Ziyalılar Birliyindən tanınmış vəkilə dəstək

Azərbaycan  Ziyalılar  Birliyi vəkil Aslan İsmayılovu müdafiə edən bəyanat verib. Bəyanatda deyilir:

“Azərbaycan Ziyalılar Birliyi ölkəmizin tanınmış ictimai-siyasi xadimi, istedadlı hüquqşünas,  demokratik fikirli ziyalı, vəkil Aslan İsmayılovun Respublika Vəkillər Kollegiyasından çıxarılmasını ölkəmizdə müstəqil və ədalətli vəkillik institutunun, eləcə də demokratik təsisatların boğulmasına yönəli qərəzli bir addım sayır.
Azərbaycan Ziyalılar Birliyi Vəkil Aslan İsmayılovun Azərbaycanda hüquqi dövlət quruculuğunda, onun inkişafında, habelə Beynəlxalq standartlara uyğun hüquqi islahatların aparılmasında cəsarətli və proqmatik təkliflər irəli sürən prinsipial və professional hüquqşünas kimi, yüksək dəyərləndirir və onu tezliklə Vəkillər Kollegiyasına bərpa olunmasını tələb edir! Ümid edirik ki, vətənimizdə demokratik dəyərlərin inkişafı naminə Aslan İsmayılovun timsalında aktiv ictimai-siyasi mövqe sərgiləyən ziyalılarımız təqib olunmayacaq, onlara qarşı aparılan aqressiv hərəkətlərə son qoyulacaqdır!
Ölkədə QANUN ŞAH olmalıdır! – Bu, Aslan İsmayılovun, eləcə də mütərəqqi düşüncəli hər bir azərbaycanlının arzusudur!

Fürsətdən istifadə edərək, Ziyalılar Forumunun təsisçilərindən olan, parlaq siyasi xadim və ləyaqətli şəxsiyyət Gültəkin Hacıbəyliyə qarşı son zamanlar aparılan riyakar və sinizmlə dolu şər-böhtan kompaniyasına öz etirazımızı bildiririk. Eynulla Fətullayev kimi simasını və əqidəsini itirmiş kəslər yarasa kimi işıqdan qorxurlar. Gültəkin Hacıbəyli isə hər zaman işıq saçan, millətin fəxr elədiyi nadir şəxsiyyətlərdəndir”.

Bəyanatı Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev imzalayıb