Türkiyədən çıxan PKK Azərbaycanı ünvan seçə bilərmi?

«Bunun qarşısını almaq üçün Azərbaycanla Türkiyə arasında sıx dialoq olmalıdır»

Türkiyədən çıxan PKK silahlılılarının Iraqın şimalına sığındığı bildirilir. Hələlik proses yeni başladığından onun nə qədər çəkəcəyi bəlli deyil. Ehtimallara görə, Türkiyədə iki minə yaxın PKK-çı var və onların ölkədən çıxması bir neçə ay vaxt apara bilər.
Indi ən çox maraq doğuran məqamlardan biri geriçəkilmə prsesinin Azərbaycana mümkün təsirləri ilə bağlıdır. Belə ki, PKK tərəfdarlarının bir hissəsinin Azərbaycana da sığınıb-sığınmayacağı ilə bağlı ciddi şübhələr var.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, analitik Elxan Şahinoğlu əvvəlcə onu bildirdi ki, PKK problemini həll etməsi Türkiyəyə bir çox baxımdan xeyirlidir: “PKK terroru 30 il idi Türkiyəyə zərər vururdu. Türkiyə daxili enerjisini bu problemə yönəltməyə məcbur idi. Bu illər ərzində problemin həllinə 300-400 milyard dollar pul xərclənib. Xeyli insan qətlə yetirilib. Bu problemdən Türkiyəyə təzyiq üçün də istifadə olunurdu. Bəzi dövlətlər PKK-nın əli ilə Türkiyəyə əlavə problemlər yaradırdılar. Bu mənada PKK məsələsini həll etməklə Türkiyə bu təzyiqləri də azaltmış, neytrallaşdırmış olur. PKK probleminin həlli Irandakı bəzi qüvvələri xeyli qıcıqlandırıb. Gələn xəbərlərə görə, Iranın bəzi kəşfiyyat rəhbərləri PKK ilə danışıqlara gedərək silahları yerə qoymamağa, Türkiyəyə qarşı savaşı davam etdirməyə çağırıb. Bunun müqabilində onlara silah və maliyyə yardımı da vəd ediblər. Indi PKK geri çəkilir və qarşıda onun silahları yerə qoyub sivil həyata qayıtması məsələsi var”.
A.Şahinoğlunun sözlərinə görə, bütün PKK-çıların təslim olacağını iddia etmək məntiqli olmaz. Bu halda ortaya onların hara sığınacağı ilə bağlı suallar çıxır: “Yəqin ki, bir hissəsi Şimali Iraqda qalacaq. Bəziləri Suriyaya qayıda bilər. Çünki Suriyada da radikal kürdlər var. Iranlılar  Irana qayıda bilər. Bu mənada Azərbaycan üçün də təhlükə ola bilər. Zaman-zaman xəbərlər gəlirdi ki, PKK-nın Azərbaycanda da dayaqları, təsir dairləri var. Onlarla təmas qurub bir qrupu Azərbaycana gələ bilər. Bunun da qarşısını almaq üçün Azərbaycanla Türkiyə arasında sıx dialoqa ehtiyac var”.

Gültəkin