“Hakimiyyət bir ailənin maraqlarından çıxış edir”

«Nə qədər ki, bu niyyətdən əl çəkməyiblər, iqtisadi vəziyyət daha ağır olacaq»

Nemət Əliyev: «Dövlətin iqtisadi siyasəti bir qrup adamın güzəranının yaxşılaşdırılmasına deyil, bütöv xalqa xidmət etməlidir»

Dövlət başçısı Ilham Əliyevin 2018-ci ilə qədər Azərbaycanda heç bir sosial-iqtisadi problemin qalmayacağı ilə bağlı bəyanatı maraq doğurur. Bu bəyanat iqtisadi əsaslara söykənməməklə yanaşı, nəyə xidmət etdiyi bilinmir. Çünki siyasi qüvvələr bir qayda olaraq hakimiyyətdə olduqları ilk illərdə iqtisadi planlarını həyata keçirməyə çalışırlar. Azərbaycan hakimiyyəti isə Ilham Əliyevin rəhbərliyi altında artıq 10 ildir ki, iqtidardadır. Amma bu müddət belə görünür ki, hakimiyyətə iqtisadi “planlarını” həyata keçirmək üçün kifayət etməyib. Müsahibimizlə söhbətimizə bu məqama münasibətlə başladıq. Mövzu ilə bağlı bu və başqa suallarımızı iqtisadçı alim, AXCP Iqtisadi Siyasət Komissiyasının sədri Nemət Əliyev cavablandırır.

– Beş il sonrakı dövrdə heç bir sosial-iqtisadi problemin olmayacağı iddiasına düşmək dövlət başçısı olan bir şəxsə başucalığı gətirməz. Iqtisadi potensialı kifayət qədər güclü olan ölkələrin başçıları bu qədər əminliklə proqnoz vermək iddiasına düşmürlər. Bir də ki, proqnoz verən zaman ölkənin iqtisadi imkanlarını qiymətləndirmək gərəkir. Doğrudur, on il bundan əvvəlki dövr ilə müqayisədə bu gün Azərbaycanın valyuta ehtiyatları çoxdur, 46 mlrd dollardan artıq. Digər tərəfdən, başqa sahələrlə müqayisədə neft sektoru inkişaf edib. Ölkə başçısı bu imkanlara istinad edib, bütün problemləri həll edəcəyini deyirsə, yanılır. Əvvala ona görə ki, dövlət başçısı olduğu son on ildə bunu etməyibsə, növbəti 5 ildə edəcəyinə kimi inandıra bilərsən? Ikincisi, DNF-dən bu günədək 53 mlrd dollardan çox pul xərcləyiblər. Bu qədər iri maliyyə vəsaitləri hesabına düzəldə bilməmisənsə, əlavə maliyyə imkanları hesabına düzəldə biləcəyini iddia etmək absurddur. Belə vəziyyət daha çox bacarıqsızlıq kimi dəyərləndirilir. 2008-ci ildən sonrakı dövrdə ölkədə iqtisadi göstəricilərin dinamikasında kəskin geriləmələr başlanıb. ÜDM üzrə artım tempi 2006-cı ildə 34,5%-dən 2011-ci ildə 0,1 %-dək düşüb və bu gün də artım templəri çox aşağı səviyyədədir. Sənaye istehsalında artım tempini nəinki saxlamaq mümkün olmayıb, hətta istehsalın həcmi 2012-ci ildə 5% azaldı və bu gün də azalmaqda davam edir. Xarici ticarət dövriyyəsinin, o cümlədən ixracın həcmi azalmaqda davam edir və bu enişin qarşısını bu gün də ala bilmirlər. Qeyri-neft sektorunda, xüsusən də kənd təsərrüfatında ağır durum hökm sürür. Ümumi iqtisadi tendensiya belədirsə, bütöv hökumətin xalqa xidmət sahəsində işgüzarlıq əmsalı əhəmiyyətli dərəcədə aşağıdırsa, necə iddia irəli sürmək olar ki, mənə 5 il də verin ki, sizə “cənnət” məkanı yaradım. Odur ki, bu cür fikirlərin iqtisadi əsası yoxdur. Belə çıxışlar məncə, növbəti prezident seçkilərinə fokuslaşıb və gözdən pərdə asmaq məqsədi güdür.

“Regionların sosial-iqtisadi inkişafı siyasəti yanlışdır”

– Maraqlı statistik rəqəmlərdən biri də bölgələrdən büdcəyə daxil olmalarla bağlıdır. Hakimiyyət “bəh-bəhlə” regionların sosial-iqtisadi inkişafından danışdığı halda, məlum olub ki, təkcə Abşeronun büdcə daxilolmalarında payı digər 9 iqtisadi rayonlar üzrə daxilolmalardan 9 dəfədən çoxdur. Bu rəqəmlər nədən xəbər verir?
– Bu rəqəmlər ondan xəbər verir ki, hakimiyyətin regionlarla bağlı həyata keçirdiyi siyasət yanlışdır. Regionların bugünkü sosial iqtisadi vəziyyətinə nəzər yetirərkən düşünməli olursan ki, ümumiyyətlə, belə bir siyasət varmı? Doğrudan da belə siyasət olubsa və uğurla həyata keçirilibsə, o zaman bu özünü rəqəmlərdə göstərməli idi. Büdcə daxilolmalarında Abşeron iqtisadi rayonunun payı digər 9 iqtisadi rayonun üst-üstə ödədiyindən nə az, nə də çox, düz 9 dəfə çoxdur. Abşeron iqtisadi rayonunun payının çox olması da Bakıya görədir. Daha dəqiqi, neftə görədir. Yanlış iqtisadi kurs götürülüb. Sanki “hər şey neft naminə” devizi həyata keçirilir. Iqtisadiyyatın sahələri arasında tarazlıq pozulub, kəskin şəkildə neft sektorunun ağırlığı yaradılıb. Amma nəzərə almaq lazım idi ki, əmək qabiliyyətli əhalinin 70-80%-i digər sahələrdə çalışır. Işçi qüvvəsi amili nəzərdən qaçırılıb. Unudulub ki, bu ölkəyə neftdən başqa məhsullar da lazımdır. Böyük işçi qüvvəsinin çalışdığı sahələrdə ağır durum yaranıb, az işçi qüvvəsinin çalışdığı neft sektorunda isə “sürətli inkişaf” xətti yeridilib. Indi də neft ehtiyatları tükənməyə doğru start götürəndə hər şey qarışır bir-birinə. Azərbaycan aqrar-sənaye ölkəsi sayılır. Əhalinin yarıdan çoxu kənd rayonlarında məskunlaşıb. Kənd rayonlarında insanların dolanışığı əsasən aqrar sektordan təmin olunur. Buradan daxil olan vəsaitlər onların gəlirlərinin əsasını təşkil edir. Ümumi istehsal vasitəsi sayılan torpaqlar münbitliyini kəskin şəkildə itirib. Kənd təsərrüfatına yararlı torpaqların yarısından çoxu şoranlaşıb, erroziyaya məruz qalıb. Belə torpaqların münbitliyinin bərpa olunması üçün milyardlarla vəsait və uzun dövr tələb olunur. Hakimiyyətin xalqa miras qoyduğu ən ağır problemlərdən biridir bu. Belə şəraitdə gəlir götürmək, özünü dolandırmaq, sözün əsl mənasında müşkülə çevrilir. Bütün regionlar, kənd rayonları, demək olar, eyni gündədir. Odur ki, hökumətin “regionların sosial-iqtisadi siyasəti” olubsa, tərəddüd etmədən demək olar ki, iflasa gedib.

– Daha bir maraqlı statistik rəqəm. Bakıda qoyulan əmanətlərin həcmi ümumi əmanətlərin 93 faizini formalaşdırır. Regionların bu göstərici də payı cəmi 7 faizdir. Bu rəqəmlər nədən xəbər verir?
– Belə vəziyyət ümumi şəkildə onu göstərir ki, Bakıdan kənarda, yəni regionlarda yaşayan əhalinin mütləq əksəriyyətinin gəlirləri o dərəcədə azdır ki, ancaq gündəlik ehtiyaclarını ödəməyə çatır. Əlavə, sərbəst maliyyə vəsaitləri qalmır ki, əmanət banklarına qoysun. Əhali əmanət qoymağa pulu haradan almalıdır, sizcə? Ya torpaqda əkib becərməkdən, və ya heyvandarlıqdan, ya da ki, qeyri neft sektorunun digər sahələrindən qazanmalıdır. Bu sahələrdə də çox ciddi problemlər mövcuddur. Regionlarda emal, yüngül sənaye sahələrinin böyük əksəriyyəti dağılıb, əvvələr mövcud olmuş pambıqtəmizləmə zavodlarının, konserv, süd, şərab emal zavodlarından əsər-əlamət qalmayıb. Yeniləri qurulubsa da çox azdır. Iş qabiliyyətli xeyli insan işsiz qalıb. Kəndli istehsal etdiyini satıb qazanc götürə bilmirsə, onun sərbəst pulu ola bilərmi, təbii ki, yox. Hakimiyyətdə olan bugünkü iqtidar 20 illik bir zamanda bu köklü problemləri həll etməyib, edə bilməyib, yanlış xətt tutub. Neft pullarının verdiyi imkanları ölkədəki, yəni regionlardakı problemlərin həllinə deyil, özünün ofşor maraqlarının, klan maraqlarının təmin olunmasına yönəldib. Bir sözlə, xalq unudulub. Odur ki, əmanətlərdə Bakının 93% payı olması statistikası regionlarda həm istehsal sahələrinin açınacaqlı vəziyyətdə olmasını, həm də əhalinin kasıb olmasının görsənişidir.

“Regionların problemlərinin həllinə vəsait çatmır”

– Bundan başqa, Azərbaycanın regionlarına verilən kreditlərin də payı olduqca cüzidir. Dövlət və özəl kreditlərin də əksəriyyəti Bakı və ətarfındakı ərazilərdə məskunlaşan sahibkarlara, şəxslərə verilib. Kredit ala bilən əyalət sakinlərinin faizi də cüzidir. Əgər regionların sosial-iqtisadi inkişafı reallıqdırsa, o zaman nəyə görə kreditin verilməsi baxımından region əhalisi və sahibkarları etibarlı sayılmırlar?
– Kredit siyasəti təəssüflə qeyd etməliyəm ki, kampaniya məqsədi güdüb və bu gün də davam edir. Sahibkarların, xüsusən də rayonlarda fəaliyyət göstərənlərin, həm də torpaq payı olanların kredit vəsaitlərinə ehtiyacları böyükdür. Hər kəs düşdüyü ağır maddi durumdan qurtulmaq istəyir. Deyək ki, kəndli məhsuldarlığı artırmaq üçün mineral və üzvü gübrələrə, dərman preparatlarına, məhsuldar toxum sortlarına  və s. olan ehtiyaclarını ödəmək istəyir. Buna da pulu yoxdur. Bu zaman kreditə zərurət yaranır. Baxıb görəndə ki, indiki şəraitdə faiz dərəcələri yüksəkdir, həm də bu kreditləri əldə etmək üçün maddi və mənəvi cəhətdən xeyli əzablı yollar keçməlidir, qazancı ilə də təklif olunan faizləri vermək mümkün olmayacaq, o zaman hər yerdən əli üzülür. Belə bir məqamda bizim hökumət hansı yolu tutur?    Serblərə illik 4%-lə 308 milyon, belaruslara illik 0,01%-lə 300 milyon kredit verir, özü də 25 illik müddətə. Azərbaycan vətəndaşlarından illik 1%-lə 25 illiyə kredit alan tanıyırsınızmı? Beləsi sadəcə olaraq yoxdur. Bu nədir, xalqın sərvətlərini əcnəbi ölkələrə səpələmək nə deməkdir. Bu artıq nəticədir ki, hökumətlə xalqın arasında uçurum yaranıb, hökumət ümumxalq maraqlarından ayrı düşüb. Əminəm ki, əhalinin kredit resurslarına olan ehtiyaclarının, hamısını demirəm, yarısını ödəsələr, bu xalq öz problemlərinin müəyyən hissəsini özü həll edə bilər.

– Maraqlıdır ki, Azərbaycanın qonşuluğunda yerləşən ölkələrdə kənd təsərrüfatı məhsulları, xidmət sektoru Azərbaycanla müqayisədə qat-qat ucuzdur. Məsələn, Iran ciddi sanksiyalara məruz qalsa da bu dövlətdə kənd təsərrüfatı məhsulları Azərbaycanla müqayisədə qat-qat ucuzdur. Eyni tendensiya Gürcüstanla da müqayisədə müşahidə olunur. Bunun səbəbi nədir?
– Yanlış iqtisadi siyasət yanlış nəticələr doğurar. Növbəti addımlar da həmin yanlış siyasətin üzərində qurulduğundan ciddi fəsadlar verir, bütün sahələrə nüfuz edir. Elə bir vəziyyət yaranıb ki, kənd təsərrüfatında istehsal olunan məhsulların maya dəyəri region ölkələri ilə müqayisədə  yüksəkdir. Belə olan halda, Azərbaycan kəndlisi artıq qalan məhsulu xarici bazara çıxarsa da sata bilmir, qiymət rəqabətində uduzur. Vətənə əliboş qayıtmalı olur. Digər ölkələrdən gələn məhsullarla müqayisədə bizim məhsullar qat-qat baha olur. Hökumət bu sahədəki fəaliyyəti tənzimləyə bilmir və ya bunu istəmir. Inkişaf etmiş ölkələr bu problemi həll edib. Müxtəlif fondlar yaratmaqla, ixracı stimullaşdırmaqla, aqrar sektorun inkişafını dəstəkləməklə və sair yollarla problemi çözüblər. Bu məsələdə dövlətin əsas məqsədi fəaliyyəti stimullaşdırmaqdan ibarət olmalıdır. Bu məsələlər komplek şəkildə nəzərdən keçirilməlidir. Qonşu ölkələr bu problemi tam halında olmasa da həll edə biliblər. Anoloqu olmayan hökumətimiz isə hələ də baxır…

– Yaranmış vəziyyətdə çıxış yolu nədən ibarətdir?
– Bütün bunların olmaması üçün iqtisadiyyatla bağlı vahid dövlət siyasəti işlənməlidir. Prioritetlər və vəzifələr dəqiq müəyyən olunmalıdır. Bu siyasət bir qrup adamın güzəranının yaxşılaşdırılmasına deyil, bütöv xalqın iqtisadi imkanlarının yaxşılaşdırılmasına yönəlməlidir. Eyni zamanda korrupsiyaya, rüşvətə yer olmamalıdır. Qulluq mövqelərindən sui-istifadə  edərək kimlərsə ölkədə inhisarçılıq yaratmamalıdır. Ölkənin gömrük orqanları idxal, ixrac fəaliyyəti göstərmək istəyənlərin gözünün odunu alıb. Bir qrup adam dövlətin bu mühüm strukturunu ələ keçirib öz məqsədləri üçün istifadə edirlər. Bunun qarşısı alınmalıdır. Vergi orqanları sahibkarlıqla məşğul olanları bezdirib. Bu mühüm dövlət orqanları ilə sahibkarlar arasında etimad qurulmalıdır. Vergi orqanları qanunsuz fəaliyyətindən əl çəkməlidir. Haqsız rəqabətə son qoyulmalıdır, Qanunların aliliyi təmin edilməlidir. Uzunmüddətli və ucuz kredit siyasəti həyata keçirilməlidir və s. Amma, xüsusi şəkildə qeyd etmək istəyirəm ki, bütün bunları etmək üçün ali və vahid siyasi iradə gərəkdir. Əks halda vəziyyətin daha da ağırlaşacağı proqnozlaşdırılır…

Xəyal