Elxan Şahinoğlu: «Görünür, İlham Əliyev Mehdiyevin Irana səfərinin tamamilə fiaskoya uğradığını anlayıb»
Xarici işlər naziri Elmar Məmmədyarovun Israilə səfərindən sonra bir çox ekspertlər Azərbaycan hakimiyyətinin seçki ərəfəsində bu ölkədən dəstək almağa çalışdığı fikrini önə çəkirdi. Lakin Israil prezidenti Şimon Peresin səfər çərçivəsində səsləndirdiyi bəzi fikirlər nəinki rəsmi Bakıya yardım etmədi, əksinə, Türkiyə və Iranla münasibətlərin daha da gərginləşməsinə səbəb ola bilərdi.
Israil prezidenti “Türkiyə ilə münasibətlərimizin ən kritik vaxtlarında Azərbaycanla əlaqələrimiz yüksək səviyyədə inkişaf edirdi” və “Azərbaycan Iranın Yaxın Şərqdə genişlənməsi yolunda bir maneədir” kimi fikirləri iki qonşu ölkə ilə münasibətlərə kölgə sala bilər. Məmmədyarovun Israil səfərindən dərhal sonra prezident Administrasiyası rəhbəri Ramiz Mehdiyevin Irana getməsi Tel-Əvivlə münasibətlərin Iranla əlaqələrə mənfi təsir etməyəcəyini göstərməyə hesablanmışdı. Lakin PA rəsmisinin Tehranda Qərb əleyhinə səsləndirdiyi fikirlərin Iran tərəfindən açıqlanması, həmin ərəfədə iki azərbaycanlı alimin bu ölkədə həbsi rəsmi Bakının bu cəhdlərinin də nəticəsiz qldığını göstərdi.
Bu günlərdə ölkə başçısı Bakıda səfərdə olan Israilin keçmiş baş naziri Ehud Barakı qəbul edib. Israilin nüfuzlu siyasi xadimlərindən olan E.Barakın Əliyevlə məhz indiki dönəmdə görüşməsi təsadüfi sayılmır. Görünür, Irandan gözlədiyi dəstəyi ala bilməyən rəsmi Bakı yenidən Israil və nüfuzlu yəhudi lobbisi vasitəsilə Qərbdən gələn təpkiləri azaltmağa cəhd edir.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu XIN başçısının Israilə səfəri zamanı məhz yəhudi lobbisinin Amerikaya təsirinə çalışdığını deyir. Eyni zamanda bu ölkədə danışıqlar zamanı Azərbaycana şimal və cənubdan təhlükənin gəldiyi vurğulanıb. Lakin bu səfərdən dərhal sonra Mehdiyevin Irana getməsi göstərdi ki, rəsmi Bakı Tehranın problem yarada biləcəyindən ehtiyat edir. Bu səbəbdən də Iranı sakitləşdirməyə cəhd edir. Ancaq Mehdiyevin səfəri əks-effekt verdi və iki alim həbs olunub. Nəticədə Azərbaycan Irana nota vermək məcburiyyətində qaldı.
Ekspertin sözlərinə görə, Israilin tanınmış siyasi xadimi olan Ehud Barakın Əliyevlə görüşü təsadüfi deyil. Görünür, Ilham Əliyev Mehdiyevin Irana səfərinin tamamilə fiaskoya uğradığını anlayıb: “Əliyev Mehdiyevin Irandakı açıqlamalarından razı qala bilməz. Bu səfərin əks nəticə verdiyi də göz qabağındadır. Ehud Barakla görüş Irana ismarıcdır ki, Israillə əməkdaşlıq bundan sonra da davam edəcək”
Fizzə


