30 aprel məhbusları ilə bağlı bəyanat yayıldı

Vətəndaş cəmiyyəti nümayəndələrinin qanunsuz və siyasi sifarişlə həbs edilən gənc fəallara qarşı işgəncənin verilməsi və hakimiyyətin gözdənsalma kampaniyası aparması ilə bağlı bəyanat yayıblar.

Bəyanatda deyilir:

“Aprelin 30-da Bakıda Azərbaycan Dövlət Neft Akademiyasındakı terrorun dördüncü ildönümünü anmaq üçün “Terrora yox!” şüarı ilə keçirilən dinc aksiya zamanı polis tərəfindən saxlanılaraq inzibati qaydada həbs edilən AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı, “Nida” Vətəndaş Hərəkatı İdarə Heyətinin üzvü Turqut Qəmbər və Azad Gənclik Təşkilatının üzvü İlkin Rüstəmzadə Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin inzibati həbs olunanların saxlanma məntəqəsində işgəncəyə məruz qalıblar və mayın 10-da gənclərin orada müxtəlif təmizlik işləri görərkən çəkilmiş fotoları alçaldıcı şərhlərlə bir sıra hakimiyyətyönlü internet saytlarında yayılıb.

Yayılan fotolardan açıq aydın hiss olunur ki, burada məqsəd bu yolla onlara və digər fəal gənclərə təzyiq etmək, onları şantaj edərək mübarizələrindən çəkindirməkdir. Eyni zamanda bu vasitə ilə onları cəmiyyətdə gözdən salmağa da cəhd edilir.
Gənclər həbs ediləndən sonra onlara qanunsuz olaraq vəkilləri ilə görüşməyə imkan yaradılmayıb, gənclər üçün yaxınları tərəfindən aparılan azuqələr qəbul edilməyib və gənclərin iradələrinə zidd olaraq onların başları məcburi şəkildə daz qırxılıb ki, bu da gənclərə işgəncənin verilməsindən xəbər verir.
Polis tərəfindən xüsusi mühafizə olunan məntəqədə saxlanılan şəxslərə qarşı bu cür münasibət, xüsusilə onların fotolarının yayılması tamamilə qanunsuz və cəzalandırılmalı olan əməldir. Xüsusilədə internet saytlarının qapalı yerdə çəkilən fotoların əldə etməsi sual doğurur. Bu fotoların yayılmasında qeyd olunan məntəqənin rəhbərliyinin və əməkdaşlarının rolunun olmasını qəti şəkildə ehtimal edirik və belə fotoların yayılmasında Daxili İşlər Nazirliyinin məsuliyyət daşıdığını bəyan edirik. Adları çəkilən gənclərin həbsinin siyasi sifarişlə baş verdiyini xatırladaraq onlara qarşı qanunsuz hərəkətlərin edilməsini və bu fotoların yayılmasını da siyasi hakimiyyətin öz opponetlərinə qarşı apardığı gözdənsalma kampaniyası kimi qiymətləndiririk. Həmçinin bildiririk ki, xüsusi nəzarətdə və ya həbsdə saxlanılan şəxslərin işgəncəyə məruz qalması, onların fotolarının yayılması yerli və beynəlxalq qanunlara tamamilə ziddir. Azərbaycan Respublikasının Konstitusiyası və qoşulduğu bütün beynəlxalq-hüquqi sənədlər, o cümlədən İnsan Hüquq və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyası işgəncəni birmənalı şəkildə qadağan edir. Bundan əlavə Konstitusiyanın 32-ci maddəsi şəxsi toxunulmazlıq hüququnu və 46-cı maddə şərəf və ləyaqətin dövlət tərəfindən qorunduğunu təsbit edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 113-cü maddəsi (İşgəncə) tutulmuş və ya azadlığı başqa cür məhdudlaşdırılmış şəxslərə fiziki ağrılar və ya psixi iztirablar verən şəxslərin 7 ildən 10 ilə qədər azadlıqdan məhrum edilməsini nəzərdə tutur. Eyni zamanda gənclərə qarşı Azərbaycanın qoşulduğu Avropa Penitensiar Qaydalarının tələbləri də kobud surətdə pozulub.
Vətəndaş cəmiyyəti nümayəndələri olaraq öz fundamental – özünüifadə və sərbəst toplaşmaq azadlıqlarından istifadə edərkən qanunsuz şəkildə həbs edilən hər üç gəncə qarşı bu cür qanunsuzluqları və kampaniyanın aparılmasını qəti şəkildə pisləyirik, işgəncə vermiş və fotoların yayılmasına şərait yaratmış vəzifəli şəxslərin məsuliyyətə cəlb edilməsini tələb edirik. Beynəlxalq ictimaiyyəti Azərbaycanda bu il keçiriləcək seçkilər ərəfəsində insan haqlarının pozulması hallarına daha diqqətlə yanaşmağa, mövcud vəziyyətin yaxşılaşdırılması üçün səylərini artırmağa və Azərbaycanı insan haqları sahəsində beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliklərə əməl etməyi tələb etməyə çağırırıq”.

İmzalayanlar:

1. İntiqam Əliyev, Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri

2. Arzu Abdullayeva, Helsinki Vətəndaş Assambleyasının Azərbaycan Milli Komitəsinin rəhbəri

3. Qubad İbadoğlu, İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri

4. Zöhrab İsmayıl, “Azad İqtisadiyyata Yardım” İctimai Birliyinin rəhbəri

5. Vidadi İsgəndərli, “Demokratiyanın Müdafiəsinə Kömək” İctimai Birliyinin sədri

6. İradə Cavadova, İnsan Hüquqları üzrə Maarifləndirmə İctimai Birliyinin rəhbəri

7. Anar Məmmədli, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri

8. Leyla Yunus, Sülh və Demokratiya İnstitutunun rəhbəri

9. Mirəli Hüseynov, “Demokratiyanı Öyrənmə” İctimai Birliyinin sədri

10. Rəsul Cəfərov, “İnsan Hüquqları” Klubunun rəhbəri

11. Zaur Əkbər, “Gənclər Klubu” İctimai Birliyinin rəhbəri

12. Ərəstun Oruclu, “Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri

13. Bəxtiyar Hacıyev, Müsbət Dəyişiklik Gənclər Hərəkatının rəhbəri

14. Mətanət Əzizova, Qadın Krizis Mərkəzinin rəhbəri

15. Elçin Abdullayev, Demokratik Təsisatlar və İnsan Hüquqları İctimai Birliyinin sədri

16. Şəhla İsmayıl, Rasional İnkişaf Uğrunda Qadınlar Cəmiyyətinin sədri

17. Samir Kazımlı, Siyasi Azadlıqları Müdafiə Alyansının koordinatoru

18. Rövşən Ağayev, İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri

19. Asima Nəsirli, “Feminist Qadınlar Hərəkatı” İctimai Birliyinin rəhbəri

20. Oqtay Gülalıyev, Demokratik İslahatlar Uğrunda Cəmiyyətin sədri

21. Mirvari Qəhrəmanlı, Neftçilərin Hüquqlarının Müdafiəsi Komitəsinin rəhbəri

22. Mehriban Vəzir, Azərbaycan Qadınlarının Siyasi Mədəniyyət Mərkəzi İctimai Birliyinin rəhbəri

23. İlqar İbrahimoğlu, Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzinin sədri

24. Leyla Əliyeva, Milli və Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri

25. Aygün Pəncəliyeva, NİDA Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü

26. Rövşən Hacıbəyli, Demokratik Jurnalistika Məktəbinin rəhbəri

27. Eldar Zeynalov, Azərbaycan İnsan Haqları Mərkəzinin direktoru

28. Elşən Həsənov, “Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansının koordinatoru

29. Xalid Kazımov, Regional İnsan Hüquqları və Media Mərkəzinin rəhbəri

30. Ülvi Həsənli, Azad Gənclik Təşkilatının sədri

31. Anar Orucov, Qafqaz Media Tədqiqatları Mərkəzinin rəhbəri

32. Əlövsət Əliyev, Azərbaycan Miqrasiya Mərkəzi İctimai Birliyinin prezidenti