ATƏT-i sıxmaq hakimiyyətin başını ağrıdacaq

Anar Məmmədli: «ATƏT-ə qarşı belə münasibətin acınacaqlı nəticələri ola bilər»

Hakimiyyət ATƏT-in Bakı ofisinin statusunu azltmaqda israrlıdır. XIN rəhbəri Elmar Məmmədyarovun son açıqlamasından da belə nəticəyə gəlmək olur. Bu qurumun ölkəmizdəki fəaliyyətinə toxunan nazir hakimiyyətin ATƏT-in Azərbaycandakı statusunun azaldılmasına yenidən baxmaq istədiyini təsdiqləyərək ofisin işinin layihə koordinatoru səviyyəsinə qədər azaldıla biləcəyi ehtimalını irəli sürüb.
Qeyd edək ki, bu ideya yarananda ABŞ-ın ATƏT-dəki nümayəndəsi buna qarşı çıxmışdı. Vaşinqton bundan əvvəl də yüksək səviyyədə bu ideyanın əleyhinə çıxış edərək Bakının ideyasının ATƏT-də təcrid edilə biləcəyinə işarə edib.
Azərbaycanın bu israrının arxasında nə dayanır və ideyanın reallaşacığ təqdirdə ölkəni nə gözləyir?
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin fikrincə, Azərbaycanda beynəlxalq təşkilatların fəaliyyətinin zəiflədilməsi seçki dönəmində insan hüquqları və demokratiya ilə bağlı məsələlərdə beynəlxalq təpkiləri neytrallaşdırmağa yönəlib. Beynəlxalq təşkilatlarla əməkdaşlıqda maraqsız görünən hakimiyyətin yanaşmasına görə, insan haqları ilə bağlı təpkilər imitasiya xarakteri daşımalıdır. Bu baxımdan ATƏT-in Bakı ofisinə yönəlik dirəniş təsadüfi deyil. Bundan öncə iqtidar Avropa Şurasının fəaliyyətini xeyli zəiflətdi.
Ekspertin sözlərinə görə, ATƏT-ə qarşı belə münasibətin acınacaqlı nəticələri ola bilər. Ən azı ona görə ki, ATƏT Azərbaycanda insan hüquqları və demokratiyanın müdafiəsi yönündə çalışan və bu sahədə texniki dəstək göstərən  peşəkar qurumlardan biridir. Bu baxımdan belə bir institutun fəaliyyətinin məhdudlaşdırılması qəbuledilməzdir.
A.Məmmədli bu addımın ilk növbədə hakimiyyətə ziyan vuracağını deyir. Çünki seçkilərin qiymətləndirilməsi məsələsində ATƏT-in Bakı ofisinin statusu və ABŞ Milli Demokratiya Institutuna yaradılmış şərait göstərici rolunu oynayacaq: “Hakimiyyət bu institutlara hücumla əslində şantaj yolu tutub və prezident seçkilərində barışmaz olduğunu göstərir. Lakin bu yanlış taktikadır. Çünki ATƏT-in Bakı ofisinin fəaliyyətinin azaldılması ilə heç nəyə nail olmayacaqlar. Ola bilər bu bir bazarlıq predmetidir. Bununla beynəlxalq aləmin mövqeyini yumşaltmağa çalışırlar. Ancaq bunun perspektivinə inanmıram. Beynəlxalq təşkilatlara qarşı hücum Azərbaycanda demokratiya ilə bağlı gözləntiləri olan insanların ümidlərini qıracaq”.

Fizzə