28 May – Respublika Günü münasibəti ilə dünya liderləri Azərbaycan xalqını təbrik edib. Ölkə başçısı İlham Əliyevə ünvanlanan təbrik məktublarında 95 il əvvəl Azərbaycanda demokratik cümhuriyyatin qurulması dünya ictimaiyyətinə nümunə olan əlamətdar hadisə kimi qiymətləndirilir.
ABŞ prezidenti Barak Obama təbrik məktubunda yazır ki, 1918-ci il mayın 28-də müstəqil Azərbaycan müsəlman dünyasında ilk demokratik və dünyəvi respublika kimi beynəlxalq ictimaiyyətə nümunə oldu. “Azərbaycanın əlamətdar tarixi ilə bağlı bayrama biz də qoşuluruq. Ölkələrimiz arasında, xüsusilə də enerji və regional təhlükəsizlik sahələrində möhkəm tərəfdaşlıq mövcuddur. ABŞ, həmçinin davamlı, çiçəklənən demokratik cəmiyyətin qurulması və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində Azərbaycanın səylərinə kömək etməyə tam sadiqdir”, – deyə Obama qeyd edir.
Almaniya prezidenti Yoaxim Qauk isə yazır ki, Almaniya-Azərbaycan münasibətləri ötən 20 ildən artıq müddətdə bir çox sahələrdə birgə maraqlar və qarşılıqlı ehtiram zəminində daha da genişlənib və inkişaf edib. Azərbaycan Avropa İttifaqının “Şərq tərəfdaşlığı” Proqramı çərçivəsində Almaniyanın və Avropanın ən vacib tərəfdaşıdır.
“Almaniya Azərbaycanı demokratiyanın inkişafı, hüquqi dövlət quruculuğu və Avropaya inteqrasiya yolunda gələcəkdə də qəti surətdə dəstəkləyəcək. Bütün siyasi məsələlərdə tərəfdaşlar arasında açıq dialoqun aparılmasını vacib hesab edirik.
Sizə uğurlar, habelə Azərbaycan xalqına parlaq gələcək, sülh, tərəqqi və firavanlıq arzu edirəm”, – deyə Almaniya prezidenti qeyd edir.
Səudiyyə Ərəbistanının Kralı Abdullah bin Əbdüləziz Al Səud, Avstriya prezidenti Haynts Fişer, Böyük Britaniyanın və Şimali İrlandiyanın kraliçası II Yelizaveta da təbrik məktublarında dövlət başçısı və Azərbaycan xalqını təbrik edir, xalqımıza xoşbəxtlik və firavanlıq arzulayır.
Dünya liderləri xalqımızı 28 May münasibətilə təbrik edir
•


