aslanismayilov-enyeni

“Bir dəqiqəlik azadlığımı, yüz il qul olmağa dəyişmərəm”

aslanismayilov-enyeni«Nə prezidentdən, nə administrasiya rəhbərindən qorxacağım, umacağım yoxdur»

Aslan İsmayılov: «Ehtiyacım olanda məni sındıra bilməyiblərsə, 55 yaşından sonra məni sındırmaq, kiməsə qul etmək olar?»

Vəkillər Kollegiyasının qərarı ilə Aslan İsmayılovun vəkillik fəaliyyətinə xitam verilib. Vəkil “Azadlıq” radiosuna müsahibəsində ona qarşı bu cür münasibətin gözlənilən olduğunu bildirib. Müsahibəni qısa ixtisarlarla diqqətinizə çatdırırıq.

– Aslan bəy, bu müsahibəyə “oyundan kənar vəkil” adı qoyduq. Yanılmamışıq ki?
– Mən iyirmi dörd ildir ki, Azərbaycandayam və mənə çox ad qoyublar. Amma bu cür sərrast şəkildə qoyulmuş adı birinci dəfədir ki, qəbul edirəm. Mənim Azərbaycanda olan problemlərim bəlkə də onunla bağlıdır ki, heç kimlə “oynamamışam”. Nəyi fikirləşmişəmsə, onu da demişəm və heç bir komandada təmsil olunmamışam, kiminsə çətirinin altına düşmək istəməmişəm. Bu gün mənim daim Ramiz Mehdiyevin adının hallandığı çıxışlarıma gəlincə, bəziləri düşünür ki, bu, Paşayevlər komandasının təmsilçiliyinin nəticəsidir. Mən heç bir komandada olmamışam və bundan sonra da olmaq fikrim yoxdur. Bir vətəndaş kimi sadəcə olaraq mən heç vaxt qul olmamışam və buna məni məcbur da edə bilməzlər. Gördüyümü, eşitdiyimi hər zaman demişəm və bundan sonra da deyəcəm.

– Sizcə, səbəb budurmu?
– Ancaq budur. Çünki mən hər hansı bir vəzifədə, siyasi partiyada təmsil olunmurdum. Vəkillik mənim peşəmdir. Mənim peşəmə müştərilərim qiymət verə bilərlər. Vəkilin peşəsinə münasibət, qiymət onun müştərilərinin fikri ilə ölçülür. Onlardan isə heç kim bu günə qədər şikayət etməyib. Əksinə, bu gün Azərbaycanda müştəriləri gecə-gündüz şikayət yazanlar, prokurorluğa müraciət edənlər müştərilərin vəkilləri məni etikaya, estetikaya dəvət edirlər.

Hakimin qapısı bir gecə dəyişdirildi

– Rəsmi şəkildə uzaqlaşdırılmanızın səbəbi nədir?
– Fevralın 12-də Səbail Rayon Məhkəməsinin hakimi Elnur Həsənov Vəkillər Kolegiyasına müraciət edib. Guya mən icazəsiz olaraq polis postunu keçib, onun otağına daxil olub, təhqir edərək, az qala döymüşəm. Bu hadisələrdən mən nə əsəbiləşmişəm, nə də sarsılmışam. Sadəcə olaraq üzülmüşəm. Üzülməyimin də səbəbi nədir. Hər qanunsuzluqda bir əndazə olur. Amma bu cür hayasızlıq görünməyib. Səbail məhkəməsində 6-7 hakim, 20-30 texniki işçi, 10-15 məhkəmə icraçısı var. Hamı bilir ki, polis aşağıda heç kimi saxlamır və məndən heç zaman soruşan olmayıb ki, hara gedirsən. Ikincisi, Elnur Həsənovun otağının qapısında düyməli qıfıl olub. Fevralın 10-da mənə qarşı edilən qanunsuzluqla bağlı şikayət etmişəm və həmin gecə ilə hakimin otağının qapısı dəyişdirilib. Mənə qarşı olan şikayətdən 2 gün sonra isə Elnur Həsənov özü şikayət edib. Məni təxribata çəkən hakimə heç kim söz demir. Elnur Həsənov və Azər Tağıyev mənim üçün heç kimdir. Onlar bu oyunda sadəcə olaraq vasitədirlər. Əsas problem Azərbaycandakı insanları qorxudan, gözügölgəli edən idarəçilik sistemidir. Məqsəd əsarət altında saxlamaqdır. Amma mən bunların çərçivəsinə sığmıram. Dövlət başçısından tutmuş bütün məmurlarla həmişə görüşmüşəm. Mən güc strukturlarının, DIN və prokurorluq orqanları rəhbərlərinin gözünə dik baxa bilirəm. Amma onlar bunu edə bilməz. Bunlar hamısı ölkədə gözükölgəli toplum görmək istəyir.

Mən hansı yolu getdiyimi gözəl bilirəm

– Bu basqılara hansı işiniz səbəb ola bilər?
– Konkret bir işlə bağlı deyil. Hazırda mənim əlimdə olan və bəhanə gətirilən iş, bəsit bir işdir. Bu sadəcə bir bəhanədir.

– Bəs səbəb hansı işinizdir?
– 2010-cu ildə parlament seçkilərinin gecəsi mən bir məktub yazdım. Bu, hakimiyyətə, müxalifətə və xalqıma müraciətim idi. Orada hakimiyyətə müraciətimdə demişdim. “Dövlətçilik əxlaqı dəyərlərini, məsuliyyətini və reallıq hissini itirməyin”. Daha sonrakı çıxışlarım da bu prinsiplərin üzərində oldu. Əxlaqi dəyərləri, məsuliyyəti, reallıq hissini itiriblər. 2010-cu ildən bu günə qədər gördüyüm hər şeyi demişəm. Ən yüksək vəzifədə təmsil olunan vəzifəli şəxslərin Ramiz Mehdiyevin, Bəylər Əyyubovun, prokurorların, nazirlərin hamısının qanunsuzluqlarını, cinayətlərini konkret faktlarla mətbuatda demişəm. Əsas səbəb budur. Mən hansı yolu getdiyimi gözəl bilirəm. Bunu gözləyirdim. Türklərdə belə bir deyim var: “Aslanı pişiyin əli ilə boğurlar”. Mənə yer eləyən bunların məni kimin əli ilə cəzalandırmasıdır. Daha pisi ola bilər. Öldürə, həbs də edə bilərlər. Rəhmətlik Elmar Hüseynovla birlikdə uzun müddət “Monitor” jurnalını buraxmışıq. Bildiyiniz kimi, 1999-cu ildə məni bir dəfə vəkillikdən xaric ediblər və Azərbaycan vəkiliyində mənim qədər cəzalanan ikinci vəkil olmayıb. 2005-ci ildə mən dövlət başçısı ilə görüşəndə, o öz təşəbbüsü ilə məndən vəkillik məsələmin nə yerdə olduğunu soruşdu. Mən də dedim ki, vəkil deyiləm, vəkillikdən kənaram. Bu görüşdən sonra Azər Tağıyev məni çağırdı və Rəyasət Heyəti məni necə bəh-bəhlə qovmuşdusa, elə bəh-bəhlə də qəbul etdi. Indi də həmin göstəriş var və məni bəh-bəhlə qovurlar. Sabah ola bilər yenidən qəbul edəcəklər.

Vəkilliyimi davam etdirəcəm

– Amma siz qərardan məhkəməyə müraciət etmirsiniz?
– Hazırkı qanunvericiliyə görə, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin bir hüququ da var ki, dərhal mənim vəkillik fəaliyyətim dayandırılsın. Buna nə ehtiyac var? Mən hansı cinayətlər törədə bilərəm? Bəs yaxşı, mənim təsisçisi olduğum vəkil bürosunun fəaliyyəti niyə dayandırılır? Bu tam anlaqsız addımdır. Bunlar bir dəfə məni vəkillikdən qovub, çörəklə sınağa çəkmək istədilər. Alınmadı. Indi qanunvericilikdə nümayəndəlik institutu var. Onu ləğv etmək mümkün deyil. Bu institutu ləğv etmək üçün bütün mülki münasibətlər pozulmalıdır. Bu isə edilə bilməz. Mən həmin nümayəndəlik institutu ilə vəkilliyimi davam etdirəcəm və mülki işlərə çıxacam.

– Cinayət işlərinə çıxa bilməyəcəksiniz?
– Xeyr. Amma mən onsuz da cinayət işlərinə çox çıxmırdım.

– Siz eyni zamanda Zaur Qurbanlının vəkilisiniz və bu iş də cinayət işidir?
– Bu iş üzrə vəkilliyimi davam etdirəcəm. Buna qanun imkan verir. Kollegiya məhkəməyə müraciət edib, mənim vəkillik fəaliyyətimə xitam verənədək Zaur Qurbanlı və bir neçə bu tip işi davam etdirəcəm.

– Vəkilliyinizə xitam verilməsi Elşad Abdullayevin yaydığı videolarla bağlı çıxışlarınızla əlaqəli ola bilərmi?
– Burada iki hal var. Birincisi, Zülfüqarlı qardaşlarının işidir. Ona görə Zülfüqarlı qardaşlarının zavodlarının əlindən alınmasının başında birbaşa Ramiz Mehdiyev və Bəylər Əyyubovun durduğunu dəfələrlə demişəm. Ikincisi, Elşad Abdullayevin işində cinayətkarların cəzalandırılmasını istəmişəm. Bəli, Gülər Əhmədova suçludur. Amma kişi olsunlar, qadını həbs edib özləri kənarda durmasınlar. Ona görə Gülər Əhmədova sadəcə pul daşıyan olub. Bu işin başında başqaları dayanıb. Amma fərqli məqamlar da var. Bunu ən yaxşı Sirus Təbrizli deyib ki, Azərbaycanda hamını gözükölgəli etmək istəyirlər. Bunlar elə düşündülər ki, mənim prezidentlə görüşümdən sonra dilim gödək olacaq. Mənim bu ölkədə nə prezident, nə də Prezident Administrasiyası rəhbərindən, nə qorxacağım, umacağım var. Mən öz şəxsiyyətimi, mənliyimi hər şeydən üstün tutmuşam. Mənim qorxduğum yalnız özüməm. Sizə səmimi deyim, mənim həyatım çox ağır olub. Amma şükür Allaha, ən çətin dövr geridə qalıb. Mən gözəl balalar böyütmüşəm. Azərbaycana üç savadlı, əxlaqlı vətəndaş vermişəm. Ehtiyacım olanda məni sındıra bilməyiblərsə, 55 yaşından sonra məni sındırmaq, kiməsə qul etmək olar? Bir ifadə var. Qırx il qul olmaqdansa, bir gün azad insan olmaq yaxşıdır. Mən bir dəqiqəlik azadlığımı, yüz illik qulluğa dəyişmərəm. Mən azad insanam. Bu hakimiyyətin atdığı addım təsadüfi deyil. Söhbət təkcə Aslan Ismayılovdan getmir. Hazırda haqq-ədaləti istəyən, bu cəmiyyətdə azad yaşamaq arzusunda olan, kölə, oğru olmaq istəməyən yeni gənc nəsil böyüyür. Bu gənclik institutunu bunlar sındırmaq istəyirlər, həbsə atırlar. Bunların gözünü qorxutmaq üçün də ələrinə dolaşan bir Aslan Ismayılov var. Ona görə onu cəzalandırmağa çalışırlar. Amma bu alınmır. Bütün gəncliyə müraciət edirəm. Bura bizim vətənimizdir. Mənim ölkədən getmək fikrim yoxdur. Biz azad olmalıyıq. Başqa yolumuz yoxdur. Vətənimizə sahib olmalıyıq. Qul, rüşvətxor məmur sinfindən əl çəkməliyik. Işimə baxılan iclasda məni parçalamaq istəyən vəkil kolleqalarımı gördüm. Nədən qorxursunuz? Siz axı vəkilsiz. Bir-birilə bəhsə girərək, məni alçatmağa çalışırdılar. Biz bu mühitdən azad olmalıyıq. Evimizə gedəndə, xanımımızın, balamızın üzünə rahat baxmalıyıq. Mən inanmıram ki, həmin iclasdan evə gedənlər rahat idilər. Onlar mənim gözümə baxa bilmirdilər. Orda oturanların hamısı bilir ki, Elnur Həsənovun qapısında düyməli qıfıl olub. Amma onlardan biri qalxıb bu həqiqəti demədi.

Hakimiyyətə yazığım gəlir

– Bəlkə bu addıma müəyyən səbəb olub? Bəlkə kimisə döymüsünüz?
– Mən bilsəm ki, hakimi döyməklə sistem düzələcək, 10-nu döyərəm. Sistem dəyişməlidir. Hakimi dəyişməklə iş bitmir. Sistemdə Azər Tağıyevin və ya Elnur Həsənovun yerinə başqa birini qoyursansa, heç nə dəyişməyəcək. Bu gün hakimiyyətdə olanlara yazığım gəlir. Onlar mənim kimiləri məhv edib, Azər Tağıyevi böyütməklə özlərinə təhlükə yaradırlar. Çünki Azər Tağıyev, Elnur Həsənov kimilərin intiqamı daha acı olur. Mən isə qisasçı deyiləm. Özünə hörmət edən, azad insan qisasçı olmur. Amma yaltaq insanlar qisasçı olur. Sanki ölkədə bütün mexanizm ikiüzlü, yaltaq insanlar böyütmək üçün işləyir. Istəyirəm ki, düşmənlərim də mərd olsun. Ən dəhşətlisi qorxaq, yaltaqla mübarizədir. Doqquz milyon azərbaycanlı dərk etməlidir ki, bu ölkə onlarındır və bu məmurlar onların qulu olmalıdır. Kasıbın hesabına bunlar harınlayıblar. Insanlar haqqını tələb etməlidirlər.

– Aslan Ismayılovun qələmi Şəkidə Marxal məsələsində Tehran Lətifovun vəkili olduğu gündən sındırılıb. Çünki Marxala Paşayevlər göz qoymuşdu və siz onlara mane olurdunuz (dinləyici sualı).
– Mən bu işlə də məşğul olmuşam. Bu işdə Lətifov adlı bir zəhmətkeş iş adamının yeri idi. Onu hakimiyyət təmsilçiləri aldılar. Bu gün kimlərsə hesab edir ki, onlar cəzasız qalacaq, yanılır. Həyat çox ədalətlidir. Uzun müddətdə həyat heç kimin haqqında ədalətsizliyə yol vermir. Biz yol ayrıcındayıq. Ölkə ya qanlı ərəb inqilabları yolu ilə getməlidir, ya da islahatlar həyata keçirilməlidir. Hakimiyyət dəyişikliyi mütləqdir. Amma hansı yol ilə olacaq? Əgər hakimiyyətdəkilər situasiyanı dərk edib, islahatlara gedəcəksə, normal dəyişiklik olacaq. Amma bu olmasa, qanlı Suriya, Liviya yolu olacaq ki, mən bunu istəməzdim.

– Hakimiyyət dəyişikliyə gedəcəkmi?
– Dünyada ən saf olan sudur. Su da bir qabda çox qalanda iylənir. Axı bu Ramiz Mehdiyev və Əli Həsənovlardan naftalin iyi gəlir. Gürcüstanda hakimiyyət idarəçiliyindəkilərin yaşı 35-dir. Bizdə isə 75.