Azərbaycan hakimiyyətinin Tehrandan narahatçılığı davam edir
Qafqaz Müsəlmanları Idarəsinin rəhbəri Allahşükür Paşazadə yaxın günlərdə Irana səfər edəcək. Bu barədə məlumatı Iranın “Mehr” agentliyi Iran Xarici Işlər Nazirliyinin yeni sözçüsü Seyid Abbas Əraqçıya istinadən yayıb. Seyid Abbas Əraqçı bunu dünən yerli və xarici jurnalistlər üçün keçirdiyi ilk həftəlik mətbuat konfransında bildirib.
Bəzi mülahizələrə görə, Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevin ardınca Allahşükür Paşazadənin Irana səfər etməsi Azərbaycan hakimiyyətinin seçki ərəfəsində rəsmi Tehrandan narahatçılığından irəli gəlir. Məsələ burasındadır ki, hazırda Iran-Azərbaycan münasibətləri ürəkaçan deyil. Hökumət isə seçki ərəfəsində yaxın qonşusu ilə münasibətləri yoluna qoyub, gözlənilən təhlükələri önləməyə çalışır. Üada salaq ki, Ramiz Mehdiyevdən bir müddət əvvəl də PA-nın şöbə müdiri Əli Həsənov bu niyyətlə Irana səfər etmişdi. Lakin həm Əli Həsənovun, həm də Ramiz Mehdiyevin səfərləri arzu edilən nəticəni vermədi. Əli Həsənovun səfərində sonra Azərbaycanlı şairlər Iranda həbs edildi. Ramiz Mehdiyevin səfərindən sonra isə Milli Elmlər Akademiyasının əməkdaşı Xalidə Xalid Iranda tutuqlandı. Bundan başqa PA rəhbərinin səfəri ərəfəsində onun Iran rəsmiləri ilə görüşlərində konfidensial danışıqları ictimaləşdirildi. Üstəgəl Ramiz Mehdiyevin Iranın ali dini rəhbəri Seyid Əli Xamneyilə ilə görüşə bilmədi. Hər halda PA rəhbəri Azərbaycan hakimiyyətinin siyasi xəttini yönətən şəxsdir və bunu Iran rəsmiləri də bilməmiş deyil. Ölkənin faktiki ikinci şəxsi olan Ramiz Mehdiyevlə Xamneyi arasında görüş olmaması da bu ölkənin Azərbaycana qarşı münasibətdə yumşalmadığının göstəricisi sayıla bilər.
Görünür, bütün bunlar isə Allahşükür Paşazadənin Irana elçi göndərilməsini zərurətə çevirib. Hakimiyyətin bu seçimində Şeyxin Iranın dini elitası ilə sıcaq münasibətlərinin olması, Xamneyi ilə görüşmək probleminin olmaması rol oynaya bilər. Lakin ekspertlər bildirir ki, Allahşükür Paşazadənin də səfərinin uğurlu nəticəsi olmayacaq. Çünki Iranla Azərbaycan arasında fundamental ziddiyyətlər mövcuddur. Bu ziddiyyətləri Iranın siyasi və ya dini elitası ilə normal münasibətləri olan şəxslərin səfərləri aradan qaldırmaq mümkün deyil.
Azad


