İraq hökumətindən gözlənilməz PKK qərarı

“Türkiyədən çıxan PKK-çıların İraq torpaqlarına girməsini qəbul etmirik”

İraq hökuməti Türkiyədən çıxan PKK silahlılarının bu ölkə ərazisinə girməsinə etiraz edir. Bu barədə İraq Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.
Nazirlik bildirir ki, ölkədəki təhlükəsizlik və sabitliyin pozula biləcəyi səbəbilə Türkiyədən çəkilən PKK-çıların İraq torpaqlarına girməsi mümkün deyil.

“İraq hökuməti Türkiyədəki kürd probleminin siyasi və sülh yolu ilə həlli istiqamətində səyləri təqdirlə qarşılayır. Bununla belə, İraqın suverenliyi, ictimai təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi və başqa ölkələrin daxili işlərinə qarışmamaq prinsiplərinə istinadla İraq hökuməti PKK-çıların İraq torpaqlarına girməsini qəbul etmir”, – deyə XİN-in bəyanatında qeyd olunur.

Sənəddə həmçinin deyilir ki, silahlı qrupların İraqa girməsi bölgə ölkələrinin də təhlükəsizlik və sabitliyinə təhdid yaradacaq. İraq hökuməti mövqeyinin beynəlxalq hüquq prinsiplərinə və ölkə konstitusiyasına söykəndiyini vurğulayıb.