AXCP maneələri aşaraq səfərbər olunur

Cəbhəçilərin Balakən müşavirəsi baş tutdu

AXCP –nin rayonlarda müşavirələri davam edir. Bu gün AXCP sədrinin müavini Gözəl Bayramlı və partiya qadınlar şurasının üzvü Nüşabə Atakişiyeva Balakən rayonunda yerli cəbhəçilərlə görüşüb. 100-ə yaxın cəbhəçinin iştirak etdiyi müşavirədə ölkədəki ictimai-siyasi vəziyyət müzakirə edilib, partiya sədrinin tapşırıqları yerli cəbhəçilərə çatdırılıb.

Bu gün ki, müşavirədə həmçinin partiya sıralarına 10 nəfər yeni üzv qəbul edilib və AXCP Balakən rayon şöbəsinin qadınlar şurası təsis edilib. İntizar Alqayev qadınlar şurasının sədri seçilib.
Müşavirədə AXCP Balakən şöbəsinin sədri Məhərrəm Mehdili, Ali məclisin üzvü Fikrət Alqayev və digər cəbhəçilər çıxış ediblər.
Gözəl Bayramlı qazetimizə açıqlamasında bildirdi ki, bəzi obyektiv səbəblər üzündən kəndlərdəki cəbhəçilər tam heyətlə müşavirədə iştirak edə bilmədilər. “ cəbhəçilər yüksək mübarizə əzmindədilər və heç bir təzyiq onları qorxutmur. Balakən rayonundakı görüşümüz bir daha göstərdi ki, hakimiyyət insanların etiraz ruhunu öldürə bilməyib. Tezliklə Balakən rayonunda gənclər komitəsini  də yaradacağıq. Çünki bu gün 10 gənc də partiya sıralarına üzv oldu”.