Azərbaycandakı vəziyyət İsveç parlamentində müzakirə olundu

Pərviz Həşimli: “İsveç hökuməti Azərbaycanda insan hüquqlarının durumuna biganə deyil”

İsveçdə səfərdə olan Siyasi və Mülki Hüquqları Müdafiə Mərkəzinin direktoru Pərviz Həşimli bu ölkədə bir sıra görüşlər keçirib. Mərkəzdən verilən məlumatda qeyd olunur ki, Stokholmda beynəlxalq konfransa qatılan hüquq müdafiəçisi həmçinin, bu ölkədə fəaliyyət göstərən beynəlxalq təşkilatlarda, parlamentdə bir sıra müzakirələr aparıb. P.Həşimli İsveçin hakim koalisiyasını təmsil edən deputatlarla Azərbaycanda insan hüquqları və demokratiyanın durumuna dair müzakirələr aparıb: Müzakirələr zamanı bəlli olub ki, Azərbaycanda insan hüquqları ilə bağlı yaranmış mənfi tendensiyadan İsveçdə xəbərdardırlar.

İsveçin Liberal Partiyasından olan deputat Roger Haddad Azərbaycanda insan hüquqları sahəsində vəziyyətin dəyişməsi üçün bir sıra təşəbbüslər göstərəcəklərini deyib.

İsveçin Moderat partiyasının parlament qrupunun siyasi məsələlər üzrə müşaviri xanım Kristina Luis isə bildirib ki, Avropa İttifaqı səviyyəsində Azərbaycanda insan hüquqları və demokratiyanın durumu sahəsində baş verənlərə reaksiya bildirilir və bundan sonra da belə olacaq.

P.Həşimlinin növbəti görüşü İsveç Parlamentinin Xarici əlaqələr Komitəsində də olub. Bütün müzakirələr zamanı P.Həşimli son zamanlar siyasi həbslər, müxalifətin seçkilərdə fəaliyyətinin məhdudlaşdırılması, sərbəst toplaşmaq azadlığına qoyulan qadağalar, azadlıqları məhdudlaşdırmağa yönələn cərimə sanksiyalarının  sərtləşdirilməsi, AXCP sədri Əli Kərimlinin pasport məsələsi və digər mövzular barəsində avropalı parlamentarilər məlumatlandırıb.

P.Həşimli bu görüşlərin nəticəsi olaraq, bildirib ki, İsveç Avropa İttifaqının əsas dövlətlərindən biri kimi Azərbaycanda baş verən bütün proseslərə diqqət göstərir.