Davudoğlu həmkarını xilas edərkən ayağını əzdi
Ankarada səfərdə olan Burkina Fasonun xarici işlər naziri Djibrill Yipene Bassole Türkiyəli həmkarı Əhməd Davudoğlu ilə birgə keçirdikləri mətbuat konfransında bayılaraq yıxılıb.
Qonağın köməyinə mühafizəçilərdən əvvəl Davudoğlu yetişib. O, Bassolenin qolundan tutaraq yerə çırpılmasına əngəl olub. Daha sonra qonağı Davudoğlunun da köməyi ilə qaldıraraq bir müddət konfrans zalında özünə gətiriblər. Ardınca isə onu xəstəxanaya aparıblar. Davudoğlu da qonaqla birlikdə xəstəxanaya gedib.
Bassolenin halının pisləşməsi ilə bağlı hər hansı rəsmi açıqlama yayılmayıb. Lakin XİN rəsmiləri bildiriblər ki, Bassole boğaz ağrısından əziyyət çəkir və mətbuat konfransından bir neçə saat əvvəl antibiotik qəbul edib.
Anadolu agentliyi də Bassolenin gribal infeksion xəstəliyindən dolayı dərman qəbul etdiyi, yorğunluqdan bayıldığını xəbər verib.
Davudoğlunun da həmkarına kömək edərkən ayağını tribunaya vuraraq zədələdiyi, amma ciddi xəsarət almadığı da bildirilir.


