İranda tutulan alimin övladları və iş yoldaşları «Azadlıq»a danışdılar
«Xalidə Xalid heç zaman casusluq edə bilməz, o, kiminsə öyrədəcəyi şəxs deyil»
Azərbaycan Iranda həbs edilmiş Milli Elmlər Akademiyasının Ədəbiyyat Institutunun Xarici ölkələr ədəbiyyatı və xarici ədəbi əlaqələr şöbəsinin elmi işçisi Xalidə Xalid və sürücüsü Şamxal Hüseynov haqqında hələ də rəsmi bildiriş almayıb. Qeyd edək ki, aprelin 30-da gecə saatlarında azərbaycanlı fəal Məhəmməd (Oxtay) Rəşidinin ata evinə basqın edən Iran Informasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları daha üç nəfəri həbs ediblər. Onlar Aşıq Isaq Qaraxanlı (yazıçı), Əmir Hadiyan (Təbriz Azad Universitetinin tələbəsi) və Fərhadidir(yazıçı). Hazırda onların harada saxlanması barədə məlumat verilmir.
“Xalidə xanım bundan əvvəl də neçə dəfə Təbrizdə, Ərdəbildə olub”
Xalidə Xalid (Ismayılova) 1965-ci ildə Lənkəran şəhərində anadan olub. Nizami adına Ədəbiyyat Institutunun elmi işçisidir. Mayın 4-də Iranın ISNA agentliyi bildirib ki, Azərbaycan vətəndaşları Irana turist qismində səfər ediblər və onlar qeyri-qanuni işlər görməkdə, əlaqələr qurmaqda təqsirləndirilirlər.

Ötən gün Nizami adına Ədəbiyyat Institutuna gedib Xalidə Xalidin iş otağına baş çəkdik. Akademiyanın 8-ci mərtəbəsində yerləşən institutun əskər işçiləri getmişdilər. Bizi qarşılayan Xalidə Xalidin elmi rəhbəri, professor Vaqif Arzumanlı dissertantından heç vaxt narazı qalmadığını deyir. Onun Iranda hansısa casusluq fəaliyyəti ilə məşğul olması xəbərini isə, ümumiyyətlə, yaxına buraxmır. Şöbə müdirinin fikrincə, Iran tərəfinin ittihamı tamamilə əsassızdır: “Xalidə Xalid heç vaxt belə bir fəaliyyətlə məşğul ola biməz. O, kiminsə öyrədəcəyi şəxs deyil. Xalidə xanım on ilə yaxındır Şəhriyarın yaradıcılığı ilə maraqlanır, eyni zamanda ”Məhəmmədhüseyn Şəhriyar və türk xalqları ədəbiyyatı” mövzusunda namizədlik dissertasiyası üzərində işləyir. Şəhriyarla bağlı nəinki Azərbaycanda, Türkiyədə, Kiprdə məqalələri, kitabları çap olunub. Irana getməzdən öncə mənə Şəhriyar haqqında Iranda, Türkiyədə çap olunan 550 material göstərdi. Aprelin 26-da dedi ki, Lənkərana getmək istəyir. Iran uzaq xaric ölkə deyil, sərhəd açıqdır. Istənilən vaxt gedib-gəlmək mümkündür. Bu mənada mən burada bir qəbahət, qanun pozuntusu görmürəm. Bundan əvvəl də neçə dəfə Təbrizdə, Ərdəbildə olub. Orda kitabxanalarda, ayrı-ayrı yaradıcı insanlarda olan materialları əldə etmək üçün çalışıb. Mənə elə gəlir ki, onun Təbrizə budəfəki səfəri də məhz bununla bağlıdır. Ancaq gedəndə akademiya ona ezamiyyət verməmişdi. Çünki buna ehtiyac yox idi. Təbrizə tez-tez gedirdi”.

Vaqif Arzumanlının sözlərinə görə, Xalidə Xalid şənbə-bazar günləri Lənkərana gedəcəyini deyibmiş.
“Onun haqqında yayılan məlumatların heç bir əsası yoxdur”
“Xalidə xanım həmişə türkçü mövqeyindən çıxış edib. O ziyalıdır, uzun müddət jurnalist işləyib. Lənkəran Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri olub, yeddi il ”Respublika” qəzetində, bir neçə il “Azərbaycan Ordusu” qəzetində müxbir işləyib. Indi də qəzetlərdə elmi məqalələrlə çıxış edir. Ziyalı və fəal bir qadındı. Azərbaycanla bağlı hadisələrə çevik reaksiya verən adamdır. Sizə kiçik bir misal deyim. Ramil Səfərovun azad olub, vətənə qayıdacağı təqdirdə qurban kəsəcəyini demişdi. Tez-tez deyirdi ki, o azadlığa çıxacaq. Buna inanırdı. Ramil vətənə dönən kimi qurban kəsdi. Bundan başqa, Məhəmmədhüseyn Şəhriyarı kimsə tədqiq edirdisə, onun izinə düşürdü”, – Vaqif Arzumanlı deyir.
Şöbə müdiri axtarışlarının, müşahidələrinin nəticəsində öyrənib ki, Iranda həbs olunan şəxs azadlığa buraxıldıqdan sonra xarici ölkə vətəndaşı ilə ünsiyyəti qanunsuz hal sayılır: “Bəlkə o fəallardan biri ya həbs olunub, ya şübhəli şəxs qismində izlənilirmiş ki, Xalidə xanım da bundan xəbərsiz halda onunla görüşəndə saxlanılıb. Bu insanı az-çox tanıdığım üçün casusluq adı altında heç bir kəşfiyyata xidmət edəcəyinə inanmıram. Xalidə xanım türkçüdür, vətəni sevməkdi, Şəhriyarı sevməkdi, Şəhriyarın irsini araşdırmaqdı. O, Güney, Quzey Azərbaycan üçün özünü qurban verəsi xanımlardan biridir”.
Xalidə Xalid Güney Azərbaycanla bağlı tez-tez çıxışlar edirmiş: “Bu günlərdə eşitdim ki, təxminən bir ay öncə GünAztv-də Şəhriyar yaradıcılığına həsr olunmuş verilişdə turançılıq, Azərbaycanın birləşməsiylə bağlı fikirlər səsləndirib. Bu məsələdə kiçik bir şey deyil”.
Vaqif Arzumanlı Xalidə Xalidin sürücüsünün Şamxal Hüseynovun mayın 2-də evinə zəng etdiyini deyir: “Məndə olan məlumata görə, Şamxal ailəsiylə danışıb. Deyib ki, narahat olmayın, mən bir neçə gündən sonra gələcəyəm. Ancaq sürücü bunları özü haqqında deyib”.
“Anamı ittiham etməkləri absurddur”
Xalidə Xalidin iş yoldaşı, şöbənin əməkdaşı Iradə Yusifovanın onunla tanışlığının böyük tarixçəsi olmasa da qısa müddətdə yaxşı tərəfdən tanıdığını deyir: “Çalışqan, mehriban, dünyagörüşü geniş olan bir insandı. Həmişə öz işiylə məşğul olurdu. Daim araşdırma aparırdı. Onun haqqında yayılan məlumatların heç bir əsası yoxdur. Belə bir şey ola bilməz. Inanmıram ki, dövlətçilik əleyhinə, nəsə bir şey olsun. Çünki vətənini, dövlətini sevən adamdır”.

Xalidə Xalidin qızı Ləman Məmmədli “Azadlıq”a açıqlamasında anası saxlanılandan bəri ondan xəbər ala bilmədiklərini deyir: “Bu ittiham Iranın böhtanı ola bilər. Anamı ittiham etməkləri absurddur. Artıq neçə gündür ondan xəbərsizik. Aydın deyil ki, Iran anamı niyə tutub. Biz əlimizdən gələni edəcəyik ki, ittihamı puça çıxaraq. Iran tərəfdən heç kimlə danışa bilmirik. Azərbaycanın oradakı konsulluğu ilə əlaqə saxlayırıq. Heç olmasa, anamın harada saxlandığını öyrənək”.
Xalidə Xalidin oğlu Xalid Məmmədlinin isə bizimlə söhbətində bildirdi ki, anası Irana keçəndən sonra, yəni aprelin 30-da onlarla əlaqə saxlayıb: “Aprelin 30-da səhər mənə zəng elədi. Dedi ki, narahat olma, hər şey yaxşıdır. Təbrizdəyik, qayıdırıq. Axşam zəng etdim, telefonu bağlı idi. Sonuncu danışığımız bu olub. Indiyə qədər də heç bir məlumat ala bilməmişik”.
Xalidə Xalidin iki övladı var. Onlar ölkə başçısına müraciət edərək, analarının Irana elmi iş üçün getdiyini, siyasi təxribatın qurbanına çevrilməsindən narahat olduqlarını deyiblər.

***
Xalidə Xalidin iş otağına da baş çəkirik. Onun Məhəmmədhüseyn Şəhriyar haqqında yazdığı kitablar, araşdırmalar, məqalələr səliqə ilə bir rəfə yığılıb. Bizim gördüklərimiz onun araşdırmasının bir hissədir. Bunlardan qat-qat çoxu evindədir.
Ramin DEKO



