Telekanallara və hakimiyyətə yaxın qəzetlərə baxanda adamda belə bir təəssürat yaranır ki, bunlar beynəlxalq xəbərləri ciddi şəkildə izləyirlər. Amma dərhal da hiss olunur ki, jurnalistlərə belə bir “ustanovka” verilib ki, hadisələri elə təqdim etsinlər ki, onları izləyənlərin nəzərində Azərbaycan əsl cənnət təsiri bağışlasın: hər yerdə iqtisadi böhrandır, insanlar öz hakimiyyətlərindən narazılıq edir, elə yaşamalı bir yer və seçməli bir hakimiyyət varsa o, da Azərbaycandadır…
Insafən demək lazımdır ki, jurnalistlər də buna çalışır. Amma nəyəsə nail ola bilirlər demək, vəziyyəti çox-çox şişirtmək demək olardı. Əvvəla, heç kim bu verilişlərə baxmır, ikincisi də hətta baxsa da, daha azərbaycanlılar on il, iyirmi il bundan əvvəlin insanları deyillər, onlar çox şeyi jurnalistlərdən də, onları istiqamətləndirən məmurlardan da qat-qat yaxşı bilirlər.
Amma sözüm bunda deyil. Mənim üçün maraqlıdır ki, görən, bunlar Suriyada baş verən proseslərdən, məhkəmə salonlarında üzünə olmazın əzablı bir ifadə verən H.Mübarəkdən bəhs edən süjetlərə baxırlarmı? Onlardan bir nəticə çıxarırlarmı? Əgər çıxarırlarsa bu, özünün ifadəsini nədə tapır? Tələsib eləməyin. Özüm cavab verəcəm. Repressiyaların gün-gündən artması, rejimin sərtləşməkdə davam etməsi belə bir nəticə hasil edir ki, bunlar hakimiyyətlərini möhkəmləndirmək, nəyin bahasına olursa-olsun kürsüdə qalmaq yolunu tutublar. Amma H.Mübarək də buna cəhd etdi, elə B.Əsəd də buna çalışır. Ən azı onların düşdüyü vəziyyətdən bir nəticə çıxarmaq olardı…
Bu yaxınlarda I.Əliyev dedi ki, dünyadakı neqativ proseslər fonunda Azərbaycan bir sabitlik adasıdır. Amma, vallah, belə olmur, əgər qlobal bir miqyasda hansısa proseslər gedirsə, bu, bütün ölkələrə sirayət edir. Bütün diktatorlar ən son ana qədər düşünürdülər ki, onların ölkəsi dünyadakı və bölgədəki dəyişikliklərə rəğmən bir ada kimi qalacaq…
Amma axırda nə oldu? Bunu bir dərs kimi qəbul etməyin. Ən azı ona görə ki, diktatorlar heç kimdən və heç nədən dərs götürmürlər. Onlara elə gəlir ki, hamıdan daha çox məlumatlıdırlar, hamıdan daha çox bilirlər. Belə düşünmək üçün onların müəyyən əsasları da olur, çünki ölkəni polis və bir də xəfiyyə şəbəkəsi ilə örtürlər.
Bir neçə dəfə misal gətirmişəm. Bu dəfə də deyəcəm: Böyük Fransa inqilabı ərəfəsində o vaxtkı daxili işlər naziri demişdi ki, haradasa üç nəfərin toplaşdığını görürsünüzsə, bilin ki, onlardan biri mənim xəfiyyəmdir! Amma sonda nə oldu? Bir neçə aydan sonra inqilab baş verdi və həmin nazir də başqaları kimi gilyotina altına getdi…
Bunları bir xəbərdarlıq kimi də yozmayın, çünki diktatorlar xəbərdarlıqlara da məhəl qoymurlar, çünki onlara elə gəlir ki, başqalarının başına gələn aqibətdən o hifz olunub və ona bu aqibətdən yan keçmək mümkün olacaq. Yenə də bir neçə dəfə xatırlatdığım epizodu yada salmaq istəyirəm. Böyük Fransa inqilabı ərəfəsində kral hələ də inana bilmirdi ki, inqilab baş verir və onu çox acınacaqlı tale gözləyir… Xüsusən də nəzərə almaq lazımdır ki, həmin kralın inqialabın baş verməməsinə inanmaması üçün əsasları indiki despotlarla müqayisədə daha çox idi: sonrakı tarixi araşdırmalar göstərdi ki, o vaxtkı Fransa kralı həqiqətən də xeyli liberal adam olub və Bastiliyada o vaxt deyilənlərə rəğmən vur-tut bir neçə məhbus olub…
Bunları bir nəsihət kimi də qəbul etməyin, çünki böyük M.F.Axundovun çox gözəl bir deyimi vardı. O yazırdı ki, əgər dünya nəsihətlə düzəlsəydi onda gərək Iran çoxdan abad bir ölkə olaydı, çünki bu ölkənin şairləri min illər ərzində yalnız nəsihət yazmaqla məşğul olub. Tutaq ki, bir nəsihət də biz yazdıq. Bununla Azərbaycan düzələcəkmi? Təbii ki, düzəlməyəcək…
Bir yox, min yazı ilə bu ölkənin düzələ biləcəyinə inansaydıq onu da yazmağa tənbəllik etməzdik, ərinməzdik, gecə-gündüz yazardıq ki, təki bu ölkə düzəlsin. Amma bunlar deyirlər ki, yox, düzəlməyəcəyik!..
Olsun. Hamı seçimini özü edir. Bunlar da ölkəni təsadüflərin axarına buraxıb: düşünürlər ki, prosesin gedişində hər şey aydın olacaq…
Amma bütün diktaturaların çox maraqlı bir mərəzi var və bundan hələ ki, heç kimə sığortalanmaq nəsib olmayıb: diktaturaları idarə edənlər gec-tez sayıqlığı və həssaslığı itirirlər, sanki onları bir ətalət hissi basır və yaxud da qəzavü-qədər gözlərini bağlayır…

Diktaturaların bir mərəzi
•


