«Qarabağ əlili müalicəsi üçün pul dilənir, bunlar isə milyonlar hesabına Gül bayramı keçirirlər»
Gözəl Bayramlı: «Dövlət başçısı 10 ildə bacarmadığını bundan sonra necə həll edəcək»
Hakimiyyət seçki ərəfəsində belə sərbəst toplaşmaq azadlığını təmin etməkdə maraqlı görünmür. Son zamanlar müxalifətin əyalətlərdə keçirməyə çalışdığı tədbirlərin yerli hakimiyyət orqanlarının zorakılığı ilə dağıdılması da bunu sübut edir. Amma buna baxmayaraq, müxalifət partiyaları, xüsusilə, AXCP əyalətlərdə görüşlərini davam etdirir. Müsahibimiz AXCP sədrinin müavini Gözəl Bayramlıya ilk sualımız da əyalətlərdə ölkədə baş verən proseslərə münasibətin necə olmasıyla bağlı oldu:
– Partiyamızın mərkəzi qərargahı olmadığı kimi əksər rayon təşkilatlarının da yerli qərargahları yoxdur. Toplantıların keçirilməsi üçün müvafiq rayon icra hakimiyyətlərinə müraciət olunur. Siyasi Partiyalar Haqqında Qanuna və Konstitusiyaya görə hakimiyyət siyasi partiyaların fəaliyyətinə məsuliyyət daşıyır. YAP-ın yerli rayon təşkilatlarına rayonun mərkəzində ofislər tikildiyi, hər cür şərait yaradıldığı kimi digər partiyalara da bu imkanlar təqdim edilməlidir. Lakin təəssüflər olsun ki, nə AXCP, nə də digər partiyalara bu imkanlar tanınmır. Rayon şöbələri vaxtaşırı tədbirlər keçirməlidirlər. Partiya rəhbərliyi olaraq rayonlarda keçirilən geniş müşavirələrə qatılırıq. Amma tədbir barədə xəbər alınan kimi ən yüksək səviyyələrdə rayon şöbə rəhbərliyinə təzyiqlərə başlanılır. Hətta polis idarəsinin rəisi müxalifətçiləri çağıraraq hədə- qorxu gəlir ki, toplantı keçirilməyəcək. Bütün bu addımlar qanunların kobud şəkildə pozulmasıdır. Amma bunlara baxmayaraq, təzyiqlər heç bir nəticə vermir. Çünki artıq əyalətlərdəki insanlar hakimiyyətin siyasətinin əsl mahiyyətini anlayır və ona qarşı açıq formada etirazlarını bildirirlər. Əslində müxalifətin tədbirinə nəyə görə imkan yaradılmadığını rayon ictimaiyyəti biləndən sonra hakimiyyətə nifrət daha da artır. Hakimiyyət gözəl bilir ki, əyalətlərdə böyük narazılıq var və əhali müxalifət təmsilçilərindən reallıqlarla bağlı açıqlamalar eşitmək istəyir.
Iqtidar da Azərbaycan həqiqətlərinin vətəndaşlarımıza çatdırılmasını istəmədiyi üçün siyasətini daha da sərtləşdirir. Amma cəbhəçilər təqiblərdən, təzyiqlərdən heç zaman qorxmayıblar və demokratiya uğrunda mübarizəmiz bundan sonra da davam edəcək.
İlham Əliyevin yalanları
– Ilham Əliyev bu günlərdə maraqlı bəyanatla çıxış etdi. O, bildirdi ki, 2018-ci ilə ölkədə heç bir sosial-iqtisadi problem olmayacaq. Hakimiyyətlər bir qayda olaraq iqtidarlarının ilk illərində qarşılarına qoyduqları vəzifələri icra etməyə çalışırlar. Atasının dövrünü saymasaq belə, Ilham Əliyevin özü on ildir iqtidardadır. Bu müddət verilən vədlərin reallaşdırılması üçün kifayət idimi?
– Ilham Əliyev on ildir ki, Azərbaycana rəhbərlik edir. Elə ilk illərdən Azərbaycan xalqı şahid oldu ki, Ilham Əliyev verdiyi vədləri yerinə yetirmir. Əksinə, istər sosial, istərsə də iqtisadi sahədə ölkədə vəziyyət daha da pisləşdi. Azərbaycan hakimiyyəti bu həqiqətləri gözəl bilir. Ilham Əliyev belə bəyanatlar verməklə insanları yenidən öz yalançı vədlərinə inandırmağa çalışır. Amma Azərbaycan insanını artıq bu cür yalanlarla yola gətirmək olmaz. Belə görünür ki, Ilham Əliyev 2018-ci ildə hər şeyin yaxşı olacağını iddia etməklə bəyan etmək istəyib ki, bu müddətə qədər ölkənin qalan sərvətlərini də talan etmək niyyətindədirlər. Ilham Əliyev başqa nəyi nəzərdə tuta bilər? Hər ötən il vətəndaşlarımızın sosial durumu daha da pisləşib. Insanların bütün siyasi azadlıqları məhdudlaşdırılıb. On ildə olmayan bundan sonra necə ola bilər? Bu müddət ərzində normal ölkə qura bilməyən hakimiyyət bundan sonra nə edə bilər?
“Xalq saxtakarlığa imkan verməyəcək”
– Bir neçə aydan sonra Azərbaycan mühüm mərhələyə qədəm qoyacaq. Ölkədə prezident seçkiləri ilə bağlı təbliğat kampaniyası başlayacaq. Bu seçkiləri digərlərindən fərqli edən xeyli məqamlar var. Birinci, məqam sosial şəbəkələrin ölkənin ictimai-siyasi həyatına hazırkı təsiridir. Ikinci mühüm məqam hakimiyyətin beynəlxalq tərəfdaşlarını – Rusiya və Iranı itirməsidir. Bütün bu faktorlar nə vəd edir?
– Azərbaycan hakimiyyətinin də seçki öncəsi apardığı siyasət ondan xəbər verir ki, budəfəki seçkilər digərlərindən fərqlənir. Amma hakimiyyət addımları ilə onu da nümayiş etdirir ki, iqtidar saxtakarlıq niyyətlərindən əl çəkmək fikrində deyil. Yanvar ayından indiyə kimi 40-a yaxın siyasi məhbus saxlanılıb. Bura siyasi aktiv gənclər, Ismayıllı hadisələri ilə bağlı Tofiq Yaqublu və Ilqar Məmmədov, Ismayıllı, Binə olaylarında həbs olunanlar aiddir. Hakimiyyət sərbəst toplaşmaq azadlığını məhdudlaşdırmaq üçün qanunları daha da sərtləşdirir. Amma cəmiyyət bu dəfə saxta seçkini qəbul etməyəcək. Toplum hazırda çox həssasdır. Hakimiyyət cəmiyyətin aktivliyini aradan qaldırmaq üçün bütün addımlara əl atır. Sosial şəbəkələrlə bağlı tətbiq edilən qadağalar, mobil operatorların pulsuz “facebook” xidmətlərini də ləğv etməsi təsadüfi deyil. Hakimiyyət yenə seçkini saxtalaşdıraraq xalqın iradəsinə söykənməyən iqtidar formalaşdırmaq istəyir. Amma hakimiyyət bilməlidir ki, onun bu siyasəti bir nəticə verməyəcək. Çünki insanlar alternativ informasiya almaq imkanlarına malikdirlər. Internet artıq böyük informasiya resursudur. Azərbaycan iqtidarı dünyaya qarşı yol tutub. Amma bunun bir nəticəsi olmayacaq. Hakimiyyət qabaqcadan budəfəki saxtalaşdırmanın məsuliyyətini dərk etməlidir. Seçkidə iştirak edənlərə normal rəqabət imkanı yaradılmalıdır. AXCP səkkiz ildir qərargahsız fəaliyyət göstərir. Televiziyalar hakimiyyətin əlindədir. Müxalifət mətbuatına qarşı sərt təzyiqlər var. Bunu son zamanlar “Azadlıq” qəzetinə edilən basqılar da sübut edir. Hər vəchlə bu qəzeti susdurmağa çalışırlar. Çünki hakimiyyət bilir ki, ictimaiyyət məhz bu qəzet vasitəsilə ölkə reallıqları barədə informasiya alır.
Müxalifət birləşib vahid namizədlə çıxış etməlidir
– AXCP sədri tərəfdarları qarşısında çıxış edərək müxalifət liderlərini milli maraqlar naminə ambisiyalarından geri durmağa çağırdı. Əli Kərimli bildirdi ki, onlar da tərəfdarları qarşısında milli maraqları hər şeydən üstün tutduqlarını bəyan etməlidirlər. Oxşar münasibəti digər siyasi liderlərdən də görürsünüzmü?
– Əli bəyin bu çağırışı cəmiyyətdə müsbət qarşılanıb. Tanınmış ziyalı Rüstəm Ibrahimbəyovun “Azadlıq” qəzetinə son müsahibəsində də bunu görmək olar. Rüstəm bəy Əli Kərimlinin addımının bir nümunə olduğunu vurğulayaraq hər kəsin bu addımı atmasının vacib olduğunu söyləyib. Buna cəmiyyətin böyük ehtiyacı var. Biz elə bir seçki ərəfəsindəyik ki, burada xalqımızın taleyi həll olunur. Azərbaycan müxalifəti birləşib vahid namizədlə seçkiyə qatılmasa, qələbəmiz şübhə altına düşə bilər. Biz bilirik ki, xalq hakimiyyətdən narazıdır. Toplum müxalifətin birlik modelində seçkiyə getməsini istəyir. Əli Kərimlinin hələ bir il öncədən bütün fəaliyyətləri bu istiqamətdədir. Artıq Əli Kərimli bu mesajı cəmiyyətə, müxalifət liderlərinə verib. Başqa liderlərdən də mən bir Azərbaycan vətəndaşı olaraq bu addımı gözləyirəm. Digər müxalifət liderləri də oxşar mövqeyi ortaya qoymalıdır.
– Müxalifətin birliyində hansı təşkilatları, siyasi qüvvələri sizinlə birgə çiyin-çiyinə mübarizədə görmək istərdiniz?
– Istərdik ki, müxalifətin böyük birliyində Ictimai Palatadakı müttəfiqlərimiz, Ziyalılar Forumu, ReAL, “EL” Hərəkatı, digər müxalifət partiyaları, vətəndaş cəmiyyəti fəalları, ictimai xadimlər, gənclər hərəkatları, müstəqil mətbuat təmsil olunsun. Demokratiya uğrunda mübarizə aparan, normal seçkinin keçirilməsini istəyən bütün qüvvələr kimin-kimdən narazılığının olmasından asılı olmayaraq bir araya gəlməlidir. Artıq birləşməyin vaxtı çoxdan çatıb. Bu insanların bir arada olması müxalifətin seçkidəki qələbə şansını daha da artıra bilər.
Avtoritar idarəçilik uzun müddət davam edə bilməz
– Bu arada millət vəkili Rəbiyyət Aslanova maraqlı açıqlama ilə çıxış edib. O, bildirib ki, beynəlxalq təşkilatlar sanki dünyadakı digər ölkələri unudaraq Azərbaycanda baş verənlərə diqqətlərini yönəldiblər. Əslində bu, Azərbaycanın dünyanın diqqətinə gəlməsinin etirafıdır. Qərb bir qayda olaraq Azərbaycanda baş verənlərə adekvat reaksiya verməməkdə ittiham olunurdu. Amma ABŞ dövlət katibinin müavini Melianın son səfəri və səsləndirdiyi sərt bəyanatlar bu fikri alt-üst etdi. Bu istiqamətdəki son durumu necə qiymətləndirirsiniz?
– Rəbiyyət xanım bütün bu proseslərin fonunda həqiqətən bir etirafda bulunub. Azərbaycan hazırda bütün dünyanın gündəmindədir. Ölkədə baş verənlər maraqla izlənir. Demokratik dünya artıq hakimiyyətin insant haqlarına, azadlıqlarına qarşı olan təzyiqlərinə dözmək niyyətində deyil. Azərbaycanın dünyanın gündəminə gəlməsi təsadüfi də deyil. Melianı, Fülenin səfəri və verdikləri bəyanatlar dünyanın diqqətinin sübutudur. Azərbaycanda avtoritar idarəçilik uzun müddət davam edə bilməz. Digər Avropa strukturları da seçkilər yaxınlaşdıqca mesajlarını sərtləşdirəcəklər. Azərbaycanda demokratiyanı istəyənlər xalqın yanında olmalıdır. Əminəm ki, belə də olacaq.
– Azərbaycan hakimiyyətinin strateqləri Qərbin beyin mərkəzlərində olarkən açıq formada siyasi korrupsiya ilə məşğul olurlar. Azərbaycan təmsilçiləri tərəfindən verilən bəyanatlarda birmənalı vurğulanır ki, Azərbaycan hazırda Əfqanıstana hava məkanının təminində, Gürcüstanın blokadadan çıxarılmasında müstəsna rol oynayır və Qərb ölkəmizə təzyiq edərkən bu məqamları nəzərə almalıdır. Yəni bir sözlə, mesaj verirlər ki, buna görə demokratiya və insan haqları müzakirə predmeti olmamalıdır.
– Azərbaycan hakimiyyətinin beynəlxalq qurumlar qarşısında öhdəlikləri var. Bu öhdəliklər yerinə yetirilməlidir. Demokratik dünyanın Azərbaycandan bircə tələbi var. O da demokratik prinsiplərə əməl olunmasıdır. Amma hakimiyyət demokratiya tələblərinə daha çox müxalifət fəallarının həbs olunması ilə cavab verir. Bu fəaliyyəti və beyin mərkəzlərində Azərbaycanın önəmini cızmaqla hakimiyyət Qərbi şantaj etməyə çalışır.
– Hakimiyyət böyük israfçılığa getdiyi Gül Bayramı tədbirinin keçiriləcəyi yerdə yaşamı iflic edib. Budəfəki bayram əvvəlkilərdən daha artıq maliyyə hesabına başa gələcək. Amma elə mətbuat səhifələrindən biz imkansız ailələrin, Qarabağ əlilərinin necə yardım dilədiyini görürük. Bir-birinə zidd iki mənzərəni necə qiymətləndirirsiniz?
– Doğurdan da çox acınacaqlı bir vəziyyətdir. Qarabağ əlili yaşamını davam etdirmək üçün küçədə dilənir. Başqa bir Qarabağ əlili isə müalicəsi üçün pul istəyir. Amma Azərbaycan hakimiyyətinin bu israfçılığına söz tapa bilmirəm. Bütün bu israfçılığın səbəbi, milyonların göyə sovrulması isə Heydər Əliyevin 90 illiyi ilə bağlıdır.
Xəyal


