«Əliyevlərin yenidən seçki saxtakarlığı ilə iqtidarda qalması artıq beynəlxalq gündəmin mövzusu deyil»
«Baş verən prosesləri analiz edən köhnə qvardiyaçılar anlayırlar ki, iqtidarın sonudur»
Asəf Quliyev: «Vaxtilə YAP Naxçıvanda qurulanda AXC hakimiyyəti onlara tədbir keçirmək üçün hər cür şəraiti yaratmışdı»
Seçki ərəfəsində hakimiyyətin ölkədə baş verənlərdən narahatlıq keçirdiyi aydın hiss olunur. Hakimiyyət təmsilçilərinin son bəyanatlarında özünə güvənin olmaması bunu bir daha təsdiqləyir. YAP sədrinin müavini – icra katibi Əli Əhmədov partiyanın yerli strukturlarında son zamanlar dönə-dönə bir ifadəni səsləndirməkdədir: – “arxayınçılığa yol vermək olmaz”. Hazırda YAP rəhbərliyində müşahidə olunan inamsızlığın səbəbi nədir? AXCP sədrinin müavini Asəf Quliyevlə müsahibəyə bu sual ilə başladıq.
– Ölkədəki seçkiöncəsi ictimai-siyasi vəziyyət ortadadır. Artıq ölkədəki real siyasi vəziyyəti hamı görür. Toplum artıq siyasətə biganə görünmür. Hakimiyyət daxilində də baş verən proseslərə bu cür münasibətin sərgilənməsi təsadüfi deyil. Iqtidar anlayır ki, 2013-cü il seçkiləri bunlar üçün son nöqtədir. Ona görə də hakimiyyət ciddi təlaş keçirməkdədir. Tək cəmiyyətdə deyil, hakimiyyətin öz daxilində də baş verən proseslər göstərir ki, artıq hakimiyyətin içərisində də müxtəlif fikirlər var. Qruplaşmalardan hər biri öz namizədini müdafiə etmək niyyətindədir. Baş verənlərdə də ən mühüm məsələ hakimiyyəti indiyə qədər dəstəkləyən beynəlxalq güclərlə bağlı durumdur. Əliyevlər hakimiyyətinin yenidən seçkiləri saxtalaşdıraraq iqtidarda qalması artıq gündəmin mövzusu deyil. Bu il seçkiyə qədər bu münasibəti hiss edəcəyik. Hakimiyyət artıq o dayağı, arxanı itirib. Hakimiyyətin üzü də yoxdur ki, cəmiyyətə müraciət etsin və toplum bunları dəstəkləsin. Hakimiyyət bilir ki, normal seçki keçirilərsə, xalq bunlara səs verməyəcək.
“Hakimiyyət demokratik seçkiyə qadir deyil”
– Hakimiyyətin seçki ərəfəsində seçki qanunvericiliyini sərtləşdirməsi, cəza tədbirlərini artırması, söz və fikir azadlığına, internetə qoyduğu qadağalar sübut edir ki, iqtidar islahatlar aparmaq niyyətində deyil. Belə olan təqdirdə hakimiyyətin bu cür siyasət aparması, köhnə idarə üsulunu qorumaq üçün cəhdlər göstərməsi perspektivdə nə vəd edir?
– Hakimiyyət hazırkı durumunda heç cür islahata gedə bilməz. Islahata getmək hakimiyyət üçün siyasi iqtidarı təhvil vermək demək olacaq. Çünki istər 1998, istərsə də 2003-cü il prezident seçkiləri olsun hakimiyyət hər iki seçkini uduzduğunu açıq şəkildə görüb. Qarşıdan gələn seçkilər isə demokratik keçirilərsə, hakimiyyət beş faizdən artıq səs toplaya bilməz. Ona görə cəza tədbirlərinin gücləndirilməsi bir nəticə verə bilməz. Hazırda beynəlxalq təşkilatların hakimiyyətə ciddi təzyiqləri var. Amma hakimiyyətin davranışlarından belə görünür ki, bu təzyiqlər heç də o demək deyil ki, seçki qanunvericiliyinə dəyişiklik ediləcək. Təbliğat müddətinin 3 aydan 45 günə endirilməsi, müxtəlif cəza tədbirlərinin miqyasının genişləndirilməsi onu göstərir ki, hakimiyyət bu seçkini də saxtalaşdırmağı və bu yolda zora müraciət etməyi nəzərdə tutur. Amma hakimiyyət başa düşməlidir ki, Azərbaycanda seçki saxtalaşdırılacaqsa, demokratik seçki mühüti yaradılmayacaqsa, bu onların daha radikal formada hakimiyyətdən getməsinə səbəb olacaq. Biri var demokratik seçki keçirilsin, normal yol ilə hakimiyyət dəyişikliyi baş versin. Biri də var kəskin qarşıdurma yaşansın və hazırda hakimiyyətdəkilərin gələcək taleyinə mənfi təsir göstərə biləcək dəyişikliklər baş versin. Amma hazırda ölkədə baş verənlər sübut edir ki, bu hakimiyyət nə demokratik seçki keçirməyə qadirdir, nə də bu niyyəti var.
“Köhnə YAP-çılar siyasi gələcəklərini düşünürlər”
– Hakimiyyətin özündə də bir qarşıdurma yaşanır. Amma maraqlısı odur ki, bu dəfə YAP-ı və hakimiyyəti daxili qruplaşmaların təmsilçiləri deyil, hakim partiyanı vaxtilə yaradanlar ittiham edir. Onlar partiyanın indiki rəhbərliyini heydərçiləri sıxışdırmaqda ittiham edirlər. Baş verən bu olayların seçki ilində cərəyan etməsi nəyin görsənişidir?
– Müəyyən zamanda bu hakimiyyətdə təmsil olunanlar hazırda dünyada gedən prosesləri görür və baş verənləri anlayırlar. Onlardan bəziləri həqiqətən də o qədər incidiliblər, hakimiyyəti bürüyən oğurluqdan, quldurluqdan o qədər beziblər ki, hazırkı durumdan narahatdırlar. Hakimiyyət daxilində mütəmadi nüfuz və iqtisadi resurslar uğrunda savaş gedir. Bu da hakimiyyət içində parçalanma yaradır. Bütün bu baş verən prosesləri analiz edən köhnə qvardiyaçılar anlayırlar ki, iqtidarın sonudur. Digər tərəfdən, bu şəxslər hazırkı mövqeləri ilə onu da nümayiş etdirirlər ki, bizim öz fikrimiz var və hakimiyyətdə baş verənlərin əleyhinəyik. Bu isə onların gələcəkdə siyasi reablitasiyasına imkan yaratmış olur. Hakimiyyət daxilində hazırda baş verənləri görərək, öz gələcəklərini müəyyənləşdirən ağıllı adamlar da az deyil. YAP-ın seçkiyə namizəd təyin etəmsi problemli bir məsələyə çevrilib. Düşünürəm ki, bu məqam daxildəki gərginliyi günü-gündən artıracaq. Bundan sonra hakimiyyətdəki qüvvələrin daha kəskin və radikal çıxışlarının şahidi olacağıq. Bu hakimiyyətdə olan ağıllı insanlar da açıq formada olmasa da, gizli mesajlarını verirlər. Zamanı gələndə bu şəxslər xalqa doğru addımlarını atacaqlar.
“Milli Şura demokratik mübarizəyə töhfə olacaq”
– Milli Şuranın yaradılmasıyla bağlı proseslər cəmiyyət tərəfindən diqqətlə izlənilir. Gözləntiləriniz nədən ibarətdir? Təşkilatın yaradılmsı ölkədə baş verən proseslərə necə təsir edə bilər?
– AXCP hələ xeyli əvvəl partiyanın seçki strategiyası kimi müxalifətin geniş koalisiyada bir araya gəlməsinin zəruri olduğunu dilə gətirmişdik. AXCP-nin ümumi məqsədi odur ki, müxalifət böyük birliyini yaradaraq, seçkiyə vahid komanda şəklində daxil olsun. Ona görə dəyərli ziyalımız Rüstəm Ibrahimbəyovun Milli Şura ilə bağlı ideyasını partiya olaraq dəstəklədik və bu ideyanın, birləşməyin tərəfdarı olduğumuzu söylədik. AXCP-nin bir il bundan əvvəl ortaya atdığı birlik ideyasının adı başqa olsa da, eyni mahiyyətli idi. Bu gün artıq Milli Şuranın yaradılmasının son mərhələsi gedir. Düşünürəm ki, Milli Şuranın yaradılması həm siyasi partiyalar, həm də ictimaiyyət nümayəndələrinin fəaliyyəti üçün münbit şərait yaradacaq. Cəmiyyətin sosial sifarişinə uyğun olaraq Milli Şura yaranmasının son mərhələsinə qədəm qoyub. Yaxın günlərdə təşkilatın elan olunmasının şahidi olacağıq. Hakimiyyət Milli Şuranın yaranmasından narahatdır. Ona görə müxtəlif yollarla bu təşkilata kölgə salmağa çalışır. Amma bütün bu mərhələlər arxada qalıb və heç bir nəticə verməyəcək. Milli Şuranın yaradılması ölkədə demokratiya uğrunda gedən mübarizəyə öz töhfəsini verəcək.
– Hakimiyyət hazırda beynəlxalq aləmlə konfrantasiya şəraitindədir. Qərbə qarşı sərt mesajlar səslənir. Beynəlxalq güclərlə qarşıdurma şəraitində seçkiyə getmək hakimiyyətə nə vəd edir?
– Hakimiyyət bir şeyi anlamır ki, dünya avtoritarizm rejimlərinin devrilməsi, demokratik dövlətlərin qurulması yolunu tutub. Indiyə qədər hakimiyyət “kürü siyasəti” nəticəsində özünə müəyyən dostlar taparaq lobbiçilik edib. Amma artıq demokratik dünya hakimiyyətdən üz çevirib və mövcud dəyişikliklər dövründə hakimiyyətin rüşvəti onun karına gələ bilməz. Belə olan halda isə hakimiyyət siyasi iqtidarı qoruyub saxlamaq üçün şantaj vasitəsinə əl atıb. Bu siyasətdə nəticə vermədiyinə görə iqtidar aqressivləşir, onda qıcıq yaranır.
“Hakimiyyət mahiyyətinə uyğun siyasət yürüdür”
– AXCP-nin rayonlarda bir neçə görüşü baş tutub. Yerlərdə əhalinin əhval-ruhiyyəsi necədir. Seçkilərə hazırlıq necə gedir?
– Bir neçə gündür ki, əyalətlərdə yerli əhali ilə görüşürük. Görüşlərdə yalnız AXCP üzvləri deyil, xeyli sayda bitərəf insanlar da iştirak ediblər. Onlar ölkədə baş verən prosesləri izləyir və baş verənlərin mahiyyətinə varırlar. Bu görüşlərdə ölkədəki mövcud ictimai-siyasi durum barədə məlumat veririk. Hətta ucqar kəndlərdə belə bizə tez-tez verilən suallardan biri müxalifətin birliyinin nə zaman reallaşacağı ilə bağlıdır. Sözsüz ki, partiyamız üçün fərəhli haldır ki, AXCP-nin, onun sədri Əli Kərimlinin apardığı siyasət məhz müxalifətin birliyinə yönəlib. Digər tərəfdən, artıq cəmiyyətdə siyasi proseslərə böyük maraq yaranmaqdadır. Çünki toplum problemlərin kökünün məhz hazırkı hakimiyyətdən gəldiyini anlayır. Vətəndaşlarla təmaslarımız davam edir. Düşünürəm ki, Milli Şura elan olunandan sonra demokratiya uğrunda mübarizə prosesi daha da sürətlənəcək.
– Hazırda müxalifət partiyalarının rayonlarda görüşlər keçirməsinə problemlər yaradılır və yerli əhalinin siyasətdən mümkün qədər kənar tutulmasına çalışılır. Maraqlıdır, YAP yaranan zaman AXC hakimiyyəti onlara görüşlərin keçirilməsinə problemlər yaradırdımı?
– YAP-ın o zaman Naxçıvanda yaranma prosesini yaxşı xatırlayıram. O zaman nəinki YAP-a, hər bir siyasi partiyaya toplantı və tədbirlərini keçirmək üçün şərait yaradılırdı. Onlara heç bir maneə törədilməyib, əksinə, tədbirlərin böyük zallarda keçirilməsi üçün imkanlar yaradılır, təşkilatçılar texniki qurğularla təmin olunurdu. Bu gün hakimiyyət geniş təbliğat aparır ki, Ilham Əliyevin rayonlarda nüfuzu çox böyükdür. Əgər bu həqiqətdirsə, o zaman nəyə görə digər partiyaların fəaliyyətinə, əhali ilə görüşlər keçirməsinə qarşı çıxırsınız? Bu böyük qanun pozuntusudur. Baş verənlərlə bağlı məhkəmələrə müraciət olunur və gələcəkdə bu faktların hamısı xatırlanacaq. Düşünürəm ki, əslində zor gücü ilə müxalifət partiyalarının əyalətlərdəki müşavirələrinin dağıdılması hakimiyyətin əleyhinə işləyən amildir. Nəticədə iqtidara qarşı insanlarda olan qəzəb daha da artır. Sözsüz ki, bizim üçün bu təzyiqlərin heç bir təsiri yoxdur. Biz haqq səsimizi, partiyanın siyasi xəttini, qarşısına qoyduğu proqrammı sonna qədər davam etdirmək əzmindəyik. Hazırda baş verənlər bir daha onu göstərir ki, hakimiyyət ənənəsinə sadiq qalaraq qaraguruh siyasətinə üstünlük verir və müxalifəti zor gücü ilə cəmiyyətdən ayrı salmağa çalışır. Amma bu addımlar bir nəticə verməyəcək.
Xəyal



