«Gileylənməklə tənqidlərin qarşısını ala bilməyəcəklər»
“Başqa ölkələri unudub ancaq Azərbaycanla məşğul olurlar”. Bu sözləri parlamentin Insan Hüquqları Komitəsinin sədri Rəbiyyət Aslanova mətbuata müsahibəsində deyib. R.Aslanova bunu Azərbaycanla bağlı səslənən tənqidi fikirləri və hesabatları şərh edərkən deyib.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlının sözlərinə görə, əslində R.Aslanova bu açıqlaması ilə Azərbaycandakı vəziyyətin kritik həddə olduğunu etiraf etmiş olub: “Beynəlxalq birlik uzun müddətdir ki, Azərbaycanda baş verən proseslərə adekvat reaksiyalar verməyə başlayıb. Konkret olaraq ”ərəb baharı”ndan sonrakı dövrdə Azərbaycandakı proseslərə obyektiv münasibət ifadə olunur. Demokratik azadlıqların boğulması, söz və mətbuat azadlığının vəziyyəti, korrupsiya və bu kimi məsələlərlə bağlı Azərbaycan hakimiyyətinin ünvanına tənqidlər səsləndirilir. Bu tənqidlər də hakimiyyət təmsilçilərini getdikcə daha çox aqressivləşdirir. Hakimiyyət təkcə xalqla deyil, bütövlükdə beynəlxalq aləmlə qarşıdurmaya gedir, əsəbləri dözmədiyi üçün də daha isterik açıqlamalar verir. Rəbiyyət Aslanovanın açıqlaması bu tənqidlərin miqyasının böyük olduğunu göstərir. Artıq bütün dünyanın onların üzərinə gəldiyini düşünürlər. Bu, səmimi bir etirafdır. Deməli, bunların apardığı siyasət Azərbaycanı dünyadan təcridə aparır. Yürütdükləri siyasət dünya tərəfindən qəbul edilmir”.
F.Qəhrəmanlının sözlərinə görə, mövcud siyasəti davam etdirmək və dünyanı ittiham etmək vəziyyətdən çıxış yolu deyil: “Çıxış yolu islahatlarla vəziyyəti dəyişməkdir. Amma çox təəssüf ki, Azərbaycan hakimiyyəti təfəkkür baxımından islahatlara hazır deyil. Bu siyasət davam etdikcə Azərbaycanın beynəlxalq səviyyədə imici daha da pisləşəcək. Seçki ərəfəsində Azərbaycan daha çox diqqət mərkəzinə gələcək. Bu o deməkdir ki, tənqidlər daha da artacaq. Tənqidlərin qarşısını almağın yolu isə onlardan narazılıq etməkdən, gileylənməkdən keçmir. Ölkədə demokratik seçki mühiti yaratmaq, insan hüquq və azadlıqlarını təmin etmək lazımdır”.
Gültəkin


