Media rəhbərlərindən Abutalıbova cavab

«Jurnalistlərin öldürüldüyü, həbs edildiyi, işgəncəyə məruz qaldığı ölkədə vəzifəli şəxs başqa necə danışa bilər?»

Azərbaycan məmurlarının bir çoxu özlərini media qarşısında aparmağı bacarmırlar. Vaxtaşırı nazirlər, komitə sədrləri və digər məmurların jurnalistlərə qarşı kobudluğunun, təhqiramiz ifadələr səsləndirməsinin şahidi oluruq. Indi də Bakı şəhər Icra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov jurnalistləri təhqir edib. Abutalıbov ondan açıqlama almaq istəyən “Azadlıq” radiosunun müxbirinin sualına belə cavab verib: “Gedin işinizin dalınca. Mən jurnalist görəndə elə bilirəm ki, qəbirdə ölü görürəm”.
Bakı merinin dövlət məmuruna yaraşmayan hərəkətinə həm hökumətyönlü, həm də müxalifət qəzetlərinin rəhbərlərinin münasibətini öyrənmək üçün onlara müraciət etdik.

“Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov Abutalıbova cavab vermək istəmədi: “Kim nə söz deyirsə, mən onu şərh edəsi deyiləm ki… Bu boyda vəzifə sahibidir, insandır. Nə bilim hansı halda, hansı məqamda belə söz deyib. O yaşda, o təcrübədə olan insanın dediklərinə nə şərh verim?”

Mətbuat Şurasının sədri Əflatun Amaşov isə istisna eləmir ki, Hacıbala Abutalıbov bu fikri qorxduğundan səsləndirə bilər: “Bəlkə qorxduğunu, bəlkə jurnalistlərin halına acıdığını demək istəyib. Ümumiyyətlə isə yerində işlədilməyən fikirdir. Fikirlə razılaşa bilmərəm. Özünə hörmət edən îjurnalist bu fikirlə razılaşa bilməz. Çox təəssüf edirəm”.

“Azadlıq” qəzeti baş redaktorunun birinci müavini Rahim Hacıyev deyir ki, Bakı şəhər Icra hakimiyyəti başçısının bu fikirləri hakimiyyətin jurnalistlərə olan münasibətini ifadə edir: “Müstəqil jurnalistlərin öldürüldüyü, həbs edildiyi, oğurlanaraq işgəncə verildiyi, daima ağır şəraitdə fəaliyyət göstərdiyi ölkədə vəzifəli şəxs başqa necə danışa bilər? Hakimiyyət qanunlara hörmət etsəydi, vətəndaşlara xidməti özünə borc bilsəydi, jurnalistlərə peşə fəaliyyətini həyata keçirməyə normal şərait yaratsaydı, Hacıbala Abutalıbov belə danışmazdı”.

Ramin DEKO