Səbəb onlara çatacaq evlərin alver predmetinə çevrilməsidir
Açılışına Prezidentin də qatıldığı evlərin paylanması şəhəri qarışdırdı
2011-ci ildə Mingəçevir şəhərində istismar müddəti başa çatmış fin tipli qəsəbədə və məktəb binalarında müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə 10 ədəd 9 mərtəbəli binalardan ibarət yeni yaşayış məhəlləsinin salınmasına başlandı. Öncədən də elan edildiyi kimi, binalarda 502 ailə və ya 2006 məcburi köçkünün mənzillə təmin edilməsi nəzərdə tutulmuşdu (ailələrin 471-i Ağdam, 25-i Kəlbəcər, 6-sı isə hər biri üç-üç olmaqla Füzuli və Şuşadan olmalıydı). 9 ha ərazini əhatə edən yeni yaşayış massivində 480 şagird yerlik məktəb binası, klub-icma mərkəzi, inzibati bina, təcili yardım stansiyası və poçt şöbəsi tikilmişdir. Yeni məhəllə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun sifarişi ilə inşa olunmuşdur.
Bəri başdan qeyd edək ki, binaların inşası üçün ayrılmış yer olduqca uğursuz seçilib. Belə ki, ərazinin bir neçə metrliyindən Mingəçevir şəhərini sel-sularından mühafizə kanalı keçib. Bu azmış kimi, binaların inşa olunduğu ərazi vaxtilə qum-çınqıl karxanalarına məxsus olub. Hətta bir ara tikinti prosesinin gedişində binalardan bəzilərinin əyilməsinə dair söhbətlər yayılsa da, sonda bunun ictimaiyyətləşməsinə imkan verilmədi.
Binaların inşası xeyli müddətdən bəri başa çatsa da, məcburi köçkünlərin oraya köçürülməsi hər dəfə müxtəlif səbəblər üzündən yubadılırdı. Əvvəlcə məcburi köçkünlərin yeni binalara ötən ilin sonlarında – yeni il öncəsi köçürüləcəyi bildirildi. Lakin bu, reallaşmadı. Daha sonra bildirildi ki, binaların açılışı ölkə başçısının Mingəçevirə səfəri zamanı gerçəkləşəcək. Belə də oldu. Aprelin 16-da İlham Əliyev Mingəçevirə səfəri çərçivəsində yeni salınan yaşayış binalarının açılış mərasimində iştirak etdi. Ölkə başçısı hətta Ağdam rayonundan məcburi köçkün, şəhid ailəsi Səidə İbrahimovanın öncədən bütün şəraitlə təmin edilmiş mənzilinə baxış da keçirdi. Hər şey bununla da bitdi.
Məcburi köçkünlərin yeni binalarda yerləşdirilməsinə Prezidentin məlum səfərinin bir ayının tamamında başlandı. Ancaq bu, səssiz ötüşmədi. Əldə etdiyimiz məlumatlara görə, buna səbəb məcburi köçkünlərin mənzil təminatını yaxşılaşdırmaq məqsədi ilə inşa olunmuş evlərin yerli qaçqınkomlar alver predmetinə çevrilməsidir. Belə ki, qaçqınkomlar balanslarına verilən bu mənzillərdən sadəcə qaçqınların mənzil problemini həll etmək üçün deyil, həm də qazanc vasitəsi kimi istifadə edirlər. Məcburi köçkünlərin müasir qəsəbə və göydələnlərə yerləşdirilməsinin mərhələli şəkildə həyata keçirildiyindən yerli qaçqınkomlar bundan lazımınca faydalanırlar. Belə ki, qaçqınkomlar müəyyən vasitələrlə məcburi köçkünlər arasında “iş aparır”, tez və qısa zamanda mənzil sahibi olmaq istəyənlərə bunun yolunu öyrədirlər. Köç etmək istəyən ailələrə bir qədər “hərəkətə gəlməsi” xatırladılır. Bu cür təkliflər illərdən bəri dözlüməz şəraitdə yaşayan bəzi qaçqın ailəsini məcburən özünə cəlb edir və bu ailələr bəlli bir məbləğ dəyərində “hərəkət etməklə” yeni mənzillərə sahib olurlar. Yalnız məcburi köçkünlərin deyil, bu kateqoriyaya daxil olmayan şəxsləri də məcburi köçkün kimi yeni mənzillərə qeydiyyata salınmasına dair də məlumatlar var. Belə ki, işğal edilmiş rayon qeydiyyatında olan, lakin həmin rayondan erməni işğalı nəticəsində deyil, dinc dövrdə köçən şəxslər müəyyən bir məbləğ qarşılığında yaşadıqları rayonlarda məcburi köçkün kimi qeydiyyata salınırlar. Qaçqınkom dövlətin ona verdiyi yetkidən istifadə edərək həmin şəxsi arxiv materiallarına da məcburi köçkün kimi qeyd edir. Bundan sonra, həmin şəxs digər məcburi köçkünlərlə eyni hüquqa malik olur ki, bu da ona yalnız məcburi köçkünlər üçün nəzərədə tutulan sosial yardımlardan deyil, həm də mənzil təminatından yararlanmaq imkanı verir.
Mingəçevirdə inşa olunan yeni məhəlləyə köçürülmənin ləngiməsi göstərdi ki, qurumun yerli komitəsi də bu baxımdan istisna təşkil etməyib. Məhz yuxarıda sadalanan səbəblər üzündən yeni binaların paylanması ləngiməklə yanaşı kütləvi narazılıq doğurub. Mayın 19-da Azərbaycan Müəllimlər İnsititutu Mingəçevir filialının yataqxanasında məskunlaşmış bir qrup məcburi köçkün şəhərin Heydər Əliyev prospektini bağlamağa cəhd edib. Əraziyə şəhər polis şöbəsinin əməkdaşları, o cümlədən qaçqınkomun yerli nümayəndələri gəliblər. Məcburi köçkünlrəin iddialarına görə, qaçqınkomun yerli nümayəndələri tərəfindən ümumilikdə 110-a yaxına adamdan pul alınaraq onlara açılışında ölkə başçısının da iştirak etdiyi mənzillərdə yerləşdirliləcəyinə dair söz verilib. Lakin məlum olmayan səbəblərdən sonradan onların yarısının pulları özlərinə qaytarılıb. İddialara görə, mənzillə təmin olunacaq insanlar arasında bir neçə yerdə evi olan, hətta qaçqınlığın ilk günlərindən bugünədək ölkə xaricində yaşayanlar da az deyil. Köçkünlər bildirdilər ki, onlar 20 ildən artıqdır qəzalı vəziyyətdə olan yataqxana binasında yaşayırlar. Bina hər an uçmaq təhlükəsiylə üz-üzədir. Yağış yağanda aşağı mərtəbələr suyla dolur, otaqlara girmək mümkün olmur. Bütün bunların hansı xəstəliklərə yol aça biləcəyi bəllidir, amma heç kimin vecinə deyil. Şəhərə hər yeni təyin olunan icra başçısı binanın üzünü bəzətdirir, amma içərisindən xəbərləri yoxdur. Yeni mənzillərdə bu cür şəraitdə yaşayan insanlar təmin edilməli olduğu halda bunlar evləri müxtəlif yollarla satıb pul qazanırlar.
Qeyd edək ki, polisin müdaxiləsindən sonra yolda nəqliyyatın hərəkəti bərpa olunub. Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin yerli nümayəndəliyindən bildirildi ki, deyilənlərin heç bir əsası yoxdur: “O ki qaldı yataqxanayla bağlı məsələyə, həmin yataqxana istifadəyə yararlı deyil, lakin yeni tikilən yaşayış binaları yataqxana sakinləri üçün nəzərdə tutulmayıb”.
Azər


