Misir Mərdanov yeni təhsil nazirindən danışdı

Sabiq təhsil naziri, Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun direktoru, professor Misir Mərdanov mayın 6-da jurnalistlərə açıqlama verib. O deyib: “Cənab prezident mənə yeni vəzifə həvalə edib. Bunu özümə çox böyük etimad sayıram və etimadı doğrultmağa çalışacağam”.

Təhsil naziri vəzifəsindən çıxarılmaq qərarını necə qarşıladığına gəlincə, Misir Mərdanov deyib: “Bu qərarı çox müsbət qarşıladım. Mən beş il prezident Heydər Əliyevin dövründə, on il prezident İlham Əliyevin dövründə təhsil naziri postunu tutmuşam. İndi cənab prezident 67 yaşlı bir professora yeni vəzifə tapşırıb. Hazırda Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda işçilərlə və problemlərlə tanış oluram. Planlarım barədə danışmaq hələ tezdir”.

Misir Mərdanov yeni təhsil naziri Mikayıl Cabbarovdan da danışıb: “Onu ilk təbrik edənlərdən biri mən olmuşam. Hamımız ona kömək etməliyik. Çünki təhsil yalnız bir idarənin işi deyil, milli məsələdir”.

Sabiq nazir Yeni Azərbaycan Partiyasında siyasi fəaliyyətini davam etdirəcəyini də vurğulayıb.

Aprelin 19-da prezident İlham Əliyev Misir Mərdanovun təhsil naziri vəzifəsindən azad edilməsi haqda sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamları ilə Mikayıl Cabbarov “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi vəzifəsindən azad olunaraq təhsil naziri təyin edilib.