Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan mayın 14-də ABŞ-a dörd günlük səfərə gedib. APA-nın Türkiyə KİV-lərinə istinadən verdiyi xəbərə görə, Suriyadakı vəziyyət və Türkiyədəki son qanlı terror aktları səfərin əsas müzakirə mövzuları olacaq.
Qeyd edək ki, Ərdoğanı səfərdə XİN rəhbəri Əhməd Davutoğlu, Avropa Birliyi ilə bağlı məsələlər üzrə nazir Egemen Bağış və iqtisadiyyat naziri Zəfər Çaqlayan müşayiət edir.
Türkiyənin baş naziri ilə ABŞ prezidenti B.Obama arasında görüş mayın 16-na planlaşdırılıb. Danışıqların əsas mövzusu Suriyadakı böhran və bu ölkədə qan tökülməsinin qarşısının alınması istiqamətində beynəlxalq səylər olacaq.
R.T.Ərdoğan və B.Obama həmçinin ABŞ və Rusiya arasında bu günlərdə Suriya ilə bağlı beynəlxalq konfransın keçirilməsinə dair əldə olunmuş razılığı da müzakirə edəcək. Bundan başqa, iki liderin görüşündə Türkiyə və İsrail arasında münasibətlərin normallaşması və Türkiyənin daxilindəki sülh prosesinin əsas müzakirə olunacaq məsələlərdən biri olacağı istisna olunmur.


