Prezidentin tərcüməçisinin “Texnikabank” işilə əlaqəsi

Rauf Hüseynovun qardaşı bu gün həbsdən buraxıla bilər

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Texnikabank” rəhbərliyi və bankın sıravi işçilərindən ibarət 25 nəfərin məhkəməsi davam etdiriləcək. Təqsirləndirilən 25 nəfərdən yalnız 6-sı həbsdədir, qalan 19 nəfərin barəsində isə həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.
Həbsdə saxlanılan 6 nəfərdən biri də AXCP sədri Əli Kərimlinin qaynı, bankın Yasamal filialının müdir müavini olmuş Elnur Seyidovdur. Seyidov dağınıq skleroz kimi ağır xəstəlikdən əziyyət çəkməsinə və həbsdə saxlanılan hər keçən gün vəziyyətinin daha da ağırlaşmasına baxmayaraq, əvvəlcə istintaq orqanı, indi də məhkəmə onu həbsdə saxlamaqda israrlıdır. Baxmayaraq ki, onun heç olmasa, məhkəmənin hökmü bəlli olana qədər digər 19 nəfər kimi, azadlıqda olub, müalicəsini davam etdirməsi məqsədilə barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsi üçün dəfələrlə müraciət olunub.
Yeri gəlmişkən, həbsdə saxlanılan 6 nəfərdən birinin – “Texnikabank”ın Idarə Heyətinin sədri olmuş Samir Hüseynovun bu gün azadlığa buraxılacağı bildirilir. Qeyd edək ki, ötən məhkəmə iclasında “Texnikabank”ın məhkəmədə iştirak edən nümayəndəsi təcrübəli mütəxəssis kimi Samir Hüseynovun yardımına ehtiyac duyduqlarını bildirmişdi. Bu çıxışın ardınca da məhkəmə prosesinə sədrlik edən hakim Ramella Allahverdiyeva bir məktub elan edərək, onun bank rəhbərliyi tərəfindən məhkəməyə göndərildiyini bildirmişdi. Həmin məktubda da banka yardım məqsədilə Samir Hüseynovun azadlığa buraxılması istənilirdi. Bu baxımdan, Samir Hüseynovla bağlı məsələnin artıq razılaşdırıldığı və bugünkü məhkəmə iclasında onunla bağlı məsələyə müsbət cavab veriləcəyi bildirilir.
Ötən məhkəmə iclaslarının birində hələ proses başlamamış dəmir barmaqlıqlar arxasında olan Samir Hüseynovla bankın Müşahidə Şurasının sədri olmuş, əvvəlcə həbs olunsa da, sonradan barəsində həbs-qətimkan tədbiri dəyişdirilən Etibar Əliyev arasında mübahisə olmuşdu. Samir Hüseynov bankın keçmiş rəhbərini ittiham etmişdi: “Bizi bu günə sən qoymusan. Özün çıxanda başqalarını niyə fikirləşmədin?”
Etibar Əliyev mübahisəni davam etdirmədən məhkəmə zalını tərk etmişdi.
Onu da əlavə edək ki, kifayət qədər savadlı və peşəkar mütəxəssis olan Samir Hüseynov uzun müddət Heydər Əliyevin tərcüməçisi olmuş Rauf Hüseynovun qardaşıdır. Özü də ABŞ-da təhsil alıb, bir müddət orada çalışıb.

Informasiya şöbəsi