Razi Nurullayev: «Azərbaycanlıların seçkiyə təsir edəcək kifayət qədər gücü var»
Iranın ali dini lideri, ayətullah Əli Xamneyinin beynəlxalq məsələlər üzrə müşaviri, ölkə prezidentliyinə namizəd Əli Əkbər Vilayəti Şərqi Azərbaycan vilayətinin mərkəzi Təbrizə səfəri zamanı diqqət çəkən bir sıra mesajlar səsləndirib. Təbrizin Sərasəri Universitetində çıxışı zamanı o, Iranın öz bütövlüyünün qorunub saxlanmasına görə Azərbaycan və azərbaycanlılara minnətdar olduğunu deyib.
Azərbaycanın Iranın başı olduğunu deyən Vilayəti Azərbaycan dili ilə bağlı heç də birmənalı qarşılanmayan fikir səsləndirib. O bildirib ki, ana dilində təhlsil zəruri deyil və öz dilində yazıb-oxumaq heç bir şeyi dəyişməz. Vilayətinin bu sözləri tələbələrin qəzəbinə səbəb olub. Bundan sonra o, “ana dilində yazıb oxumaqda problem görmürəm”- deyə söyləyib.
Istənilən halda Vilayətinin bu fikri azərbaycanlılara yönəlik mesaj kimi qiymətləndirilib. Xatırladaq ki, bir neçə gün əvvəl Iranda keçirilən kitab sərgisinə Azərbaycan dilində çap olunan məhsullar buraxılmayıb. Bundan bir neçə gün sonra Xamneyiyə yaxınlığı ilə seçilən şəxsin belə bir fikir işlətməsi nədən xəbər verir?
Onu da qeyd edək ki, prezidentliyə namizədlərin Təbrizə səfər etməsi artıq ənənə halını alıb. Bu da azərbaycanlıların dəstəyini qazanmaq niyyətindən xəbər verir. Lakin Təbrizə səfər zamanı azərbaycanlıları qıcıqlandıracaq bəyanatın səslənməsinə yanaşma da fərqlidir.
Politoloq Razi Nurullayev Iran dövlətinin uzun illər Azərbaycan dilini unutdurmaq siyasəti yürütdüyünü deyir. Çünki bir milləti məhv etmək üçün birinci onun dilini və mədəniyyətini əlindən almaq lazımdır. Iran dövlətinin də məqsədi bu yolla azərbaycanlıların daha asan idarə olunmasına nail olmaq olub. Bu mənada belə mesaj azərbaycanlıların xoşuna gələ bilməzdi.
Namizədlərin Təbrizə üz tutmasına gəldikdə, ekspert bunu azərbaycanlıların seçkidə kifayət qədər gücü olması ilə izah edir. Hər bir namizəd də ilk növbədə azərbaycanlıların səsini qazanmağa çalışır. Digər tərəfdən, Iran beynəlxalq basqılarda azərbaycanlılardan istifadə olunacağından, Təbrizdə yeni hərəkatın başlana biləcəyindən narahatdır. Bunun qarşısını almaq üçün azərbaycanlılara yönəlik addımlar atılır, mesajlar verilir. Bu da təbiidir. Baxmayaraq ki, zamanında Iran rəsmiləri azərbaycanlıları aşağılayan bəyanatlar verib, seçki qabağı vəziyyət dəyişib. Bu da Iranın azərbaycanlıları sakitləşdirmək niyyətindən irəli gəlir.
Fizzə


