənlərin taleyi gözləyə bilər.
– Əli Həsənov mətbuata açıqlamasında bildirib ki, Milli Şura ermənipərəst mövqedən çıxış edir və təşkilata daxil olanların keçmişi araşdırılmalıdır?
– Əli Həsənov bu ifadəni işlədəndə gərək öncə işlədiyi hakimiyyətə və ətrafına baxaydı. Çünki qeyri-rəsmi məlumatlara görə, Prezident Administrasiyasında çalışanların 40 faizi bu və başqa formada ermənilərlə qohumluğu olduğu bildirilir. Yəni Əli Həsənovun bu barədə danışmağı, ümumiyyətlə, yersizdir. Digər tərəfdən, əgər Azərbaycan demokratik yolla inkişaf edən və demokratik bir dövlət olacaqsa, Qarabağ probleminin həlli və Azərbaycanın ərazi bütövlüyünün təmini şəraitində, erməni əsilli əhaliyə də Azərbaycan vətəndaşları ilə yanaşı bərabər imkanlar yaradılmalıdır. Əgər biz araşdırma aparsaq və 69-cu ilə qədər gedib çıxsaq, çoxlu faktlar aşkarlanacaq. Bu isə heç də hakimiyyətin xeyrinə deyil. Ümumiyyətlə, hakimiyyətin indisi və gələcəyi də çox qaranlıqdır.
“Əhalinin 80 faizi seçkilərə biganədir və hakimiyyəti dəstəkləmir”
– Mübariz Qurbanlı bildirib ki, müxalifətin cəmiyyətdən ala biləcəyi səs faizi yalnız 4 faizdir. Sizcə, saxtalaşdırma baş verməzsə, hakimiyyət və müxalifətin ala biləcəyi səslərin faizini necə dəyərləndirmək olar?
– Sonuncu parlament seçkiləri göstərdi ki, ölkənin 80 faizi seçkilərə biganədir və hakimiyyəti dəstəkləmir. Bir sözlə, narazı elektoratdır. Mən iddia etmirəm ki, bu elektoratın hamısı müxalifəti dəstəkləyir. Amma bu elektorat hakimiyyətdən narazıdır. Digər tərəfdən, məgər Mübariz Qurbanlının yanında xüsusi barometri var ki, o, cəmiyyətin neçə faizinin müxalifəti, neçə faizinin isə hakimiyyəti dəstəklədiyini bəyan edir. Sadəcə olaraq bu hakimiyyət seçkiləri saxtalaşdırmağa xidmət edir. Hakimiyyət zorla büdcə təşkilatlarında çalışanları YAP-a üzv qəbul etdirməklə onları öz elektoratı kimi təqdim etməyə çalışır. Amma reallıqda cəmiyyətin böyük əksəriyyəti hazırkı iqtidarın yürütdüyü siyasətdən narazıdır.
– Hakimiyyət budəfəki seçkidə Ilham Əliyevin heç bir təbliğata ehtiyacı olmadığını desə də, hazırda bütün telekanallarda hakimiyyət namizədinin təbliğatı getməkdədir. Bu tendensiyanı necə dəyərləndirmək olar?
– Birincisi, bunlar arxayındır ki, seçkiləri saxtalaşdıracaqlar. Yəni müxalifət 90 faiz də səs yığsa, 10 faiz səslə bunlar özlərini qalib elan edəcəklər. Ikincisi, tamamilə doğrudur, hakimiyyətin nəzarətində olan bütün KIV-lər Ilham Əliyevin təbliğatı ilə məşğuldurlar. Yəni hakimiyyət seçki təbliğatına indidən başlayıb. Başqa tərəfdən, Ilham Əliyev vaxtaşırı müxtəlif dövlət idarələrinin açılışında iştirak edir. Bütün bunlar da televiziyadan saatlarla yayımlanır. Bütün bunlar təbliğat deyilsə, bəs nədir? Hakimiyyətin nəzarətində olan digər KIV-lər də təbliğat aparmasalar da, müxalifətə şər-böhtan atmaqla yenə iqtidarın kampaniyasını aparırlar. Hakimiyyətin müxalifətin tərkibinə yerləşdirdiyi sakit minaları partlatması da məhz hakimiyyətin siyasətinin tərkib hissəsidir.
“Gənclərin hədəf seçilməsi təsadüfi deyil”
– Hakimiyyət seçki ərəfəsində Milli Şuraya təəssübkeşlik edən bir neçə gənci həbs etdi. Bundan başqa, Milli Şuraya dəstək verdiklərinə görə Gültəkin Hacıbəyli, Hüseyn Abdullayev, Qurban Məmmədov təzyiqlərlə üzləşiblər. Bu siyasətin məqsədi nədir?
– Hakimiyyət cəmiyyətin aktivliyindən qorxur. Çünki hakimiyyət cəmiyyətə qarşı etdiyi cinayətlərin həddini bilir. Başqa məqsəd hazırkı avtoritar rejimi saxlamaq, diktatura şəraitində olan ölkədə hakimiyyətin əsas hədəfi ona olan təhlükələri neytralaşdırmaqdır. Hakimiyyətin bu istiqamətdə qorxduğu əsas qüvvələrdən biri, əlbəttə, gənclərdir. Ona görə gənclərin hazırda hədəf seçilməsi təsadüfi deyil. Cəmiyyətdə öz sözlərini deyən şəxslər də hədəf seçilib. Bu da məqsədyönlü şəkildə edilir. Amma bu repressiya indi başlamayıb. Bu siyasət uzun müddətdir ki, davam edir. Sadəcə olaraq hazırda uzun müddətdir ki, aparılan repressiv siyasətin miqyası prezident seçkiləri olduğuna görə genişlənib. Uzun müddətdir ki, ailəmizin, qohumlarımızın üzərində bu təzyiqi hiss edirik. Hakimiyyətin iyrənc siyasətinə qarşı kim çıxırsa, o şəxsi həm maddi, həm də mənəvi cəhətdən təcrid edir, təzyiqlər edirlər. Çünki təzyiqlərin əks yolu demokratik islahatlar aparmaqdır. Iqtidar isə bunu istəmir. Ona görə repressiyaları gücləndirir. Hakimiyyətin seçdiyi bu yolun sonu heç də xoş görünmür.
– Mehriban Əliyevanın prezidentliyə namizədliyi ilə bağlı məsələyə hələ də aydınlıq gətirilməyib. Bu istiqamətdə hər gün daha israrlı açıqlamalar verilir. Sizcə, nə baş verir?
– Ilk olaraq onu vurğulayaq ki, bütün dünya Ilham Əliyevin 3-cü dəfə namizədliyinin irəli sürülməsini yolverilməz sayır. 2009-cu ildə keçirilən referendumda qəbul edilən dəyişikliklər Ilham Əliyevə tətbiq edilə bilməz. Hakimiyyət düşünür ki, ola bilsin ki, gələcəkdə beynəlxalq aləmdən 3-cü dəfə namizədliklə bağlı gələn təzyiqlərə davam gətirə bilməz. Ona görə ehtiyat namizəd kimi öz daxilindən namizəd irəli sürür. Çünki hakim ailə kənardan heç kimə inanmır. Halbuki hakimiyyət daxilində bacarıqlı və ölkədə gedən prosesləri qiymətləndirə biləcək kifayət qədər şəxslər var. Amma o insanlar ailəyə yaxın deyillər. Ona görə də bu şəxslərin namizədliyi dəstəklənmir. Hakimiyətdə təşviş və təlaş son ana qədər qalacaq. Əgər hakimiyyət 3-cü dəfə prezidentliklə bağlı təzyiqlərə davam gətirə bilməsə, iqtidarın namizədi Mehriban Əliyeva ola bilər.
– Milli Şuranın prezidentliyə vahid namizədi Rüstəm Ibrahimbəyov Bakıya gələcəyi son tarixi elan edib. Ekspertlər hesab edir ki, bu hadisə cəmiyyətdəki siyasi aktivliyi daha artıracaq. Rüstəm Ibrahimbəyovun namizədliyinin qeydə alına bilməyəcəyi ilə bağlı da hakimiyyət geniş təbliğat aparır. Müxalifətin əsas namizədinin qeydə alınmaması nə demək olacaq?
– Milli Şuranın yaranması hakimiyyəti təşvişə salan hadisələrdən biridir. Milli Şuranın yaradılması xeyli dərəcədə Rüstəm Ibrahimbəyovun təşəbbüsü ilə olub. Milli Şurada təmsil olunan bütün partiyalar Rüstəm Ibrahimbəyovu dəstəkləyir. Əslində Rüstəm Ibrahimbəyovun namizədliyinin qeydə alınmaması üçün elə bir qanuni baryer yoxdur. Sadəcə olaraq hakimiyyət xislətinə uyğun olaraq cığallıq edir. Rüstəm Ibrahimbəyov ikili vətəndaşlıqla bağlı artıq müvafiq orqanlara müraciət edib və bu problem yaxın zamanlarda həllini tapacaq. Hakimiyyətin artıq istinad edə biləcəyi bütün baryerlər aradan qaldırılıb. Amma hakimiyyət ənənəsinə sadiq qalaraq Rüstəm Ibrahimbəyovu qeydə almaya bilər. Bu zaman ölkədə tamamilə başqa situasiya, siyasi mənzərə yaranacaq.
Xəyal


