Hakimiyyət Avropa Şurasını aldatdı

Siyasi və Mülki Hüquqları Müdafiə Mərkəzi Aslan İsmayılovla bağlı bəyanat verdi

“Aslan İsmayılovun Vəkillər Kollegiyasından uzaqlaşdırılması qanunsuz olmaqla yanaşı, həm də Azərbaycan hökumətinin əməkdaşlıq etdiyi beynəlxalq qurumlarla səmimi olmadığını ortaya qoydu. Baxmayaraq ki, hakimiyyət AŞ PA-da Azərbaycan öhdəliklərinin icra vəziyyətinə dair qəbul olunan həmməruzəçilərin hesabatlarındakı tənqidi məqamları araşdıracağına və bu hesabat üzərində işləyəcəcəyinə dair vəd vermişdi”. Bu bəyanatla Siyasi və Mülki Hüquqları Müdafiə Mərkəzi çıxış edib. Bəyanatda qeyd olunur ki, Azərbaycan hökuməti AŞ PA-da ölkəmizlə bağlı müzakirələr zamanı Ştrasserin hesabatından fərqli olaraq, Monitorinq Komitəsi həmmərizəçilərinin hesabatı ilə razılaşdığını bildirib: “Həmin hesabatda Azərbaycanda vəkillərə qarşı aparılan təzyiqlərə son qoyulması ilə bağlı xüsusi müddəa var idi. Hakimiyyətin son davranışı isə göstərdi ki, heç bir beynəlxalq təşkilat tənqidi onun üçün əsas deyil: “Azərbaycanda vəkillərə təzyiqlər o həddə çatıb ki, hətta ABŞ Dövlət Departamenti özünün illik hesabatında bundan narahatlığını ifadə edib”. Bəyanatda o da qeyd olunur ki, Aslan İsmayılov barəsində qəbul olunan bu qərar cəmiyyətdə müstəqil mövqeyi ilə seçilən, siyasi əhəmiyyətli istintaq və məhkəmə proseslərində cəsarətli və prinsipial mövqeyi ilə seçilən vəkillərin gözünü qorxutmaq üçün edilib.