Sakinlər yenə də kompensasiyadan narazılıq edirlər
«Normal pul almayınca, heç yerə getməyəcəyik»
Söküntü işləri nəhayət “Sovetski” ərazisinə də çatdı. Neçə vaxt idi sözügedən ərazidə yaşayan sakinləri köçürüləcəkləri barədə mətbuat yazırdı. Iş o yerə çatmışdı ki, artıq heç kim buna inanmırdı. Ancaq, deyəsən, bu reallaşır…
“100 kvadratlıq evə 35-40 min manat az verirlər”
Artıq “Sovetski”nin kiçik bir hissəsində söküntü işlərinə başlanılıb. Əsas söküntü işləri Balababa Məcidov küçəsindədir. Ancaq yaxın zamanlarda söküntünün miqyası böyüyəcək.
Vətəndaşların sözlərinə görə, Bakı şəhər Icra Hakimiyyəti kompensasiyanı bir kvadratmetr üçün 1500 dollar (1200 manat) müəyyənləşdirib. Onlar isə bunun dollarla deyil, manatla verilməsini tələb edirlər.
“Biz pulumuzu manatla tələb edirik. Niyə dollarla verirlər? Ilham Əliyev çıxışlarında dəfələrlə deyib ki, hər kvadrat üçün 1500 manat ödənilsin. Indi bunu dollara çevirib bizə vermək istəyirlər. Nəticədə hər kvadrat metrdən 300 manatdan çox xalis qazanc əldə edirlər”,- deyə sakinlər söyləyirlər. Onlar bildirirlər ki, mənzilləri ölçən zaman saxtakarlığa yol verilir: “Evlərin sahəsini kiçildirlər. Buradakılar həyət evləridir, çöldən ölçülməlidir. Bunlar isə tam əksinə, içəridən ölçürlər. Nəticədə hər otaqda 1-2 kvadrat metr yoxa çıxır. 100 kvadratlıq evə 35-40 min manat az verirlər”.
Sakinlər deyirlər ki, verilən pulla özlərinə mənzil ala bilməzlər: “Verilən kompensasiyaya ən yaxşı halda təzə tikilən binalarda təmirsiz ev almaq olar. Bəs evi necə təmir etdirəcəyik? Hansı pulla?”.
“Evimizin sahəsini 1500 dollardan hesablayırlar, ancaq…”
“Biz bir istəyimiz var – o da kompensasiyanın bazar qiymətlərinə uyğun verilməsidir. Bir kvadratmetr üçün verilən 1500 dollar heç nədir. Bura şəhərin mərkəzidir. Istədiyimiz yerə rahat gedirik. Indi gəlib deyirlər ki, çıxın. Buna etirazımız yoxdur, ancaq normal pul versinlər. Yaxınlıqda bina tikilir. Orada mənzilin kvadratı 1700 manatdan aşağı deyil. Bu təmirsiz evdir. Təmirə də 20-30 min manat xərcləməlisən. Bu da orta hesabla hər kvadratmetr üçün 2000 manat edir. Bizim də tələbimiz odur ki, 1500 dollar deyil, 2000 manat versinlər ki, özümüzə ev ala bilək. Onların verdiyi pulla Hövsan, Binə qəsəbələrində ev almaq olar. Niyə şəhərin mərkəzindən uzaq bir yerdə ev almalıyıq? Bizim burada yaşamaq hüququmuz yoxdur? Hamı istəyir ki, normal evi, işi olsun. Burada yaşayanlar elə yaxınlıqda özlərinə iş tapıblar. Bu qədər zülm edirlər, heç olmasa normal pul versinlər ki, yaxınlıqda ev ala bilək. Biz həm də işimizi itirmək istəmirik” – bu sözləri bizimlə söhbətində Kamil Həsənov dedi. Sözlərinə görə, yaxınlıqda tikilən bina onların gecə-gündüzünü əlindən alıb: “Istirahətimiz yoxdur. Əvvəlcə bizi köçürsünlər, sonra tikinti işlərinə başalsınlar. Bunlar hər şeyi əksinə edirlər. Məqsədləri odur ki, biz bezib buranı tərk edək. Biz isə normal pul almayınca heç yerə getməyəcəyik”.
Sakinlər Bakının kəndlərinə köçmək niyyətində deyil
Reportaj hazırlayan zaman “Sovetski”dən köçmək istəməyən sakinlər də tapıldı. Baxmayaraq ki, onlar balaca evlərdə yaşayırlar, hər gün ensiz yollardan istifadə edirlər. Deyirlər ki, artıq bura öyrəşiblər: “Bundan sonra hara gedək? Illərimiz burada keçib. Hara istəyirik, tez çatırıq. Indi gedək kənddə yaşayaq? Bura doğmadır. Qalmışıq burada da, başqa yerdə nə işimiz var”.
“Sovetski”nin yuxarı hissəsində yaşayan sakinlər də sökünti işləri barədə xəbər alıblar. Bu isə vətəndaşlarda ciddi narazılıq yaradıb. Çünki həmin məhəllədəki evlərin bəzilərinin “kupça”sı var, ancaq bu hər bir mənzilə şamil edilməyib. Bir qrup sakin deyir ki, onlara pul deyil, mənzil verəcəklər: “Hara köçürüləcəyimiz barədə konkret heç nə deyilmir. Bu bizi narahat edir. Mərkəzi hissədən Bakıətrafı ərazilərə köçürülmək bizim üçün əlverişli deyil. Kim buna razı olar? Bəli, puldansa evin verilməsi daha yaxşıdır. Çünki belə olan halda heç nə itirmərik. Ancaq bunu da gərək vicdanla etsinlər, təmirli ev olsun. Ancaq bu o demək deyil ki, bir otaq artıq verib, Zığa göndərsinlər. Biz bununla razılaşmayacağıq”.
“Bura heç vaxt sökülməyəcək”
Metronun “Nizami” stansiyasının yaxınlığında yerləşən Hüsü Hacıyev, Zülfü Adgözəlov, Bəşir Səfəroğlu, Çingiz Mustafayev, Vidadi, Mirzağa Əliyev, Murtuza Muxtarov, Balababa Məcidov, Zərgərpalan və Abdulla Şaiq küçələrinin sakinlərinə isə sadəcə xəbərdarlıq edilib. Onlara konkret heç nə deməyiblər.
Hüseyn Cavadov deyir ki, evlərin sökülməsiylə bağlı sadəcə söz-söhbət gəzir: “Konkert heç nə deyilmir. 40 ildir burada yaşayıram. Deyirlər söküləcək, ancaq zamanını demirlər. Bir neçə dəfə gəlib deyiblər ki, sökəcəklər, camaatda köçməyə hazırlaşıb. Düzü, inanmırıq. Bu qədər camaatı köçürmək üçün gərək normal pul versinlər. 1500 dollara nə etmək olar? Belə olsa heç kim köçməyəcək”.
Abdulla Şaiq küçəsində yaşayan Vaqif dayının sözlərinə görə, “Sovetski”, “Kubinka”nın ərazisi tikinti şirkətlərinə satılıb. Və bu söküntü işləri gələn ilə qalıb.
Plana əsasən, bu, 2014-cü ildə olacaq. Bu il seçki ili olduğundan hökumət narazıların sayını bir qədər də artırmaq istəmir, ona görə işi bir qədər təxirə salmağı düşünür. Ancaq sözügedən ünvanın əksər sakinləri bunun mümkünsüz olduğunu düşünürlər. Deyirlər ki, “Sovetski” heç vaxt sökülməyəcək.




Ramin DEKO


