«Əli Kərimlinin çağırışına ölkədə demokratik seçkiləri arzulayan hər kəs cavab verməlidir»
Mirvari Qəhrəmanlı: «Mən hələ Hacıbala Abutalıbovdan yaxşı, tutarlı fikir eşitməmişəm»
Dövlət başçısı Ilham Əliyev Heydər Əliyevin 90 illiyi ilə bağlı düzənlənən tədbirdə çıxışında Azərbaycanı stabillik adasına bənzədib. I.Əliyev hakimiyyətin ölkəyə gələn gəlirin bərabər bölünməsini prioritet elan edildiyini bəyan edib. Müsahibimiz hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı ilə müsahibəmizə də Əliyevin bu bəyanatına münasibət öyrənməklə başlasaq da, gündəmdə olan digər mövzulara da toxunduq:
– 2006-cı ildən bu vaxta qədər Azərbaycanda neft gəlirlərinin xərclənməsi istiqamətində araşdırmalarımız olub. Iki uğurlu layihə həyata keçirmişik. Birincisi, “Taxta Körpü” su anbarının rekanstruksiyası və ikincisi Oğuz-Qəbələ-Bakı su kəmərinin monitorinqidir. Hər iki layihənin monitorinqini aparandan sonra, xüsusilə, Oğuz-Qəbələ-Bakı su kəməri ilə bağlı araşdırmanın nəticəsindən sonra tam əminliklə deyə bilərəm ki, neft gəlirlərinin ədalətli bölgüsü və səmərəli xərclənməsi həyata keçirilməyib. Oğuzdan Qəbələyə qədər səkkiz rayonun əhalisi torpaqlarına görə real kompensasiya ala bilmədilər. Bu insanlar hələ də neft pulu gözləyirlər. Əgər pul gözləyənin hər şeyini əlindən alıblarsa, və o, gecə-gündüz lənət yağdırırsa, burada hansı sabitliyi gözləmək olar. Müharibə olmadığı şəraitdə ordunun dəhşətli itkilər verməsi, əsgər ölümünün artması – budurmu sabitlik? Neftçilərin əmək haqlarından 2 faiz tutularaq orduya ünvanlanır ki, əsgər ölümlərinin sayı artsın? Azərbaycanın hələ də sərhədləri bərpa olunmayıb. Budurmu sabitlik?
Yersiz, səmərəsiz xərcləmələr
– Gül bayramı növbəti dəfə iri maliyyə xərcləriylə yadda qaldı. Gül bayramından sonrakı atəşfəşanlıq da milyonlarla manatın xərclənməsi hesabına başa gəlib. Qəribədir, dövlət başçısı məmurları təmtəraqlı mərasimlərdən uzaq olmağa dəvət edir, amma Gül bayramı bunun əksini sübut edir. Bu necə səmimiyyətdir?
– Düşünürəm ki, əgər Heydər Əliyev özü sağ olsaydı, özü bu dərəcədə ifraata varmazdı. Ölkədə çoxlu çatışmamazlıqlar var. Neft gəlirləri tədricən azalmaqdadır. Azərbaycan kimi ölkə belə olan halda böhrana düşməsin deyə güclü sənayeyə malik olmalıdır. Gül bayramına xərclənən pullar hesabına minlərlə ailə evlə təmin oluna bilərdi. Bu qədər pul ilə insanların sosial vəziyyəti yaxşılaşa, əməkhaqları artırıla bilərdi. Əgər bir ölkədə sosial cəhətdən bu qədər çatışmamazlıq varsa, bu qədər xərcə yol vermək olardımı?! Digər tərəfdən, bu tədbirlər üçün xərcləmələr dövlət büdcəsindən gedir. Əgər bu tədbirləri məmurlar aldıqları simvolik əmək haqqı hesabına həyata keçirsəydilər, o zaman bunu başa düşmək olardı. Heydər Əliyevin adını əbədiləşdirmək istəyirdilərsə, həmin xərclənən maliyyəyə ölkədə yeni iş yerləri açaydılar. Bu zaman insanlar daimi olaraq pul ilə təmin olunardılar.
Yəni bu xərcləri elə sahəyə yönəldəydilər ki, insanlar birbaşa bundan bəhrələnə bilərdilər.
– Son zamanlar neft sektorunda çalışanların əməkhaqqının azlığına görə etiraz aksiyaları adi hal alıb. Siz bu sahəni araşdıranlardansınız. Maraqlıdır, xarici neft şirkətlərində eyni işi görənlər nə qədər məvacib alır?
– Bu gün ARDNŞ rəhbərliyi bəyan edir ki, neftçilərin maaşları kifayət qədərdir. Dövlət başçısı da öz növbəsində neft gəlirlərinin bərabər paylandığını deyir. Ölkədə stabilliyin kökündə dayanan faktorlardan biri sosial durumun yaxşılığıdır. Bu gün neft sektorunda, ümumiyyətlə, infrastruktur sahəsində xəbərdaredici tətillər oldu. Bu da təbii ki, səbəbsiz deyildi. Bu tətillər bu ilin ərzində arta bilər. Bu illər ərzində ölkəyə 67 milyard dollar vəsait daxil olub. Amma bu nefti çıxaran adamlar hələ də aşağı maaş alırlar. Bu günləri quruda işləyən insanların tarif ayının əmək haqqı 320-350 manat arasındadır. O cümlədən, dənizdə işləyən neftçilər də eyni məbləği alır. Dəniz şəraitində işləyənlərin əməkhaqqı dəniz əmsalı almalarına görə yuxarıdır. Xarici şirkətdə işləyən və eyni işi görən fəhlələr isə 1000-1500 arası maaş alırlar.
Bundan başqa xarici şirkətlərdə çalışanların xüsusi sosial paketləri mövcuddur.
Şəxsi həyata müdaxilə hakimiyyətin bir siyasətidir
– ADNA-dakı terrora görə keçirilən anım mərasimində iştiraka görə həbs olunan gənclərə qarşı çirkin kampaniya aparılır. Əvvəlcə həmin gənclərin iradələrinə zidd olaraq başları qırxıldı. Amma bununla hirsləri soyumadı və gənclərin iradəsini qırmaq üçün daha çirkin addımlara yol verdilər. Bunu necə dəyərləndirmək olar?
– Dünya üzrə hər yerdə terrora yox deyilir. Hansı ölkədə terror varsa, həmin gün matəm günü kimi anılır. Sadəcə olaraq gənclərin öz həmyaşıdlarının ölümlərini anmasına hakimiyyətin bu cür münasibət bəsləməsi onların xarakterindən irəli gəlir. Ikinci vurğulanmalı məqam odur ki, insanın iradəsinə zidd olaraq bədən üzvünə zərər yetirmə mənəvi işgəncə adlanır. Gənclərin iradələrinə zidd olaraq saçlarının qırxılması məhz bu cür qiymətləndirilməlidir. Sonuncu – gənclərin alçaldılmağa çalışılması istiqamətində atılan addım da təəccüblü deyil. Hakimiyyət birinci dəfə deyil ki, insanların şəxsi həyatına müdaxilə edir. Azərbaycanda bu, həmişə olub. Bu, insanlara təzyiqin bir vasitəsidir. Amma bu addımı atan şəxslər düşünməlidir ki, bu quruluşun zamanında onların özünə qarşı da bu hadisələr təkrarlana bilər. Hakimiyyət həmişə deyir ki, hüquq müdafiəçiləri Azərbaycanın imicinə xaricdə ziyan vururlar. Bu təbliğatı aparan adamların addımları Azərbaycana daha çox ziyan vurur.
Aslan İsmayılov həmişə sözü üzə deyib
– Aslan İsmayılovun Vəkillər Kollegiyasından çıxarılması və ona qarşı aparılan kampaniyanı necə dəyərləndirirsiniz?
– Bu addım da təəccüblü deyil. Bundan əvvəl də Intiqam Əliyevə qarşı oxşar addım atılmışdı. Hakimiyyət həmişə haqqını tələb edən vəkillərin sıxışdırılması ilə məşğul olub. O da təəccüblü deyil ki, Aslan Ismayılov həmişə sözü üzə deyən, korrupsiya faktlarını ortaya çıxardan vəkil olub. Zülfüqarlı qardaşlarının işini xatırlayın. Bundan başqa Aslan Ismayılovun mülkiyyət hüququ ilə bağlı sərt bəyanatları olub. Aslan Ismayılov sərt bəyanatlarına görə vəkillik fəaliyyətindən uzaqlaşdırılıb.
Amma mən bunu Aslan Ismayılov üçün ağrılı hadisə hesab etmirəm. Çünki o yolda olan adam hər vasitə ilə olsa belə öz fəaliyyətini davam etdirəcək.
– Hakimiyyət seçki ilində cəza mexanizmini sərtləşdirir. Müvafiq qanunların daha sərt formada tətbiq olunması istənilir. Bundan başqa ölkədə internetə, sosial şəbəkələrə ciddi qadağaların tətbiq olunması nəzərdə tutulub. Baş verəni necə dəyərləndirirsiniz?
– Bu ölkədə hər bir dəyişiklik, sərtləşmə yalnız müəyyən qrup üçün nəzərdə tutulur. Hətta QHT-lər haqqında qanuna Azay Quliyevin çıxışından sonra yalnız Leyla Yunusa görə ciddi dəyişikliklər edildi. Inzibati cəzaların artırılması ilə bağlı bir qrup QHT təmsilçisi parlamentə və Avropa Birliyinin Şərq Tərəfdaşlığı layihəsinin forumuna müraciət etmişik. Cərimələrin, inzibati xətaların sərtləşdirilməsi demokratiyaya basqıdır. Onlar çox gözəl bilirlər ki, prezildent seçkilərində siyasi fəalları məhdudlaşdırmağın yolu məhz qanunları sərtləşdirməkdir.
Hacıbala Abıtalıbov azad sözdən qorxduğunu etiraf edir
– Bakı meri Hacıbala Abıtalıbov maraqlı açıqlama ilə çıxış edib. Onun “jurnalist görəndə qəbirdə ölü görürəm” deməsini necə dəyərləndirmək olar?
– Mən hələ Hacıbala Abutalıbovdan yaxşı, tutarlı fikir eşitməmişəm. Yəqin ki, Hacıbala müəllim ölüdən qorxan bir adamdır. Görünür, Hacıbala müəllim Azərbaycanın müstəqil jurnalistikasından həddindən artıq qorxur. Çünki Azərbaycanın müstəqil jurnalisti demokartityanın qorunmasına xidmət edir.
– AXCP sədri tərəfdarları qarşısında çıxış edərək müxalifət liderlərini milli maraqlar naminə ambisiyalarından geri durmağa çağırdı. Əli Kərimli bildirdi ki, onlar da tərəfdarları qarşısında milli maraqları hər şeydən üstün tutduqlarını bəyan etməlidirlər. Bu çağırışı necə dəyərləndirirsiniz?
– Bu bəyanat təəssüf ki, geniş müzakirəyə səbəb olmadı. Bu çağırışa ölkədə demokratik seçkiləri arzulayan hər kəs cavab verməlidir. Heç kəs şəxsi ambisyalarınldan çıxış etməməlidir. Çox arzu edərdim ki, müxalifət daxilində gedən inteqrasiya prosesinin fonunda hansı təşkilat demokartiya arzusunda olduğunu bəyan edibsə, buna açıq dəstək verməlidir. Yalnız bu halda biz ölkədə demokratik mühütün yaradılması istiqamətində mübarizəyə qoşula bilərik.
– Hazırda müxalifətin Milli Şurasının yaradılması istiqamətində apardığı danışıqları necə qiymətləndirirsiniz?
– Mənim Azərbaycandakı prosesləri izləyən xarici ekspertlərlə də görüşlərim olub. Həmin görüşlərdə hazırda müxalifət daxilində gedən proseslərlə bağlı xeyli sayda suallar verilir. Eyni zamanda beynəlxalq təşkilatlar da oxşar məsələləri araşdırırlar. Milli Şura ideyası maraqla qarşılanır. Milli Şurada Azərbaycan ictimaiyyəti tərəfindən qəbul edilən, yüksək qiymətləndirilən insanlar cəmləşərsə, bu, Azərbaycanın gələcəyini göstərən bir qurum olacaq.
Mən özüm bu qurumun yaradılmasını böyük səbirsizliklə gözləyirəm.
Xəyal



