Ilham Əliyevin hətta ən adi, böyük siyasi nəticələr vəd etməyən xarici səfərlərinin ətrafında elə zahiri effektlər, parıltı yaradılır ki, nə qədər çalışsan belə, bu səfərlərin əsas motivini tuta bilmirsən, təbliğat ştamplarının fonundan səfərin rasional tərəflərini görə bilmirsən.
Güman etmirik ki, bu, yalnız təbliğat məsələlərinə məsul olan şəxslərin və yaxud da hakimiyyətə yarınmağa cəhd edən media strukturlarının səylərinin nəticəsidir. Yox, belə deyil. Bu, hakimiyyətin özünün siyasətidir. Xarici siyasət məsələləri ətrafında bilərəkdən elə fon yaradılır ki, onların əsas məqsədləri diqqəti cəlb etməsin.
Nə demək olar? Bəlkə də kiçik dövlətlər üçün, xüsusən də xarici siyasəti böyük qonşuları tərəfindən qısqanclıqla izlənən ölkələr üçün bu, məqbul siyasətdir. Amma heç vaxt unutmaq lazım deyil ki, bu, həm də neçə illərdir ki, “Lissabonda dünyaya meydan oxuyan dövlət başçıları” haqqında siyasi balladalar qoşan ölkənin siyasətidir. Ona görə də nəyin sağlam siyasi məntiq, nəyin siyasi şou olduğunu ayırmaq olduqca çətin məsələdir.
Bu baxımdan Avstriya səfəri də istisna olmadı. Amma uzun müddət diqqəti belə bir detal çəkirdi ki, I.Əliyev bəzi Avropa ölkələrinə ardıcıl səfərlər edirdi və ən başlıcası isə bu idi ki, həmin ölkələr təsadüfən seçilməmişdi.
Ona görə də bu gün deyiləndə ki, Avstriyaya səfərin əsas məqsədi NABUKKO ilə bağlı bəzi detallları araşdırmaqdır, bu, bir o qədər də qeyri-adi görünmür, o səbəbdən ki, Azərbaycan qazının Avropaya ixracı hələ də ölkə siyasətinin əsas hədəflərindən biri kimi qalır.
Nə olacaq, nə baş verəcək, müəyyən razılıq əldə olunacaqmı – bu, artıq yaxın gələcəyin predmetidir. Bizim üçün isə burada diqqəti çəkən bütün bu işlərin hansı fonda baş verməsidir.
Bu il çox mürəkkəb ildir. Tək ona görə yox ki, indi I.Əliyev öz siyasi karyerasının ən mühüm dönəmini razılaşdırmaq ərəfəsindədir, hərçənd ölkə siyasətini izləyəndə görürsən ki, resursların böyük hissəsi məhz bu məsələnin həlli üçün səfərbər edilib.
Bəli, I.Əliyev Qərbin rəğbətini qazanmağa cəhd edir. Bu, elə bir fonda baş verir ki, adam onun başqa çıxış yolunun olmamasına inanmağa başlayır.
Bir tərəfdən Iranla gərgin münasibətlər və siyasi radikallağı ilə seçilən yerli dindarların hələ də ölkənin əsas narazı kəsimini təşkil etməsi, o biri tərəfdən də Rusiya ilə bağlı yaranmış mürəkkəb münasibətlər belə bir nəticəyə cəlməyə və yerli hakimiyyətin fəal şəkildə öz siyasi dayaqlarını möhkəmləndirməklə məşğul olduğuna inanmağa əsas verir.
Ən əsası da Rusiya ilə münasibətlərdir. Ya bilərəkdən, ya da bilməyərəkdən I.Əliyev elə siyasi gedişlər edir ki, bu, istər-istəməz Rusiyanın maraqlarına toxunur. Sanki ulu yaradanın özü bu iki ölkənin – Rusiyanın və Azərbaycanın maraqlarını qarşı-qarşıya qoyub.
Bu mənada Avstriyada danışıqlar predmeti olan Azərbaycan qazı məsələsi də birbaşa Rusiyanın maraqlarına toxunur, çünki Avropa Rusiyanın qaz bazarıdır və o, bu bazara heç kimi şərik etmək istəmir. Keçmiş sovet ölkəsi kimi tanınan bir kiçik dövlətin belə şərikliyə iddia etməsi də təbii ki, bu ölkəni qıcıqlandırmaya bilməz.
Amma münasibətlər tək qaz bazarı üzərində qurulmayıb. Iki ölkənin münasibətlərində bir müddətdir ki, hətta adi bir siyasi təhlilçinin seçə biləcəyi qədər soyuqluq yaranıb. Təhlilçilər bu soyuqluğu Azərbaycanın Avrasiya Ittifaqına soyuq münasibəti və bir də Qəbələ RLS-lə izah edir. Amma bu, Rusiya ilə münasibətlərdə hələ də hər şey demək deyil. Diqqəti belə bir detal çəkir ki, Rusiya ilə münasibətlər hakimiyyətin şəriksiz nəzarətindən çıxır və artıq ölkə müxalifəti də Rusiyaya yollar tapır.
Bunu nə səbəbə hakimiyyətin hələ də sakit seyr etməsini izah etmək çətindir. Amma diqqətlə baxanda görürsən ki, əslində Rusiya ilə bağlı çox böyük çarpışma getdi – diqqətli oxucu yəqin ki, bir neçə ay bundan əvvəl Rusiya ilə bağlı gedən prosesləri xatırlayır, söhbət Rusiya Konqresi ətrafında bir vaxt yaranmış qalmaqaldan, “milyarderlər ittifaqı” ilə bağlı söz-söhbətlərdən gedir.
Indi müxalifət də Rusiyanı maraqlandırmaq gücündə olan insanlarla öz sırasını artırıb – artıq ölkə müxalifəti yalnız “rusofob ştampı” vurulmuş milli müxalifətdən ibarət deyil, onun sıralarına, bir daha deyirik ki, Rusiyanı maraqlandırmaq gücündə olan insanlar qoşulub.
Təbii ki, bu, I.Əliyev üçün seçki ərəfəsində bir o qədər də yaxşı perspektiv vəd etmir. Müxalifəti daha yalnız hakimiyyətin təqdimatında tanımırlar və bütün maneələrə baxmayaraq, müxalifət öz ətrafındakı informasiya blokadasını yara bildi – bunu tam yəqinliklə etiraf etmək olar. Ona görə də bu il ölkəni olduqca maraqlı bir siyasi proses gözləyə bilər…
Kiçik sözardı
Hakimiyyət mətbuatı, hakimiyyətin ideoloqları ciddi şəkildə Milli Şura ətrafında gedən prosesləri izləyirlər. Amma elə davranırlar ki, sanki bu, onlar üçün elə də əhəmiyyətli məsələ deyil və birləşə bilməyən müxalifətin növbəti siyasi oyunudur. Bəlkə də belədir.
Amma tələsməyə dəyərmi? Bəlkə elə doğrudan da müxalifət sübut edəcək ki, bu dəfə hər şey ciddidir, olduqca ciddi…

Rusiya hakimiyyətin inhisarından çıxır?
•


