«Texnikabank»ın işçilərinə qarşı ifadə almaq üçün müxtəlif yollara əl atılıb
77 manata görə MTN-ə müraciət…
“Texnikabank” işi üzrə təqsirləndirilən 25 nəfərdən ifadə verməmiş üçü qalmışdı ki, onlar da dünən dindirildilər. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrlik etdiyi bu məhkəmə prosesində əvvəlcə gənc Polad Talıbov ifadə verdi. O bildirdi ki, guya, bankın Müşahidə Şurasının sədri Etibar Əliyevin rəhbərliyi altında mütəşəkkil cinayətkar dəstənin mövcudluğu və onun özünün də bu dəstənin üzvü olması barədə cinayət işinin materiallarında yazılanlar həqiqətə uyğun deyil.
Başqa bankların müştəriləri, eləcə də Azərbaycana gələn əcnəbi vətəndaşların “Texnikabank”dan kart vasitəsilə çıxardıqları vəsaitlərin sonradan həmin banklar tərəfindən qaytarılmamasına dair verilmiş ittiham ətrafında danışan Polad Talıbov bildirdi ki, bunu saxtakarlıq və yeyinti kimi qələmə vermək düzgün deyil. Çünki burada söhbət həmin əməliyyatlar üçün Isveçrə şirkətində alınmış proqramın təminatında yaranmış problemlərdən gedir. Bir müddət sonra bank aşkarlayıb ki, başqa bankların müştərilərinin çıxardıqları vəsaitin yerinə oturmaması həmin problemlərlə bağlıdır. Və bundan sonra “Texnikabank”ın Idarə Heyətinin sədri olmuş, hazırda isə təqsirləndirilən şəxslər sırasında olan Samir Hüseynovun köməyilə tədbir görülüb, itirilmiş məbləğin bir hissəsinin köçürülməsinə nail olublar. Lakin “Texnikabank” ətrafında yaranmış qalmaqal və onların həbsi bu prosesi başa çatdırmağa imkan verməyib.
“Əlavə parol alıb araşdırdıq, məlum oldu ki, kvalifikasiyanın düzgün aparılmaması belə bir problemə səbəb olub. Bir dəfə də belə problemimiz olmuşdu, o zaman mən VISA və MASTER kart xidmətilə əlaqə yaratdım, onların məsləhətilə problemi aradan qaldırdıq, vəsait yerinə qaytarıldı. Indi də imkan versinlər, çalışıb problemi aradan qaldıraq və vəsaitlər yerinə otursun”, – deyə Samir Hüseynov bildirib.
Polad Talıbov isə ifadəsində onu da qeyd edib ki, istintaq orqanı bu problem nəticəsində banka dəymiş ziyanı da şişirdib: “Dediyim kimi, problem aşkarlanandan sonra müəyyən tədbirlər gördük və vəsaitin bir qismi qaytarıldı, sadəcə, bu prosesi başa çatdıra bilmədik. Bizim hesablamalarımıza görə, dəymiş ziyan 600-900 min arası idi ki, onun da bir qismi qaytarılıb. Istintaq orqanı isə dəymiş ziyanı 2,4 milyon manat göstərib və ziyanın məbləğini şişirdib”.
Bankın Müşahidə Şurasının sədri olmuş Etibar Əliyev də bildirdi ki, heç bir bank bu cür texniki problemlərdən sığortalanmayıb.
Digər təqsirləndirilənlər Elnur Nəsibov, Vasif Cahangirov da ifadə verərək, iş materiallarında göstərilən ittihamların həqiqətə uyğun olmadığını bildirdilər.
“Yalan danışdığının fərqindəsən?”
Daha sonra iş üzrə zərərçəkmiş qismində tanınan 5 nəfər dindirildi. Istintaq materiallarına görə, mənzil alqı-satqısı zamanı bu adamlardan əlavə pul alınıb. Amma zərərçəkmişlərin dindirilməsi bu işlə bağlı bir çox məqamlara aydınlıq gətirdi. Məlum oldu ki, Milli Təhlükəsizlik Nazirliyi (MTN) bu bankda alqı-satqı əməliyyatı aparmış vətəndaşları tapıb hədələyərək, onlardan təqsirləndirilən şəxslərin əleyhinə ifadə vermək tələb olunub.
Məsələn, zərərçəkmiş qismində ilk dindirilən Mehman Qədirovun guya, ondan alınmış 77 manat əlavə pula görə məhz MTN-ə şikayət yazması artıq hər şeydən xəbər verir. Qədirovun dediyinə görə, Nəsimi rayonu ərazisində 38 min 416 manata mənzil alıb. Altı-satqını “Texnikabank”da həyata keçirən zaman ondan 77 manat pul alıblar, qəbz də verməyiblər, ona görə də üz tutub.
Dindirmənin gedişində hakim ondan şikayət etməsinin səbəbini soruşdu:
– 77 manat ailə büdcənizə çox böyük təsir edirdi deyə, MTN-ə müraciət etdiniz?
– Bəli…
Ardınca təqsirləndirilən şəxslərdən biri zərərçəkmişə belə bir sual verdi:
– Yalan danışdığının fərqindəsən?
– …
Zərərçəkmişin ifşası
Digər zərərçəkmiş Yalçın Kazımov isə ifadəsində özünü ifşa etdi. Elə bu “səmimiyyətinə” görə də təqsirləndirilən şəxslər onu alqışladılar.
Kazımov deyir ki, 110 min manata ev alıb, pulu “Texnikabank” vasitəsilə ödəyib. Köçürülmüş vəsaitin bankdan üç gündən tez çıxarılması üçün ondan 250 manat əlavə pul alıblar, qəbz də verməyiblər. O da həmin 250 manata görə MTN-ə ərizə ilə müraciət edib.
Onun danışdıqlarından o da məlum oldu ki, o, bankda baş verənləri gizli şəkildə lentə alırmış.
Vəkillərdən biri Yalçın Kazımova belə bir sualla müraciət etdi:
– Nə əcəb siz polisə, məsələn, “banditizm”ə yox, birbaşa MTN-ə müraciət elədiniz?
– Çünki “banditizm”ə versəydim, qaçıb 1000 manat alacaqdılar, bununla da qurtaracaqdı. MTN isə işi ədalətlə aparır.
– Yaxşı, niyə bankda müdiriyyətə şikayət eləmədiniz?
– Bankın müdiri məni qəbul edərdi bəyəm?
– Bəs nə yaxşı o boyda MTN-də qəbul elədilər…
– …
– Özünüz çəkiliş apardığınız diskə baxmısınız?
– Mənim işim gücüm yoxdur bəyəm? 20 dənə elə əməliyyatlarım var, indi onların disklərinin hamısına baxmalıyam?
Bu yerdə təqsirləndirilən şəxslər özünü ifşaya görə Yalçın Kazımovu alqışladılar. Belə olan halda, hakim Ramella Allahverdiyeva da zərərçəkmişə irad bildirdi:
– Danışığına fikir ver. Sən kənarda nə iş görürsən, bunun bizə aidiyyəti yoxdur.
Vəkillər bu zərərçəkmişin ifadəsindəki ziddiyyətləri məhkəmənin nəzərinə çatdırdılar. Məsələn, o dedi ki, ərizəni MTN-ə əlyazma şəklində təqdim edib, amma iş materiallarında kompüterdə yazılmış ərizə forması var. Yaxud, alıcı pulu banka ödəyir, satıcı həmin vəsaiti götürür. Belə olan halda, Yalçın Kazımov aldığı mənzilə görə ödədiyi pulu özü niyə vaxtından əvvəl götürməliydi?
MTN-də həbslə hədələmə
Növbəti zərərçəkmiş Seymur Ramazanov bildirdi ki, o, heç kimdən şikayətçi olmayıb. Bankda apardığı alqı-satqı əməliyyatından təxminən 7-8 ay sonra onu MTN-ə çağıraraq, bu iş üzrə ifadə alıblar. Iş materiallarına görə, ondan 300 manat artıq pul alınıb.
Digər zərərçəkmiş Teymur Xəlfəquliyev də təxminən eyni məzmunlu ifadə verdi. Ona vurulmuş ziyanın məbləği isə 150 manat göstərilib. Amma onun dindirməsi zamanı maraqlı bir fakt ortaya çıxdı. Təqsirləndirilən şəxslərdən bankın Yasamal filialının müdir müavini olmuş Elnur Seyidov (AXCP sədri Əli Kərimlinin qaynı-red.) zərərçəkmişə MTN-də bir görüşü xatırlatdı:
– Müstəntiqin yanına gəlmişdin, sənə nə dediyi yadındadır?
– …
– Sən dedin ki, “məni işə salmayın, heç kimdən şikayətçi olmaq istəmirəm”. Sənə qayıtdı ki, “nə danışırsan? Tutub basarıq səni türməyə, onda ağlın başına gələr. Get, məhkəmədə də bu izahatı müdafiə eləyərsən”.
– Mənim nə günahım var? Mən yenə də deyirəm ki, heç kimdən şikayətçi deyiləm.
– Mən sizin bu cür ifadələrinizə görə 1 il 2 aydır ki, həbsdəyəm…
Sərhəd Xidmətinin əməkdaşları saxlayıb MTN-ə göndəriblər…
Sonuncu zərərçəkmiş Asif Səfərovun ifadəsi isə lap maraqlı oldu. Ifadəsinə başlayan kimi dedi ki, nə təqsirləndirilən şəxslərdən kimisə tanıyır, nə də ziyan çəkib.
Asif Səfərovun dediyindən belə məlum oldu ki, Dövlət Sərhəd Xidmətinin əməkdaşları onu saxlayaraq, MTN-ə getməyi tələb ediblər və ona bir telefon nömrəsi veriblər. O da gedib: “Orada mənə dedilər ki, satdığın evin pulunu bankdan götürəndə sənə pulu az veriblər. Dedim ki, vallah, həmin vaxt nə pulu saymışam, nə də artıq-əskik verdiklərini bilirəm. Dedilər ki, biz hesablamışıq, 465 manat az veriblər sizə…”
Ifadəsinin sonunda bir daha qeyd etdi ki, nə özünü zərərçəkmiş sayır, nə də məhkəmə proseslərində iştirak etmək istəyir.
“Yuxarıda Allah var, niyə yalan danışırsan?”
Bundan sonra şahidlərin dindirilməsi mərhələsi başladı və dünən iki şahid dindirildi. Onlardan Rəmzi Abdullayev “Texnikabank”ın Yasamal filialında kredit şöbəsinin müdiridir. Bildirdi ki, bu filialda nə qanunsuzluğun şahidi olub, nə də ona belə bir göstəriş verilib.
Elə həmin filialda mühasib olan Kərəm Axundov isə Elnur Seyidovun üzünə durdu. Bildirdi ki, bəzi müştərilərdən qanunsuz olaraq əlavə pul alıb və onu Elnur Seyidova çatdırıb.
Belə ifadədən sonra Elnur Seyidovun vəkili Əsabəli Mustafayev bu şahidi pis vəziyyətə saldı:
– Bilirdiniz ki, müştərilərdən əlavə pul almaq qanunsuzdur?
– Bəli.
– Bəs niyə bunu eləyirdiniz?
– …
– Elnur Seyidov sizə qanunsuz göstəriş vermişdisə, niyə imtina etmirdiniz? Niyə rəhbərliyə şikayət etmirdiniz?
– …
Elnur Seyidov özü də Kərəm Axundovun müəyyən maraqlar naminə yalan danışaraq, onun əleyhinə ifadə verdiyini bildirdi: “Allah var göydə, necə yalan danışırsın? Deyirsən ki, qanunsuz əlavə ödənişləri sən alıb mənə vermisən, bəs niyə səni də tutmayıblar? Necə olur, Namiq Xəlilovu bankdan qanuni yolla götürüb ödədiyi kreditə görə tutublar, sən isə indi də işləyirsən? Axı birbaşa müştəridən sən almısan? Necə olur, başqalarına heç bir göstəriş verməmişəm, ancaq sənə demişəm? Yaxud necə olub ki, sən mənə bu pulları verəndə başqa heç kim görməyib? Allaha and olsun ki, yalan danışırsan…”
Məhkəmə prosesi bu gün davam edəcək.
Aytən Məmmədova


