Sabiq baş nazirin həbsxanada qalması uzansa, Gürcüstan ciddi problemlərlə üzləşəcək
Gürcüstanın keçmiş baş naziri, “Vahid Milli Hərəkat” Partiyasının baş katibi Vano Merabişvilinin evinə keçirilmiş baxış zamanı böyük məbləğdə pul müsadirə edilib. APA-nın gürcü mətbuatına istinadən verdiyi xəbərə görə, bu məlumatı Merabişvilinin vəkili Qoqita Qabaidze təsdiqləyib. Onun sözlərinə görə, müsadirə edilmiş pullar müxtəlif valyutada olub.
Qeyd edək ki, polislər həmçinin Kaxeti bölgəsinin qubernatoru Zurab Çiaberaşvilinin də evinə baxış keçirib, onun və qızının kompyuterlərini, qubernatorun elmi işlərini götürüb. Qeyd edək ki, Gürcüstanın keçmiş baş naziri və keçmiş daxili işlər naziri, hazırda ölkənin əsas müxalifət qüvvəsi – “Vahid Milli Hərəkat” Partiyasının baş katibi olan Vano Merabişvili həbs edilib.
Sabiq baş nazir məşğulluq üzrə dövlət proqramının həyata keçirilməsi zamanı qanunsuzluqlara yol verilməsi, 2011-ci il mayın 26-da müxalifətin Tiflisdə keçirdiyi kütləvi etiraz aksiyasının dağıdılması və 2006-cı il yanvarın 28-də bank işçisi Sandro Qirqvilianinin qətlə yetirilməsində ittiham edilir. V.Merabişvil ilə birlikdə Kaxeti bölgəsinin qubernatoru Zurab Çiaberaşvili də saxlanılıb.
Baş verənlərə münasibət bildirən prezident Saakaşvili bəyan edib ki, “Vahid Milli Hərəkat” Partiyasının baş katibi Vano Merabişvilinin həbsi ölkənin beynəlxalq təcridinə gətirib çıxara bilər. Saakaşvili qeyd edib ki, Merabişvilinin həbsxanada qalması uzansa, Gürcüstan ciddi problemlərlə üzləşəcək. Saakaşvili 2004-cü ildə prezident seçilərkən, 3-4 ay ərzində, ABŞ və Rusiya daxil olmaqla, çox sayda ölkəyə səfər etdiyini xatırladıb. “Baş nazir Ivanişvili isə yalnız bir neçə qonşularla görüşüb və ən vacibi, Bakı-Tbilisi-Qars dəmir yol layihəsini dayandıraraq, Azərbaycanla da münasibətləri gərginləşdirib. Bundan başqa, Türkiyə ilə bir neçə müştərək layihəni donduraraq, ciddi problemlər yaradıb”, deyə Gürcüstan prezidenti əlavə edib.


