Aslan İsmayılov blogger Rəşad Ramazanovun həbsilə bağlı tükürpədici faktlar açıqladı və polisə aparıldı (FOTO/VİDEO)
«İndiyə qədər eşitdiyiniz və gördüyünüz işgəncələr Rəşada verilən işgəncələrin yanında yalandır»
Tanınmış vəkil Aslan Ismayılov dünən Reportyorların Azadlığı və Təhlükəsizliyi Institutunun (RATI) ofisində blogger Rəşad Ramazanovun həbsilə bağlı mətbuat konfransı keçirib. Aslan Ismayılov əvvəlcə Rəşad Ramazanovla tanışlığı barədə məlumat verib: “Rəşad Ramazanov davamlı olaraq ”Facebook”da mənə dostluq göndərirdi. Lakin o səhifəsində təhqirlər yazdığına görə mən onun dostluğunu qəbul etmirdim. Hesab edirəm ki, təhqir yolverilməzdir və mənim təhqirə əl atan insanlara münasibətim mənfidir.
O, mənim elektron poçtuma yazılarını da göndərmişdi. Mən onun yazılarını oxuyarkən gördüm ki, bu adam qeyri-adi istedada malikdir. Kifayət qədər intellekti var. Xüsusilə fəlsəfə və din sahəsində çox biliklidir. Bununla belə mən yenə də onun dostluğunu qəbul etməmişdim. Təxminən bir il əvvəl Vergilər Nazirliyindən gələndə Rəşadla üzləşdim. Mənimlə görüşdü və onun yazdıqları ilə bağlı iradlarımı bildirdim. O da cavab verdi ki, məni 2004-2005-ci illərdə həbs edərək 15 gün Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Idarəsində saxlayıblar və başıma olmazın oyunlar gətiriblər. Ona görə də mən bunlara nifrət edirəm. Mən də dedim ki, heç olmasa indikilərə de, Heydər Əliyev dünyasını dəyişib, onun haqqında təhqir yazma. Rəşad bildirdi ki, siz necə deyirsinizsə elə də edərəm. Insafən bundan sonra o səhifəsində heç kim barədə təhqir yazmayıb”.
Dedi ki, yoldaşım əməliyyat olunmasa öləcək
Aslan Ismayılov bildirib ki, Rəşad Ramazanov bir neçə dəfə onun ofisinə gəlib: “Soruşdurdum nə məsələdir, bəlkə problemin var, cavab verirdi ki, elə-belə gəlmişəm. Sonuncu dəfə mayın 7-də yanıma gəlmişdi. Dedim ki, Rəşad səni problemin var, gizlətmə, de görüm nə olub. Cavab verdi ki, bəs xanımım 8 aydır hamilədir, əgər kesariyyə əməliyyatı olunmasa ölə bilər. Mən dərhal Leyla Şixlinskayaya zəng vurdum. Soruşdum ki, bu əməliyyatın qiyməti neçəyədir. O da cavab verdi ki, 1400 manat. Dedim ki, mənim bir qohumum var, kasıb adamdır, mənə görə nə qədər güzəşt edərsiniz. Dedi 20 faiz güzəşt edə bilərik. Bundan sonra mən başqa bir vəzifəli şəxsə – adını çəkməyəcəm – zəng vurdum, məsələni ona danışdım. Bundan sonra köməkçisi zəng edib dedi ki, getsin filan xəstəxanaya nə lazımdır ediləcək”.
Rəşad özünə qəsd etmək istəyir

Vəkilin sözlərinə görə, bundan sonra Rəşad Ramazanov kitabının çapına kömək istəyib. Aslan Ismayılovun məsləhətilə mayın 9-da “Qanun” nəşriyyatına gedən Rəşad Ramazanovun xanımı mayın 10-da vəkilə zəng vurub: “Bilirsiniz ki, mayın 8-də məni Vəkillər Kollegiyasından çıxarıblar. Başım da buna qarışmışdı. Yoldaşı mənə zəng vurub dedi ki, bəs Rəşad yoxdur. Məndə də Rəşadın nömrəsi olmadığına görə, həm də başım kollegiyadan çıxarılmağımla bağlı məsələyə qarışdığından bunu araşdıra bilmədim. Mayın 13-də Rəşadın yoldaşı növbəti dəfə mənə zəng vuraraq dedi ki, Rəşadı narkotiklə tutublar, Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Idarəsində saxlanılır. Mən onu ofisə dəvət etdim. Burada firmanın vəkillərindən biri Rövşən Şirəliyevlə müqavilə imzalatdırdım. Sonra da zəng elədim tapşırdım ki, Rövşənin Rəşadla görüşünə şərait yaradılsın”.
Aslan Ismayılov bildirib ki, Rövşən Şirəliyev Rəşad Ramazanovla görüşəndən sonra ona bildirib ki, bloggerin vəziyyəti çox pisdir: “Dedi ki, Rəşad özünə qəsd etmək istəyir. Sonradan mən araşdırdım və bəlli oldu ki, Rəşada orada ağlasığmaz işgəncələr verilib. Mən detalları açıqlamaq istəmirəm, amma onu deyim ki, indiyə qədər eşitdiyiniz və gördüyünüz işgəncələr Rəşada verilən işgəncələrin yanında yalandır. Bu adamı hər gün gecə-gündüz döyüblər. Artıq vəkili də onun yanına buraxmırlar. Onu da qeyd edim ki, mayın 13-də Rəşad barəsində həbs-qəti imkan tədbiri seçilib. Amma qanunsuz olaraq hələ Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Idarəsində saxlanılır. Mən oranın istintaq şöbəsinin rəisi Emin Məmmədovla əlaqə saxladım. Dedi yazıqdı o adam, belə etməyin. Onu təcridxanaya köçürün, amma heç bir nəticə yoxdur”
Rəşadın başına elə şeylər gətiriblər ki…
Vəkil bildirib ki, Rəşad Ramazanova vəkili ilə görüşə icazə verilməməsi və onun təcridxanaya köçürülməməsi bloggerin həyatda olmasına şübhələri artırıb: “Bəlkə də Rəşad sağ deyil, ona görə bunlar belə edirlər. Mən buradan Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalara, qeyri-hökumət təşkilatlarına, ziyalılara müraciət edirəm. Rəşadın heç kimi yoxdur. Bu gün onun başına gətirilənlər sabah bizim, balalarımızın başına gətirilə bilər. Rəşad cinayətkar ola bilər, amma ona qarşı bu addımları atmaq heç bir mənəviyyata, insanlığa sığmır. Buna görə Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Idarəsinin rəisi Mirqafar Seyidov, daxili işlər naziri Ramil Usubov istefaya getməli, bu işi törədənlər məsuliyyətə cəlb olunmalıdır. Onun başına elə şeylər gətiriblər ki… Bunu insan olan şəxs edə bilməz. Deməli, həmin idarədə vəhşilər var və həmin vəhşiləri də Ramil Usubov orada saxlayır. Biz hər birimiz Rəşadı müdafiə etməliyik. Bu hadisəni gündəmdən düşməyə qoymamalıyıq, o vaxta qədər ki, Rəşada qeyri-insani şəkildə işgəncə verənlər cəzalandırılsın”.
Aslan Ismayılov ölkə başçısı Ilham Əliyevə də müraciət edib: “Mən bilirəm ki, bu müraciətim ölkə başçısına çatacaq. Çatmasa da, Ramiz Mehdiyev ona çatdıracaq. Deyəcək ki, bir nəfəri tutmuşuq, sizin atanızı təhqir edib, Aslan Ismayılov da onun vəkilidir. Hər halda Ilham Əliyevin bu məsələdən xəbəri olacaq. Mən ondan bu bibarçılıq, vəhşilik barədə tədbir görməyi xahiş edirəm. Əks-təqdirdə aydın olacaq ki, Ilham Əliyev bilir, amma tədbir görmür, özü rəvac verir bu işlərə”.
Vəkil özünə qarşı da təhlükə olduğunu deyib: “Mənə qarşı da təhlükə var. Əgər mənimlə bağlı bir hadisə baş versə, bunun məsuliyyətini şəxsən Ilham Əliyev daşıyacaq. Mən bir daha Azərbaycan ictimaiyyətinə üzümü tutaraq bu məsələyə diqqət etmələri xahiş edirəm. Hamı buna qarşı səsini qaldırmalıdır”.
Aslan İsmayılovu polisə apardılar
Aslan Ismayılov, mətbuat konfransından sonra jurnalistləri Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Idarəsinin qarşısına dəvət edib. Aslan Ismayılov və jurnalistlər idarənin qarşısına çatan kimi əraziyə polis əməkdaşları gəlib. Vəkil polislərə hər hansı aksiyanın keçirilmədiyini deyib. Aslan Ismayılov bildirib ki, sadəcə Rövşən Şirəliyevin Rəşad Ramazanovla görüşünə icazə verilməsini gözləyirlər. Bir qədər sonra polis əməkdaşları Aslan Ismayılova Nərimanv Rayon Polis Idarəsinin rəisi Muradəli Babayevin onu çağırdığını bildirib. Vəkilin cavabı belə olub: “Çağırır, lap yaxşı, onunla görüşəcəm. Amma buradan bir məlumat alandan sonra”. Növbəti dəfə isə polis əməkdaşları vəkilə bildiriblər ki, onlarla getməlidir. Aslan Ismayılov isə deyib ki, onu buradan yalnız zorla apara bilərlər. Polislər də məcburi şəkildə vəkili maşına əyləşdirərək Nərimanov Rayon Polis Idarəsinə aparıblar.



Idarədən çıxandan sonra Aslan Ismayılov “Azadılq”a bildirib ki, rəis ondan nə baş verdiyini soruşub: “Rəislə görüşdüm, nə baş verdiyini soruşdu. Məlum oldu ki, bunların Rəşad Ramazanovun həbsindən, ümumiyyətlə bu məsələ ətrafında baş verənlərdən məlumatsızdırlar. Mən də olanları danışdım və bildirdim ki, tələbimiz odur ki, vəkilə Rəşad Ramazanovla görüşə icazə verilsin və o, təcridxanaya köçürülsün”.
Aslan Ismayılov deyib ki, o, polisə aparılanda Rövşən Şirəliyev Rəşad Ramazanovla görüşüb: “Deyiblər ki, ya bu gün axşam (dünən – V), ya da sabah (bu gün – V) Rəşad Kürdəxanıdakı təcridxanaya köçürüləcək”.
Vidadi



