Həbsdəki “NİDA”çılardan birinin səhhəti pisləşib

Zaur Qurbanlıya “Azadlıq” qəzeti verilmir

Mayın 20-də vəkil Xalid Bağırov Bakı İstintaq Təcridxanasında “Nida” Vətəndaş Hərəkatının üzvü Zaur Qurbanlı ilə görüşüb.

“Media forum” saytına açıqlamasında vəkil deyib ki, həbs olunduğu gündən Zaur Qurbanlı ilə bağlı heç bir istintaq hərəkəti aparılmır.

Xalid Bağırov bildirib ki, fəalın əsas problemlərindən biri onun saxlanma şəraiti ilə bağlıdır: “Altı nəfərlik kamerada səkkiz yataq qoyublar. Kamerada doqquz məhbus qalır. Bakı İstintaq Təcridxanası xüsusi standartları ilə seçilən müəssisədir. Zaur Qurbanlının saxlandığı kamerada bu cür durum çox təəccüblüdür. O, talassemiya, bronxial astma və böyrək xəstəliyindən əziyyət çəkir. Kamerada bu cür şərtlər altında saxlanması onun nəfəs almasını çətinləşdirib, səhhətində problemlər yaranıb”.

Vəkil əlavə edib ki, gənc fəalın abunə olduğu “Azadlıq” qəzeti ona verilmir.

Zaur Qurbanlı aprelin 1-də həbs edilib. Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində ona mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq partlayıcı maddələr əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə ittihamı irəli sürülüb. Nəsimi Rayon Məhkəməsi onun haqqında 3 aylıq həbs qərarı çıxarıb.