Cəmiyyət həmişə haqlıdırmı?

Yasaqlar, qadağalar ətrafımıza çəkilmiş tikanlı məftillərə bənzəyirlər. Onların arasında vurnuxa-vurnuxa yaşayırıq. Bəlkə də digərləri bunu hiss etmir, çünki cəmiyyətlə hakimiyyətin də öz sərhədləri olur və biz həmin o sərhəddəyik. Özü də düz 20 ildir! 20 ildir ki, bu tikanlı məftilləri – yasaq və qadağaları ətrafımıza hörürlər. Bu tikanlı məftillərdən o biri tərəfdə tamam başqa həyatdır. Məhz o həyatı itirməmək üçün hakimiyyətdəkilər bizi özlərindən tikanlı məftillərlə – yasaq və qadağalarla ayırırlar… 
Başqalarına gəldikdə isə, böyük əksəriyyət o sərhədlərdən uzaqda olmağı üstün tuturlar. Ona görə də elə təsəvvür yaranır ki, bu insanlar hakimiyyətin gündən-günə artan qadağalarının fərqində deyillər.
Siyasətə yaxın adamlara həmişə tövsiyyə olunur ki, cəmiyyəti heç vaxt açıq mətnlə qınamayın, hətta iradınız olsa belə, onu üsütörtülü şəkildə deyin. Istehsalat adamları “Istehlakçı həmişə haqlıdır!” dediyi kimi biz də hər an “Cəmiyyət həmişə haqlıdır!” deməyə məcburuq.
Bu, bir siyasi qaydadır, o səbəbdən ki, hər bir cəmiyyət üzvü həm də seçicidir, seçicilərin səslərini isə itirmək olmaz, hətta indi olduğu kimi bu səslər heç nəyə yaramayanda belə!
Cəmiyyətlə qarşıdurmaya gedib böyük Sabir, Mirzə Cəlil, M.F.Axundov və hətta Volter olmaq mümkündür, amma heç bir vaxt siyasət adamı olmaq mümkün deyil. Volteri böyük satirik, ilk hüquq müdafiəçisi sayırdılar, hökmdarlar hətta bəzi məsələlərdə onu eşidirdilər, elələri vardı ki, hətta onun rəğbətini qazanmağa cəhd edirdilər, amma onu siyasət adamı saymırdılar. Indiki dövrdə isə məsələ daha qəlizdir. Artıq maarifçiliyi də qəbul etmirlər. Deyirlər ki, cəmiyyət çoban dəstəsi deyil ki, onlara dərs keçəsiniz! Xəbərinizi çatdırın, qalanı isə artıq cəmiyyətin öz işidir, özləri bilərlər, hansı nəticəni çıxarmaq lazımdır bu xəbərlərdən! Siz yalnız xəbər çatdırın, xəbər istehsal edin. Qalanı, artıq qeyd etdiyimiz kimi, cəmiyyətin öz işdir.
Bir sözlə, yazı adamlarına yalnız xəbərləmək, siyasət adamına isə insanların istədiklərini dilə gətirmək qalır. Bəli, yazı adamının da, elə siyasət adamının da missiyası budur. Cəmiyyət bəzən heç fərqində olmur ki, onlara xəbər çatdırmaq üçün jurnalist hansı maneələri dəf etməli olur! Onlar hətta bilmirlər ki, cəmiyyətin istəklərini dilə gətirmək siyasətçi üçün bəzən nə qədər risqli olur!
Mən bu yazını cəmiyyəti qınamaq məqsədi üçün nəzərdə tutmamışdım. Sadəcə, spontan şəkildə belə alındı. Bilirsiniz, hamımız çörək yeyirik. Hamımız da bilirik ki, çörəyin olması üçün o, əkilməlidir, biçilməlidir, bişirilməlidir. Bu zəncirin hər hansı birinin qırılması o deməkdir ki, artıq çörək olmayacaq. Və biz hamımız hazırıq ki, bu zəncirin qırılmaması üçün əlimizdən gələni edək və edirik də.
Bunu xəbər haqqında da demək olar. Bunu siyasət haqqında da demək olar. Amma burada əks rabitəni görmürük. Əks-rabitə yoxdur. Məsəl var, deyirlərə ki, suda boğulanların xilası suda boğulanların öz işidir. Cəmiyyət də eyni qayda ilə fikir yürüdür: düşünürlər ki, jurnalistlərin problemlərini onların özləri həll etməlidir.
Eləcə də deyirlər ki, siyasət adamları cəmiyyətin köməyi olmadan da keçinə bilərlər, sanki yazıq siyasətçilərin hər birinin öz xalqı, ordusu, hətta topu-topxanası var…
Baxanda siyasətçinin işi yenə də asandır. Bəli, onlar hakimiyyəti dəyişmək istəyirlər. Yazı adamının işi isə lap qəlizdir: o, cəmiyyəti dəyişməlidir! Hakimiyyəti dəyişməyə nə var ki…
Onlar onsuz da beş ildən, on ildən bir dəyişirlər. Sən gəl cəmiyyəti dəyiş, görüm, necə dəyişirsən? Mən indi başa düşməyə başlamışam ki, nədən bəzi insanlar – cəmiyyəti dəyişmək istəyənlər ömürlərini tənhalıq içində başa vurmalı olublar! Yalnız indi bunu anlamağa başlamışam.
Siyasətçilər çox nadir hallarda cəmiyyəti dəyişmək haqqında fikirləşir. Düzdür, böyük siyasətin elə dönəmləri olur ki, bunu da etmək lazım gəlir. Onu inkar etmirik.
Amma belə dönəmlər bir qayda olaraq yazı adamlarının on illərlə davam edən gərgin əməyindən sonra gəlir. On illər ərzində hansısa ideyalar cəmiyyətə aşılanır və siyasətçilərin özlərinə bu ideyalar sirayət edir.
Bir gün gəlir, elə məqam yetişir ki, siyasətçilərin sırasından bu ideyaları əxz etmiş bir nəfər çıxır və o, həmin bu ideyaları cəmiyyətə qəbul etdirir, onları qanunlara və qaydalara çevirir. Bununla da böyük bir proses başa çatır və növbəti proses başlayır. O vaxt müəlliflik söhbəti olmur, heç kim müəlliflik savaşı açmır, çünki bununla böyük bir proses yekunlaşır. Böyük işlərin görüldüyü bir vaxtda heç xırda söhbətlərin yeridirmi?