Sülh üzrə Nobel mükafatı laureatı Rajendra Paçauri keçən ilin yayından okean suyunun səviyyəsində 17 santimetrlik artım olduğunu bildirib. Paçauri sel, quraqlıq kimi fəlakətlər olacağını və bir çox heyvan növünün yox olacağını deyib.
Türkiyənin Boğaziçi Universitetinin 150-ci ilinə həsr olunmuş tədbirlər çərçivəsində Türkiyəyə dəvət edilən Hökumətlərarası İqlim Dəyişikliyi Panelinin rəhbəri Paçauri “İqlim dəyişikliyi: enerji-ekologiya” mövzusunda keçirilən seminarda iqlim dəyişikliyi ilə bağlı mümkün fəlakətlərə diqqət yönəldib.
Dünyada aparılan iqlim dəyişikliyi siyasətini tənqid edən Paçauri şimal yarımkürəsində qar və buzların əriməsi səbəbindən suyun səviyyəsinin 17 santimetr artdığını, kiçik adaların çoxunda isə bu artımın 1 metrdən yuxarı olduğunu deyib: “Buzlar əridikcə dəniz suyu qalxacaq. Milyonlarla insan bu səbəbdən sel fəlakətiylə qarşılaşacaq. Yağış, nəmişlik, istilər xüsusilə turizm sektoruna ziyan vuracaq”.
Qarşıdakı illərdə dünyanın bütün bölgələrinin qlobal istiləşmənin təsirinə məruz qalacağını bildirən Paçauri bir çox yerdə fəlakətlərin qaçılmaz olduğunu qeyd edib: “Cənubi Avropanın quraqlıq, Afrikanın aclıq, Şimal dənizinin sahilindəki ölkələrin isə sel fəlakətiylə qarşı-qarşıya qalması təhlükəsi var. 2020-ci ilə qədər Afrikanın bəzi bölgələrində kənd təsərrüfatının məhsuldarlığı 20-30 faiz azalacaq. Bu da aclıq, qida çatışmazlığı problemini yaradacaq. Su mənbələrimiz azaldığı üçün kənd təsərrüfatı məhsulları azalacaq. Dağlarda qar örtüyü azalacaq. Bir çox heyvan növü tükənəcək. Su mənbələri quruyacaq, ölüm səviyyəsi artacaq”. (mediaforum.az)


