Nidaçı Məmməd Əzizov AzTV və Milli Təhlükəsizlik Nazirliyini (MTN) məhkəməyə verib. Bu barədə Elitar.Az saytına M. Əzizovun vəkili Fariz Namazlı məlumat verib.
O bildirib ki, M. Əzizov Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Təcridxanasında saxlanılarkən mənəvi təzyiq altında ifadə verib və həmin ifadə video kameraya çəkilib, Sonradan MTN həmin video görüntüləri bir sıra kütləvi informasiya vasitələrinə, o cümlədən Azərbaycan Dövlət Televiziyasına ötürüb və AzTV-də efirə verilən sujetdə iddiaçı narkotik aludəçisi kimi qələmə verilib və bir sıra cinayətlərdə ittiham edilib.
Məmməd Əzizov təqsirsizlik prezumpsiyası hüququnun pozulmasına görə MTN və AzTV-ni məhkəməyə verib, məhkəmədən üzr istənilməsini, təqsirsizlik prezumpsiyası hüququnun pozuntusunun tanınmasını və vurulmuş mənəvi zərərə görə 10.000 manat pulun tutulmasına dair qərar çıxarılmasını tələb edib.
Məmməd Əzizov martın 7-də həbs olunub. O, narkotik maddə saxlamaqda ittiham olunub.
Qeyd edək ki, nüfuzlu beynəlxalq Amnesty İnternational təşkilatı Məmməd Əzizovu vicdan məhbusu elan edib və hakimiyyətdən onunla birgə digər siyasi məhbusları azadlığa buraxmağa çağırır. Beynəlxalq təşkilatlar və ictimaiyyət gənclərin həbsindən narahatdır.


