Salehi Suriyaya gedib Əsədlə görüşdü

Suriya prezidenti Bəşər Əsəd gözlənilmədən ölkəyə səfər edən İranın xarici işlər naziri Əli Əkbər Salehi ilə görüşüb. Suriya dövlət televiziyasında ikitərəfli və nümayəndələrarası görüşün kadrları yayımlanıb. Telekanalın məlumatına görə, tərəflər regionda təhlükəsizlik məsələlərini və İsrailin Suriyaya aviazərbələrindən doğan təhlükəni müzakirə ediblər.

İranın xarici işlər naziri ölkəsinin İsrailin Suriyaya aviazərbələrini kəskin şəkildə pislədiyini və İsrailin regionda təhlükəsizliyi pozan hərəkətlərinə qarşı Suriyanın yanında olduğunu bildirib.

Bəşər Əsəd isə İsrailin son aviazərbələrini onun işğalçı təbiətini aşkara çıxardığını, İsraili dəstəkləyən region və Qərb dövlətlərinin Suriyadakı vəziyyəti daha da mürəkkəbləşdirdiyini bildirib. Suriya prezidentinin sözlərinə görə, hər gün terrorçu qruplaşmalarla mübarizə aparan Suriya xalqı İsrail tərəfindən Suriyaya terror müdaxiləsini də dəf etməyə qadirdir (ans press).