Rövşən Əhmədli: «İşıqlı insanları təcrid edib, cəmiyyəti zülmətə çevirmək istəyirlər»
İslam Partiyasının lideri Mövsüm Səmədovun iki həftə əvvəl cərimə kamerasına (karserə) köçürüldüyü haqda məlumat vermişdik. Onun vəkili Anar Qasımlı “Turan”a bildirib ki, Səmədovun həbsinin səbəbini bilmir.
Şənbə günü vəkil Səmədovla görüşmək üçün 11 saylı cəzaçəkmə müəssisəsinə gedib, lakin orderin olmaması bəhanəsi ilə ona görüş verməyiblər. Vəkilin sözlərinə görə, görüşdən imtinanın əsl səbəbi islamçıların liderinin karserə köçürülməsi haqqında məlumatın yayılmaması üçündür.
Penitensiar Xidmətdən Səmədovun karserə salınması ilə bağlı şərh verməkdən imtina edərək, cəzaçəkmə müəssisəsinin belə qərarlar qəbul etmək hüququ olduğunu qeyd ediblər.
Görünür, hakimiyyət etirazçı insanları həbs etməklə də hirsini soyuda bilmir. Həbsaxana şəraitində də öz qanunsuz əməllirini davam etdirirlər.
Islam partiyasının sədr müavini Rövşən Əhmədli hesab edir ki, hakimiyyət Mövsüm Səmədov və bu qəbildən olan vicdanlı, mübariz insanları hətta həbsaxanada da təhlükəli hesab edir. “Insanları həbsxana şəraitində ikinci dəfə təcrid edərək karserə salırlar. Təbii ki, bu, insana həm psixoloji, həm də fiziki cəhətdən mənfi təsir göstərir. Mövsüm Səmədov həmişə millətinə, vətəninə xidmət edən və bütün çətinliklərə baxmayaraq öz əqidəsinə, sözünə sadiq qalan adamdır. Partiya sədri olduğu müddətdə də Mövsüm Səməsdov çalışıb ki, hakimiyyət və xalq münasibətləri müsbət istiqamətdə inkişaf etsin, insanların haqqı müdafiə olunsun, qanunun aliliyi təmin olunsun, korrupsiyaya, rüşvətə son qoyulsun. Bu fikirlərlə daim çıxışlar edib, öz fikrini aydın şəkildə insanlara çatdırıb.
Mövsüm Səmədov kimi insanlar daim ətrafa işıq saçıb, hakimiyyət isə bu cür insanları təcrid etməklə ölkəni zülmətə qərq etmək istəyir. Bu insanalar zülm olunub və bu cür hallar yolverilməzdir”- deyə Rövşən Əhmədli bildirdi.
Xatırladaq ki, Mövsüm Səmədov 2011-ci ilin oktyabrında hakimiyyəti ələ keçirməyə cəhd ittihamı ilə 12 il müddətinə azadlıqdan məhrum edilib.
İlham Hüseyn


