Şəmkir korpusunun 6 zabiti azadlıqdan məhrum edilib

Ötən ilin martında Müdafiə Nazirliyinin Şəmkir korpusunun Qazax rayonu ərazisində yerləşən “N ” saylı hərbi hissəsində erməni diversiya qrupu əsgərlərimizin səngərinə qumbara atmış və nəticəsində iki əsgərimiz şəhid olmuşdu. Daha bir erməni diversiyası isə ötən ilin iyununda baş vermiş və bu dəfə 5 əsgərimiz həyatını itirmişdi.
Moderator.az saytının yaydığı məlumata görə, baş vermiş hadisədə günahkar bilinən 6 zabit Gəncə Hərbi Məhkəməsinin qərarı ilə müxtəlif müddətlərə azadlıqdan məhrum edilib. “N” saylı hərbi hissənin komandiri polkovnik Leytenant Adışov Nail 4 il 6 ay, hərbi hissənin qərargah rəisi polkovnik leytenant Elşad İsmayılov 4 il, 2-ci taborun komandiri mayor Asim Sadıqov 4 il, 2-ci taborun qərargah rəisi mayor Rövşən Novruzov 4 il ,5-ci bölüyün komandiri baş leytenant Elşən və 6–cı bölüyün komandiri Kənan adlı zabit 4 il azadlıqdan məhrum edilib.
Hərbiçilər strateji yüksəklik olan postlarda canlı qüvvənin sayını azaltdıqları üçün günahkar bilinib. Hərbiçilər çıxışlarında bu qanlı olaya görə əsas günahkarın Müdafiə Nazirliyində axtarılmasını tələb ediblər. Onlar bildiriblər ki, Azərbaycan Ordusunun mövqelərində  olan əsgər saylarının artırılıb-azalması səlahiyyətini Müdafiə Nazirliyi vasitəsilə korpus komandiri həyata keçirə bilər.
Zabitlər hökmdən Apellyasiya şikayəti verəcəklərini bildiriblər. Hərbçilər hazırda Gəncədəki 2 saylı istintaq təcridxanasında saxlanılırlar.