Prokurorluq məsələ ilə bağlı mövqe bildirmədi
Bir müddət əvvəl Respublika Baş Prokurorluğu Elşad Abdullayevin Azərbaycana gələrək iş üzrə ifadə verməli olduğunu bildirmişdi. Bu haqda onun nümayəndəsinə də rəsmi qaydada məlumat verildiyi açıqlanmışdı.
Elşad Abdullayev isə “Azadlıq”a açıqlamasında bildirdi ki, mənim Azərbaycana gəlmək fikrim yoxdur və mən kifayət qədər ifadə vermişəm. “Mahir Abdullayev 10 ildir ki, oğurlanıb. Mən bununla bağlı istintaqa ifadə də vermişəm, Baş Prokurorluğa və digər hüquq-mühafizə orqanlarına əlimdə olan dəlil-sübutları da təqdim etmişəm. Lakin bütün bunlara əhəmiyyət verilmədiyindən mən həmin sübutları ictimailəşdirməyə məcbur olmuşam. Bunu Fransaya mühacirət edəndən sonra etmişəm. Çünki Bakıda qala-qala həmin videoları və digər materialları ictimailəşdirə bilməzdim. Mən hələ Fransadayam bunlar məni təhdid edirlər, indi təsəvvür edin: Bakıda olsaydım nələr baş verərdi. Mən bir daha təkrar edirəm ki, heç bir halda Bakıya gəlmək niyyətim yoxdur. Mən bunu oyun, zərərçəkmişə təhdid hesab edirəm”- deyə Elşad Abdullayev bildirdi.
Belə olan təqdirdə prokurorluğun hansı addımları atacağı ilə bağlı mətbuat xidmətinin rəhbəri Eldar Sultanovla əlaqə saxlasaq da bizə heç bir konkret məlumat verilmədi. “Zərurət yaranacağı təqdirdə mətbuata məlumat verəcəyik. Hazırda konkret bir söz deyə bilmərəm”- deyə Eldar Sultanov bildirdi.
Elşad Abdullayevin vəkili Adil Ismayılov bildirdi ki, Elşad Abdullayevin məcburi şəkildə Azərbaycana gətirilməsi mümkün deyil. Ancaq istintaq komissiyası Fransaya gedib, istədiyi ifadəni ala bilər. Adil Ismayılov onu da əlavə etdi ki, hətta şəxs yoxdursa belə, bu o demək deyil ki, cinayət işi araşdırılmamalıdır. Istənilən halda faktlar əsasında araşdırma aparılmalıdır.
Ilham Hüseyn


