Jurnalistlər üçün evlərin bölgü şərtləri açıqlandı

Bu gün Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin iclası keçirilib. İclasda jurnalistlər üçün tikilmiş çox mərtəbəli evin mənzillərinin bölüşdürülməsi meyarlarının müəyyənləşdirilməsi ətrafında müzakirələr aparılıb.
MŞ-dan “Qafqazinfo”ya verilən məlumata görə, müzakirələrin gedişində müxtəlif təkliflər səslənib. Bildirilib ki, bu prosesdə kütləvi informasiya vasitələrinin üzərinə də məsuliyyət düşür. Çünki hazırda praktik fəaliyyət göstərən jurnalistlər əsasən redaksiyalarda cəmləşiblər. Həmin redaksiyaların əksər hissəsi isə Azərbaycan Mətbuat Şurasının üzvləridirlər. Buna görə də Şura quruma üzv olan media orqanlarından təkliflər qəbul etməlidir. MŞ-yə üzv redaksiyalar əməkdaşlarından kimin daha layiqli olduğunu müəyyənləşdirməlidirlər. Mənzillərdə say məhdudiyyəti olduğundan bu amil onlar tərəfindən nəzərə alınmalıdır.
Son 3 ildə mütəmadi olaraq yayımlanan KİV (qəzet, jurnal, informasiya agentliyi və internet xəbər portalı) həmin redaksiyada 3 il fəaliyyət göstərmiş və ümumilikdə 10 il jurnalistlik təcrübəsinə malik əməkdaşlarının adlarını namizəd kimi irəli sürə bilər.
Gündəlik qəzetlər və informasiya agentlikləri 3-dək, həftəlik qəzetlər, jurnallar və xəbər portalları 1 namizəd müəyyənləşdirə bilər.

Redaksiya:

İclasını çağırmalı, namizəd(lər)ini müəyyənləşdirməlidir;
Azərbaycan Mətbuat Şurasına məktub ünvanlamalıdır (möhürlü və imzalı).

Redaksiyanın məktubunda yer almalıdır:

Namizədin şəxsiyyət vəsiqəsinin surəti;
Namizədin əmək kitabçasının surəti;
Namizədin müəyyənləşdirilməsi ilə bağlı iclasın protokolundan çıxarış (möhürlü və imzalı);
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən namizədin adına evin (mülkün) olmadığını təsdiqləyən sənədin əsli;
Namizədin tərcümeyi-halı.

KİV redaksiya iclasının vaxtını Azərbaycan Mətbuat Şurası ilə razılaşdırmalı və həmin iclasda Mətbuat Şurasının nümayəndəsi də iştirak etməlidir.
Göstərilən sənədlər iyun ayının 15-dək Azərbaycan Mətbuat Şurasına təqdim edilməlidir.
Mətbuat Şurası toplanmış materialları Prezidenti Administrasiyasına təqdim edəcək.