“Hakimiyyət indi daha çox qorxur”

AXCP sədri partiyanın rayonlardakı toplantılarına basqınlara münasibət bildirdi

AXCP sədri Əli Kərimli partiyanın rayonlarda keçirilən toplantılarını hakimiyyətin zorakılıqla dağıtması faktlarına münasibət bildirib. AXCP sədri bu barədə özünün Facebook səhifəsində yazıb:
Şəkidə partiya müşavirəmizi dağıtdılar, Ağstafa cəbhəçiləri isə Gürcüstanda müşavirə keçirdilər.
Dünən AXCP Ağstafa şöbəsi öz müşavirəsini qonşu Gürcüstanda keçirib. İclas etmək üçün başqa çarələri qalmayıb. Pasportu olan cəbhəçilər məcbur olub sərhəddi keçib, qonşu ölkənin ərazisində partiya iclaslarını keçiriblər. Bir neçə aydır ki, Ağstafa cəbhəçiləri rayon ərazisində iclas keçirmək istəyirdilər. Lakin polis dövlətinin güc strukturları onların hətta ucqar kəndlərdə, cəbhəçilərin öz evlərində də toplanmasına imkan vermirdilər.

İnsafən, əvvəlki illərdə belə hadisələr olmurdu. İclas, müşavirə keçirməyə yer ayırmasalar da, evlərdə keçirilən toplantılara da müdaxilə etmirdilər. Bu “yeni siyasət” bu ilin aprelin 20-dən başlanıb. Məhz həmin gün Qazax rayonunda müşavirəmiz yüksək səviyyədə keçdikdən sonra bütün ölkə boyu partiyamızın hətta AXCP üzvlərinin evində keçirilən tədbirlərini də polis gücünə dağıdırlar. Həmin vaxt Ağstafa şöbəsinin müşavirəsinin qarşısını almaq üçün 40 nəfərə qədər polis rayona ezam olunmuş partiya rəhbərliyinin nümayəndələrini gecə saat 12-də rayondan zorla departasiya etmişdilər.
Sonra cəbhəçilərin Sabirabad rayonunda partiya üzvümüzün evində keçirilən müşavirəsini də 100-ə qədər polisin müdaxiləsi ilə zorakılıqla dağıtdılar. Dünən cəbhəçilər Şəkidə də müşavirə keçirmək istədilər. Yenə də tədbirin keçirildiyi evə polis basqını ilə müşavirəni dağıtdılar.

Bu hadisələrdən çıxan nəticələr:

1. Real müxalifət olduqca ağır şərtlər altında fəaliyyət göstərir. Cəbhəçilər isə bu vəziyyətlə barışmayıb, vəziyyəti dəyişmək üçün bütün ölkə boyu mübarizə aparırlar.
2. Hakimiyyət indi daha çox qorxur. Əvvəllər təhlükəli saymadığı kütləvi toplantıları da indi özünə təhlükə kimi görür.
3. Seçkilərə 5 ay qalmış hökumət belə addımlar atırsa, heç bir demokratik seçkidən söhbət gedə bilməz. Bu seçkini də saxtalaşdırmağa hazırlaşırlar.
4. Tezliklə müxalifətin böyük birliyini yaradıb, xalqımızın ciddi dəstəyilə ölkədə vəziyyəti dəyişə bilməsək, seçkilərdə iştirakın mənası qalmayacaq. Hamı gücü çatan qədər Demokratik Qüvvələrin Milli Şurasının yaranmasına dəstək verməlidir. Milli Şura isə seçkilərə vahid namizədlə, vahid güc kimi qatılmalıdır.