Vəkil Aslan İsmayılovdan aldığımız məlumata görə, Rəşad Ramazanov artıq istintaq təcridxanasına köçürülüb. Onu bu gün Kürdəxanıdakı 1 saylı istintaq təcridxanasına küçürüblər.
***
Ombudsman Aparatı Daxili İşlər Nazirliyinə müraciət edərək dindar bloqçu Rəşad Ramazanovun Bakı İstintaq Təcridxanasına köçürülməsini istəyib. Qurumun şöbə müdiri Vüqar Məhərrəmov “Media forum”a belə deyib.
Rəşad Ramazanovu (Rəşad Həqiqət Ağəddin) mayın 9-da Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi saxlayıb. Ona Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri saxlamaq və satmaq) maddəsi ilə ittiham irəli sürülüb. Bloqçu haqqında 3 aylıq həbs qətimkan tədbiri seçilib.
Mayın 17-də vəkil Aslan İsmayılov Rəşada saxlanıldığı idarədə işgəncələr verildiyini bəyan edib.
Mayın 20-də “Media forum”a danışan Ombudsman Aparatının şöbə müdiri Vüqar Məhərrəmov deyib: “Daxili İşlər Nazirliyi Rəşad Ramazanova işgəncə verilməsini təkzib edir. Buna baxmayaraq, mayın 21-i, ya 22-də Rəşad Ramazanovla görüşməyə çalışacağıq. Əgər ehtiyac olsa, onun tibbi ekspertizadan keçirilməsi üçün də müraciət edəcəyik”.


